Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov rus diktatoru Vladimir Putinin yanında etibarını itirib.
Ovqat.com-un məlumatına görə, bu barədə məlumatı “The Moscow Times” nəşri yayıb.
Nəşrin iddiasına görə, Lavrov artıq Rusiyanın beynəlxalq səviyyəli əsas görüşlərində iştirak etmir. Səbəb isə ABŞ-la apardığı uğursuz danışıqlardır.
“76 yaşlı rusiyalı diplomat Vladimir Putinin 1990-cı ildə dayandırılmış nüvə sınaqlarının bərpasına hazırlıq barədə göstəriş verdiyi Rusiya Təhlükəsizlik Şurasının noyabrın 5-də keçirilən iclasında iştirak etməyib. Baxmayaraq ki, o, şuranın yeganə daimi üzvüdür.
Mənbənin bildirdiyinə görə, Lavrovun yoxluğu “əvvəlcədən razılaşdırılıb”, lakin bu, onun üçün bir sıra uğursuzluqlarla üst-üstə düşür. Qeyd edək ki, o, bu il Cənubi Afrikada keçirilən G20 sammitində Rusiya nümayəndə heyətinin rəhbəri vəzifəsini də itirib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin nümayəndə heyətinə rəhbərlik etmək üçün Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkini təyin olunub.
Nəşr bu addımı Putinin Lavrovdan narazı olması və onun kənara atılması kimi şərh edib.
Putinin özü Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına görə beynəlxalq sammitlərdən yayınmağa davam edəcək. O, eyni şəkildə 2022-ci ildə Balidə keçirilən G20 görüşlərini və 2025-ci ildə Lavrovun Rusiya nümayəndə heyətinə rəhbərlik etdiyi Braziliyada keçirilən BRİKS sammitini də buraxıb.
Oktyabrın 27-də Lavrov mətbuata açıqlamasında şikayətlənmişdi ki, Donald Trampın administrasiyası Rusiyanın Ukraynaya qarşı müharibəsinin həllinə yanaşmasını Alyaska sammiti zamanı tutduğu mövqe ilə müqayisədə “köklü” şəkildə dəyişib. Lavrov Ağ Evin indi ilk növbədə atəşkəsdə israr etməsindən məyus olduğunu bildirmiş və Tramp administrasiyasının Ukraynanın avropalı müttəfiqlərinin təzyiqi ilə mövqeyini dəyişdirdiyini iddia etmişdi.
Qeyd edək ki, oktyabrın 16-da Tramp Putinlə telefon danışığı aparmış, bundan sonra Budapeştdə yeni görüş planlarını açıqlamışdı. Di gəl ki, Trampla əldə olunan bu razılaşma Lavrovun ABŞ dövlət katibi Marko Rubio arasında baş tutan danışıqdan sonra pozulmuş, Budapeştdə planlaşdırılan görüş təxirə salınmışdı. ABŞ mediasının iddiasına görə, Rubio Lavrovla danışıqlarından sonra Rusiyanın barışmaz mövqe tutduğunu bildirmişdi. “Bloomberg”in fikrincə, Rubionun bu qiymətləndirməsi Trampın Lukoil və Rosneft kimi rus şirkətlərinə qarşı ilk sanksiyalarını tətbiq etmək qərarına da təsir göstərmişdi.
Qısası, Lavrovun danışıqlarda “inadkarlıq barıtını çox etməsi” Rusiyanı indiki ağır duruma salmış və bundan sonra nə olacağını müəyyənləşdirmək çətindir. Görünən budur ki, Lavrov Putinin növbəti “günah keçisi”nə çevrilmək təhlükəsi ilə üz-üzədir.
Qeyd edək ki, Lavrovun bu uzlaşmaz mövqeyi yeni hadisə deyil. 2004-cü ildən Rusiya XİN-ə rəhbərlik edən bu adam Qərb dövlətləri tərəfindən “Mister No” və ya “Mister Net” ləqəbi ilə tanınıb. Lavrovun bu ləqəbi apardığı danışıqlar zamanı tez-tez rus dilində yox mənasına gələn “net” sözündən istifadə etməsi və Kremlin siyasətini inadkar müdafiəsi səbəbindən qazandığı bildirilir.
Sözügedən ləqəb onun Qərbin təşəbbüslərini əngəlləməyə və qlobal səhnədə Rusiyanın maraqlarını müdafiə etməyə hazır olan sərt və barışmaz diplomat kimi reputasiyasını əks etdirir. Lavrovdan əvvəl isə eyni ləqəbi Sovet İttifaqının BMT-də veto hüququndan tez-tez istifadə etməklə məşhur olan və 15 fevral 1957-ci ildən 2 iyul 1985-ci ilə qədər SSRİ xarici işlər naziri vəzifəsində əyləşən Andrey Qromıko daşıyırdı. Görünür, 1957-ci ildən indiyədək Moskvanın yürütdüyü “Net” siyasəti Tramp kimi tərs liderin yanında keçmir. Belə anlaşılır ki, Rusiya öz mənfi imicini dəyişdirmək üçün Lavrovdan və onun “Mister No” ləqəbindən xilas olmağa çalışacaq. Amma onun kiminlə əvəz olunacağı da bilinmir. Zira Rusiya XİN-in Qromıkonun təməllərini atdığı “Net/No” diplomatiyasından vaz keçməsi o qədər də asan olmayacaq.
