Cənubi Qafqazda Ümumi Daxili Məhsulun (ÜDM) ən aşağı artım tempi Azərbaycandadır – bunu Dünya Bankı açıqlayıb.
Beynəlxalq Valyuta Fondu (BVF) isə yazır ki, ümumilikdə bir ölkədə iqtisadiyyatın artım sürətinin aşağı olması çox vaxt həm də orada məşğulluğun azalması deməkdir.
Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk altı ayında ÜDM istehsalı 0.9 faiz artıb – ötən ilin eyni dövrü müqayisədə təxminən 2 milyon manat çox.
Gürcüstanda eyni dövrdə artım 8.3 faiz olub. Ermənistanla bağlı yarımillik informasiya olmasa da, ilin ilk üç ayında artımın 5.2 faiz olduğu açıqlanıb. Dünya Bankının hesablamalarına görə, adambaşına düşən ÜDM həcmi Gürcüstanda təxminən 9 min, Ermənistanda 8 min 500, Azərbaycanda 7 min 100 dollardır.
Azərbaycanın qonşularından bu məsələdə geri qalmasının səbəbini iqtisadçı Natiq Cəfərli belə izah edir: “Gürcüstanda, məsələn, kiçik sahibkarlar yarım milyon lari (350 min manat) civarında dövriyyələri olanda cəmi 1 faiz vergi verirlər… Azərbaycanda isə çox çətindir. Kiçik sahibkarlığın illik dövriyyəsi 200 min manatı keçən kimi 18 faiz Əlavə Dəyər Vergisi (ƏDV) ödəməli olur ki, bu da kiçik sahibkarlığa mane olan faktorlardan biridir. Azərbaycanda Gürcüstana, Ermənistana nisbətən kredit imkanlarına çıxış zəifdir, biznes kreditlərinin faizləri yüksəkdir”.
Dünya Bankının statistikasına görə, son 10 ildə Azərbaycanda ÜDM-in həcmində ən yüksək göstərici koronavirus pandemiyasının başlamasından iki il sonra nəzərə çarpıb – təxminən 78 milyard dollara qalxıb. Dünya Bankı Azərbaycanın 2024-cü ildəki 4.1 faiz artımını müqayisə edərək, bu rəqəmin 2025-ci ildə yavaşlayaraq 2.6 faizə enəcəyini və qarşıdakı ildə də təxminən oxşar göstəricidə qalacağını proqnozlaşdırır. (Arqument.az)