
Futbolun inkişaf strategiyasının hazırlanması üçün AFFA ilə “Double Pass” və “McKinsey & Company” şirkətlərinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Prosesə yerli mütəxəssilərin cəlb olunması da qərara alınıb.
Bu məqsədlə klub nümayəndələri, futbol adamlarına da öz təkliflərini yazılı şəkildə bildirmələri təklif olunub. Təcrübəli futbol adamı, “Dinamo” klubunun prezidenti Yaşar Seyidov bu sahədəki 30 illik təcrübəsinə əsaslanaraq futbolun inkişaf strategiyasını hazırlayıb.
Yaşar bəy artıq strategiyanı AFFA-ya da göndərib. İnkişaf planında tək nəzəriyyəyə əsaslanan yox, həm də Azərbaycan futbolunun real imkanları ilə uzlaşan tələb və təkliflər ortaya qoyulub. Bu, çox həssas məsələdir. Çünki xarici şirkətlər futbolumuzun incəliklərini və reallıqlarını dəqiq bilmədikləri üçün daha çox nəzəriyyəyə söykənən plan hazırlayacaqlarsa, yerli mütəxəssislər bu işə mövcud vəziyyətdən çıxış edərək yanaşırlar.

