Hamının diqqət mərkəzində olan görüş keçirildi.
Putin uzun-uzadı danışdı, yeni heç bir şey demədi, yenə də əvvəlki narrativlərini təkrarladı: AZAL sərnişin təyyarəsinin Rusiya səmasında vurulduğuna görə üzr istədi. Günahkar Ukrayna imiş, pua-sı uçurmuş, Rusiya HHQ də onu vurubmuş, pua da çiliklənəndə paraları bizim təyyarəni zədələyibmiş.
Təkrar biliyin anası imiş.
İki prezidentin nə danışmasına, bir-birinə cavablarına baxmayaraq, bədən dili, üz ifadələri başqa mətləbləri deyirdi.
İlham Əliyev üçün protokol qaydaları, diplomatik etika, yüksək dözümlülük vardı. Azərbaycan prezidenti bu davranışı göstərdi, amma üzündəki dilxorçuluğu, pərtliyi, daxili qəzəbini gizlədə bilmədi. Üzünün əzaları gərilmiş, baxışları şüşələşmişdi. Yenə də eşitmək istədiyini eşitmədi. Amma üzrü məzmunundan, formasından asılı olmayaraq qəbul etməli idi, prinsipiallığın, inadkarlığın zamanı yersiz olardı artıq.
Putin üçünsə nəyin bahasına olursa olsun, orbitindən pərən düşmüş brilyantı yerinə qaytarmaq idi, hətta bunun üçün büzüşmək lazım idisə, büzüşdü, yalvarışlı səslə danışmaq lazım idisə, onu da etdi, həvəssiz, istəməyərək… təki, görüşdən əliboş qayıtmasın. Ukrayna yox, Moldovada uduzdu, Ermənistanı demək olar ki, itirib, Gürcüstan zaman məsələsidir, Qazaxıstan uzaqdan parlayır, indiki vəziyyətində Azərbaycanı da itirmək ağılsızlıq olardı. Azərbaycan həmişə Rusiyanın bütün şıltaqlıqlarına platsdarm olub, Əliyev həmişə Putinin nazıyla oynayıb. Ruslar demiş, до поры, до времени.
Münasibətlər düzələ bilər, iqtisadi əlaqələr, bir-birindən ticari asılılıq var. Amma siyasi əlaqələr, şəxsi münasibətlər əvvəlki kimi olmayacaq, heç olmayacaq. Hörmət, dostluq qarşılıqlı olmalıdır, qarşılıqlı olmayanda sınmış şüşə kimidir. Sınmış şüşələri yapışdırmaq olar, amma o, yamaq kimi özünü həmişə gözə soxacaq, imkan verməyəcək ki, onu yenidən sınmağından qorxmadan, çəkinmədən işlədəsən.
Arzu Qaziyeva
