

NATO öz qoşunlarını Ukraynada yerləşdirməyə hazır deyil. Bu, Avropada bəzilərinə göründüyündən də qat-qat mürəkkəb prosesdir.
Bunu Polşa parlamentin sədri Şimon Qolovnya deyib.
Onun fikrincə, belə bir ssenari alyansa üzv olan bir çox ölkələr üçün problemə çevrilə bilər.
“Düşünürəm ki, bu, Avropada bəzilərinin düşündüyündən qat-qat çətindir. Mən ədalətsiz olmaq istəmirəm, ona görə də deyim ki, bu, bir çox NATO ölkələri üçün problem olacaq. Prezident Makronun nə dediyini və demək istədiyini bilirəm, ümumi fikirdir, amma düşünmürəm ki, NATO bu müharibədə iştiraka hazırdır”, – Qolovnya vurğulayıb.
Spikerin sözlərinə görə, hətta ayrı-ayrı NATO ölkələrinin belə əməliyyatda iştirakı problem yaradacaq. O izah edib ki, Ukraynada ən azı bir NATO əsgərinin ölümü bütün alyansa hücum kimi qiymətləndiriləcək.
“Biz kollektiv cavab verməli olacağıq. Ona görə də bu məsələni müzakirə edirik”, – Qolovnya bildirib.
Spiker hesab edir ki, Ukraynaya Qərbdən indi lazım olan canlı qüvvə yox, texnologiyadır – qələbəyə aparan texnoloji üstünlükdür.
“NATO hərbi qüvvələrinin fiziki mövcudluğuna gəlincə, çox diqqətli olmalıyıq, çünki bu, vəziyyəti daha da pisləşdirə bilər”, – polşalı spiker qeyd edib. (Teleqraf)
