“Azərbaycan istəmir ki, Ermənistan bu proseslərdə iştirak etsin”

Bunu APA-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Tofiq Zülfüqarov deyib ki, ilkin dövrdə Qarabağda baş verənlər daxili münaqişə idi və 1991-i ilin dekabrında Azərbaycan vasitəçilik üçün müraciət etmişdi: “Məqsəd o idi ki, ATƏT Ermənistanın gələcəkdə ehtimal olunan işğalının qarşısını alsın. Amma nəinki işğalın qarşısı alındı, əksinə, ATƏT-in Minsk qrupunun “fəaliyyəti” dövründə Azərbaycan torpaqları işğal altına düşmüşdü. Təəssüflər olsun ki, Minsk qrupunun fəaliyyəti barədə müsbət nəsə demək mümkün deyil. Azərbaycan bu problemi həll edəndən sonra artıq bu məsələdə hansısa vasitəçilik lazım deyil”.
Tofiq Zülfüqarov Qərb-Rusiya qarşıdurmasının bölgəyə gətirilməsinin Azərbaycana lazım olmadığını vurğulayıb: “Məhz bu iki amilə görə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə nümayəndə – ATƏT Minsk qrupunun həmsədri vəzifəsinə Filip Rikerts adlı yeni şəxsi təyin etməsi əsassızdır və bunun heç bir perspektivi yoxdur. Çünki Azərbaycan bu məsələdə yeganə söz sahibidir və öz mövqeyini açıqlayıb”.