Azərbyacanda rəsmi gəlirlər aşağıdır, hə, bu o anlama gəlmir ki, hamı rəsmi gəlirlə dolanır, amma, maaş, təqaüd, sosial yardım, vergiyə cəlb olunan rəsmi gəlirlər yetərli deyil.
Bu gün ətraf ölkələrdə fərqli səbəblərdən, amma, vətəndaşların çox sürətlə artan gəlir dönəmini yaşayırıq.
Rusiyada Ukrayna müharibəsi, Kremlin təcavüzkar və işğalçı davranışları “savaş gəlirlərini” xeyli artırıb. Yüzminlərlə insan ordudadı, müqavilə ilə yazılıb, ilk müqavilə bağlayarkən 500 min rubl, sonra hər ay 205 min rubl (zabitlər daha çox) maaş alırlar. Yaralanalra 1 mln. rubl, həlak olanların ailələrinə 7-12 mln. rubl (federasiya subyektinə görə dəyişir) ödənişlər edirlər. Hərbi-sənaye kompleksi 5-7 dəfə istehsalı artırdığına görə işçi qüvvəsi çatışmır, işsizlik 2,7%-ə qadər azalıb. Aqrar sektorda da maaşlar artıb, məsələn, bu gün çiyələk, pomidor, və s. meyvə-tərəvəz toplayan şəxslərə günlük 5000-7000 rubl arası ödəniş edirlər.
Gürcüstanda iqtisadi artım çox sürətlənib, 2025-ci ilin 1-cü rübündə ÜDM 9,8% artıb, həmin müddətdə orta aylıq əmək haqqı 2170 lari, yəni, 1362 manat olub. Vergilər aşağı olduğundan Gürcüstanda kiçik biznes sürətlə inkişaf edir – ildə 500 min larıyə qədər dövriyyəsi olan (yəni, 313 min 653 manat) kiçik biznes, dövriyyəsindən cəmi 1% vergi ödəyir. İldə 30 min lari (18 min 819 manat) və daha aşağı dövriyyəsi olan, ümumiyyətlə, vergi ödəmir. Dövriyyəsi 500 min laridən 1 mln. lariyə qədər olanlar isə, əməliyyat xərclərini çıxdıqdan sonra cəmi 3% dövriyyədən vergi ödəyirlər. Belə çox cəlbedici vergi sistemi Gürcüstanda 500 minə yaxın insanın kiçik sahibkar olmasına, çox yaxşı pul qazanmasına səbəb olub.
Cürcüstanda işsizlik, demək olar ki, yoxdur, təhsili və peşəsi olmayan belə tikintidə, ən aşağı, günə 80 lariyə (50 manat) iş tapa bilir. İşçilər sığortalanır, nahar yeməyi ilə təmin olunurlar.
Məhz yüksək gəlir iqtisadiyyatına keçməkdə olduğuna görə, Gürcüstanda qiymətlər artıq ucuz deyil, cəmi 10-15 il qabaq Bakıdan, təqribən, 2 dəfə ucuz olan Tiflisdə, indi, demək olar ki, eyni qiymətlər görürük. Amma ucuz olan məhsullar da var – məsələn, ət, yağ, meyvə, bəzi tərəvəzlər Bakıdan ucuzdur.
Ermənistanda bu 2025-ci ilin 1-ci rübündə ÜDM 5,2% artıb, orta maaş 1277 manat olub. Kiçik biznes üçün vergi dərəcələri də məqbuldur – əgər sırf nəğdsiz ödənişlərlə işləyirsinizsə, ticarət sektorunda fəaliyyət göstərən şirkətlər vergini 1%-ə, istehsal sektorunda 3%-ə, ictimai iaşə sektorunda isə 3,5%-ə qədər azalda bilirlər. Kiçik biznes üçün bu qaydalar illik 290 min dollar, yəni, 493 min manat dövriyyəni keçmədikdə tədbiq olunur.
Azərbaycanda 2025-ci ilin 1-ci rübündə ÜDM cəmi 0,3% artıb, həmin dövrdə orta aylıq maaş ölkədə 1043 manat təşkil edib. Vergi sistemi kiçik-orta sahibkarlara qənim kəsilib, dollar 78 qəpik olan dövrdən bəri ƏDV-yə düşməyən dövriyyə necə 200 min manat idisə, indi də 200 min manatdır. Vergi dövriyyədən 20%-dir, amma, hələlik bir çox fəaliyyət üzrə həmin 20%-in 75%-i güzəştlə ödənilir, amma, 200 mini keçən kimi avtomatik 18% də ƏDV ödəməli olursan. Gömrük rüsumlarından isə danışılası deyil, heç bir çeviklik yoxdur, 3 pilləli gömrük rüsumu olsa da, nə hikmətdir ki, 90% iş adamı ən yüksək, yəni, 15% rüsum ödəyir, bunun üzərinə də gömrükdə 18% ƏDV gəlir.
Hörmətli hökumət üzvləri, dəyərli ingilis dilini bilən, ingilisi anlayan, amma öz toplumunun dərdini anlamayan iqtisadi komanda, Azərbaycan iqtisadi olaraq qonşularımızla rəqbətdə yavaş-yavaş geriləyir, insanların real gəlirləri artmır, nominal artımı inflyasiya yeyib-bitirir. Təcili tərbirlər görülməlidir, SIFIRDAN SADƏ və AŞAĞI dərəcələrlə yeni Vergi və Gömrük Məcəllələri qəbul edilməli, əsas dəstək kiçik-orta sahibkarlara yönəldilməlidir.
Anlayın ki, gecikdikcə uduzacağıq, rəqəbətdə uduzmaq isə bizə, suverenliyini, ərazi bütövlüyünü bərpa etməyi bacaran TƏK post-sovet ölkəsi olan Azərbaycana yaraşmaz!