CəmiyyətSiyasət

Bu, bir test standartıdır, özünüzü yoxlayın…

Əsir düşərgələrindən bir psixoloji detalı təsvir etmək istəyirəm. Düşərgədəki bütün əsirləri sındırmaq və istənilən şəkildə alçaltmaq, özlərinin əli ilə alçaltmaq praktiası var. Məsələn, İkinci dünya savaşı zamanı hər iki tərəfdə- həm alman, həm də rus əsir düşərgələrində belə praktika yayğın olub. Amma bir də təslim olmaq istəməyən, kütləvi alçaltma prosesinə qoşulmaq istəməyən «dikbaş», qürurlu əsirlər də olub. Belələrinə qarşı düşərgə rəhbərliyindən daha çox, əsirlərin özlərinin nifrəti olub. Onlar, yəni alçalmaqla bir təhər sağ qalmaq yolunu tutanlar (ki, bunlar əksəriyyət olur) alçalmaq istəməyənləri eqoizmdə ittiham ediblər, amma dərin psixoloji qatda bunun izahı belədir: «bəyəm sən məndən yaxşısan, niyə mən sınıram, amma sən sınmırsan»?…

Bu, koqnitiv dissonans sindromudur, psixoloji nəzəriyyə olaraq amerikan psixoloq Leon Festingerə aid edilir. Koqnitiv dissonansın əsir düşərgələrindən götürülmüş nümunələri çox maraqlıdır, nəyə görə bizim cəmiyyət üçün daha maraqlı olduğunu da deyəcəm.
Əsirlər özlərini sındıraraq sağ qalmağa çalışır: əməkdaşlıq edirlər, zorakılıqlara susurlar, başqalarını satmaq zorunda qalırlar. Amma onların içində bir daxili mənəvi norma qalır ki, “bu, düzgün deyil”. Bu zaman kognitiv dissonans yaranır: «Mən pis bir şey etdim» ilə «Mən pis insan deyiləm» fikirləri toqquşur. Bu dissonansı azaltmaq üçün, onlar «daha təmiz qalan» əsirləri hədəfə alır və onları eqoist, təhlükəli və ya düşərgəyə, düşərgə sakinlərinin ümumi rahatlığına qarşı çıxmaqda ittiham edirlər.

Bu prosesdə, daha çox, öz psixoloji rahatlığını qorumaq cəhdi var. Bunu elmi ədəbiyyatda «Victim shaming» – « qurbanın qınanması » da adlandırırlar. Özünü, öz psixoloji komfortunu qoruma instinkti ilə başqasını hədəfə almaq, həm öz vicdanını, həm də daxili qorxunu “sakitləşdirmək” üsuludur. “Əgər o alçalmırsa və mən alçalmışamsa, deməli mən zəifəm” rahatsızlığı yaranır. bunu qəbul etmək əvəzinə, həmin adamı “dəli”, “özünü göstərən”, “hamı üçün təhlükə yaradan” biri kimi damğalayırlar.

Avstriyalı nevroloq, psixiatr və Holokostdan salamat qurtara bilmiş Viktor Frankl «İnsanın məna axtarışı» (Man’s Search for Meaning) kitabında bu vəziyyəti çox dəqiq təsvir edir.
O yazır ki, bəzən düşərgələrdə «mənəvi dik duruş» göstərən əsirlərə qarşı əsirlərin özləri daha sərt olurdular. Çünki bu insanlar başqalarına onların nə qədər aşağılandığını güzgü kimi xatırladırdı.

Frankl qeyd edir: «Belə insanlar – əzab içində belə insan ləyaqətini qoruyanlar – az idi. Onlar əzabın mənasına fokuslanırdılar. Amma onlar, çox zaman, həm nəzarətçilərin, həm də əsirlərin hədəfinə çevrilirdilər».
Buna bənzər başqa bir misalı sovet sistemindən də çəkə bilərəm.

Sovet “GULAG” sistemində də, «spetsblok» adlanan bölmələrə göndərilən siyasi məhbuslar, bəzən kriminal əsirlər tərəfindən döyülür, aşağılanırdı. Kriminal əsirlər (urki) çox zaman rəhbərliklə əməkdaşlıq edir və “dikbaş” məhbusları «risq qrupu» («qruppa riska») kimi hədəf alırdılar.

Burda da eyni mexanizm müşahidə edilirdi :
• Alçalmış kütlə, alçalmaq istəməyən fərdi öz mövcudluğuna təhdid kimi görür.
• Nəzarətçilər isə bu daxili parçalanmanı idarə etmək üçün istifadə edirlər – çünki belə olan halda əsirlər özləri özlərini sındırırlar.

«Dikbaş» insan, alçalan kütləyə öz alçalmasını xatırladır. Bu, dözülməzdir. Ona görə də, onu ləkələmək, qınamaq, hətta cəzalandırmaq – bir növ özlərinin korlanmış vicdanlarını sakitləşdirmək üçün gərək olur.
Niyə görə bu misallar Azərbaycan üçün aktualdır ?

Bütün diktaturalar əsir düşərgəsi və ya həbsxana qaydalarının bir qədər solğunlaşdırılmış təqlidi ilə idarə edilir. Diktaturaların gücü cəmiyyəti kütləvi satqınlığa, danosbazlığa yoluxdurmaq yolu ilə həm ayrı – ayrı insanların iradəsini, həm də ictimai ləyaqət duyğularını mümkün müqavimətin ehtimal edilən əlamətləri kimi qiymətləndirərək onları sıfırlamaq yolu ilə əldə edilir. Cəmiyyətdə təslim edilənlərin faiz göstəriciləri nə qədər yüksəkdirsə, diktaturalar bir o qədər möhkəmlənirlər. Müəyyən mərhələdən sonra isə nisbi təskinlik adlandıra biləcəyiniz faza yaranır: diktaturalar əmin olur ki, sındırılmış kəsim müqavmətçiləri, təslim olmayanları yeyəcək. İnsafən, bunu həm də həvəsləndirirlər. Məsələn, indi Azərbaycanda dövlət strukturlarının qəhəllərində bəslənən trol sürüləri həmin həvəsləndirmə effektlərindəndir. Eyni zamanda diktaturalar ictimai simaları yaradıb onların vasitəsilə təslimçiliyi sosial- psixoloji ovqat kimi genişləndirməyi siyasi alətlərdən biri kimi istifadə edirlər. Bu, sovetlər amanı da yayöın təcrübə idi, indi də elədir. Hələ indi də Azərbaycanda «Sovet tirajı» ilə aktuallığını qoruyan rəy liderlərindən istifadə edilir. Bunlar daha çox ədəbi yaradıcılıq sferasında müşahidə edilir.

Əlbəttə, xüsusi olaraq qeyd edim ki, bu təcrübədən bütün diktaturalar cəmiyyət üzərində total silahlı nəzarət qatına qədər istifadə edir., yəni xuntalaşma mərhələsinə qədər. Xunta ordunun və ya ordudan kənar silahlı üzvvələrin ictimai asayişin siyasi təminatçısı kimi istifadə edildiyi rejimlərdir, orda ictimai rəy instrumenti arxa plana atılır. Lakin, nəərə alsaq ki, müasir diktaturalar həm də praqmatik mənafelərinin dünya ilə inteqrasiyada təmin edilməsini daha uyğun sayırlar. Buna görə də idarə edilən ictimai rəy və axtalanmış ictimai iradə çağdaş diktaturalar üçün təhlükəsizlik yastığı kimi dərk edilir.

Məsələnin bir başqa tərəfi də var ki, diktaturlar üçün «Məhşər günü» yetişəndə bu alətlərin hamısı öz əhəmiyyətini itirir, amma bütün diktatorlar devrilmiş diktatorlardan daha ağıllı və tədbirli olduqlarını güman edirlər. Bu, artıq başqa bir mövzu və başqa bir psixoloji düsturdur.

Amma Azərbaycanın əsir düşərgəsi, yaxud da xüsusi rejimli həbsxana məntiqi ilə idarə edildiyini fakt olaraq danmaq mümkün deyil…

 

Ganimat Zayidov

Tacxeber.com

Oxşar xəbərlər

“Putin Ukraynada iki ölümcül səhvə yol verib…”

admin

“Sinan Oğan daha yarışda yoxdur… ” – Ərdoğanın müavinindən önəmli açıqlama

redaktor

Xəstəxananın tenderi ləğv olundu – Gizli sövdələşmə olub.

admin