
Qol.az Qarabağ futbol klubunun baş məqçisi Qurban Qurbanovdan geniş müsahibə götürüb. Bu maraqlı müsahibəni Tacxeber.com olaraq Qol.az-a istinadən bu müsahibənin ikinci hissəsini sizə təqdim edirik.
(Birinci hissə burada )
Yasamal rayonu ərazisində, Dövlət Sosial Müdafiəsi Fondu yaxınlığında Qurban Qurbanova məxsus “My Class” adlı Fitnes-spa mərkəzi fəaliyyət göstərir. Açılışı olub hardasa 6, ya 7 ay əvvəl. Kiçik reklam olsa da qeyd edim ki, bu idman məkanında həqiqətən keyfiyyətli, səviyyəli iş görülüb.
“My Class”da Qurban müəllimin özünün ayrıca bir otağı da var. Səliqəli və gözəl. Kreslosu, başı üzərində buranın ona məxsus olduğunu simvolizə edən bəzəkli kiçik bir lövhəcik də var. Üzərində bir hərf iki dəfə təkrarlanır – QQ. Yəni Qurban Qurbanov…
– “Qarabağ”da son dövrlər daha çox üzdə olan 3 oyunçunuz – Elvin Cəfərquliyev, Musa Qurbanlı, Toral Bayramlı haqda da soruşmaq istəyirdim. Onlar həm də əsas milli komandaya da cəlb olunurlar. Mənə maraqlıdır ki, bu futbolçuların konkret “Qarabağ”da yetişməsi prosesinə neçə il vaxt gedib? Neçə məşqçi onların üzərində işlədi ki, onlar da komandada belə səviyyəyə gəldilər?
– Yəqin bilirsən, mən onlara Rəşad Sadıqovun uşaqları deyirəm.
– Hər üçünə?
– Bəli. Düzdür, Musa mənim oğlumdur. Amma məhz Rəşadın da təkidi oldu ki, Musanı “Neftçi”dən gətirək. O, özü baxır, axtarırdı. Getdi Toralı, Elvini tapdı.
– Toralın “Xəzər Lənkəran”ın yetirməsi olduğunu bilirdim. Bəs, Elvin haradan gəlib?
– Elvin “Keşlə”də oynayırdı. Orada deyirdilər ki, Elvinin xarakteri pisdir və sair. Hətta son vaxtlar Elvini “Keşlə”dən qovmaq da istəyirdilər.
– Söhbət aşağı yaş qruplarından gedir?
– Bəli. Rəşad da Elvinin oyununu görmüşdü. Gedib özü ilə görüşdü. Onda Rəşad bizdə idi, “Qarabağ”ın akademiyasına baxırdı. Bizdə həm oynayırdı, həm də U-19-un baş məşqçisi idi. Rəşad bu uşaqların hamısını topladı. Bu məsələdə həddindən artıq həssas idi. Çempionlar Liqasının qrup mərhələsinə düşdüyümüz vaxtlar idi. Rəşad dedi ki, hoca, bu oyunçular çox perspektivli uşaqlardırlar. Kimlərəsə müəyyən bir məbləğ verərək götürdü. Amma bu futbolçuları Rəşad gətirdi. Onlar gələndən sonra səhv etmirəmsə, həftədə minimum bir dəfə bizim əsas komandamızla məşq edirdilər. Biz yavaş-yavaş onları uyğunlaşdırırdıq. Hətta sonra Elvini icarəyə də verdik, “Sumqayıt”da oynadı. Elvin Toraldan 1, Musadan isə 2 yaş böyükdür. Onlar bizim əsas komandamızın içində böyüdülər. Niyə biz onları komandaya bu cür yaxın buraxdıq? Bacarıqlarına görə. Birinin sürəti, birinin texnikası, o birinin hissiyatı, digərinin qol vurmaq xüsusiyyəti yaxşı idi. Belə belə gəldilər, bizim sistemimizə, fəlsəfəmizə uyğunlaşmağa başladılar. Artıq onlar özlərini hazır hiss etdikləri vaxt əsas komanda ilə oyunlara çıxdılar. Hətta mənə deyirdilər ki, Elvin belə səhv etdi, Toral elə səhvə yol verdi, cavanlar belə. Yəni, mənə etirazlar olurdu. Amma nəyisə əldə etmək üçün nəyisə qurban verməliyik.
– Yəni, riskə getməlisən.
– Bəli, mütləq riskə getməlisən.
– Musa ilə bağlı bir məqama toxunmaq istəyirəm. Mənim də, bir çox futbol adamının da fikri belədir ki, Musa artıq avrokubok oyunlarında da çox şans qazanmalıdır. Əlbəttə, o, sizin övladınızdır və onun uğurunu sizdən çox heç kim istəyə bilməz. Siz Musanın nəinki “Qarabağ”da, lap “Barselona”da da oynamağını istəyərsiniz.
– Bəli.
– Amma biz onu meydanda istənilən qədər görə bilmirik və mən sizi tanıdığımdan şübhə etmirəm ki, burada sizin vicdanınızın hökmü də rol oynayır. Yəni Musa bacarığında bir başqası olsaydı, siz ona daha çox şans verərdiniz.
– Tamamilə doğrudur.
– Bəs, obyektiv yanaşsaq, bu gün Musa “Qarabağ”da istədiyiniz səviyyəyə gəlib çatıbmı?
– Tam yox.
– Deməli, həm də buna görə Musanı əsas heyətdə meydana buraxmırsınız?
– Bəli. Amma mənə ümid verən nədir? Musa yavaş-yavaş inkişaf etməyə başlayır və əsas odur ki, dayanmır. Bir az da irəli gedir, sonra bir az da qalxır. Bu, ən önəmli amildir. Amma elə futbolçu da olur ki, birdən-birə gəlib yüksək həddə çatır və orada da ilişib qalır. Bu, ən təhlükəlisidir.
– Musada belə şey olur?
– Musanın gündən-günə, oyundan-oyuna futbol düşüncəsi, qol vurmaq, mövqe seçmək duyumu daha da yaxşılaşır. Ona görə də, bu, məni rahatlaşdırır ki, hər şey yaxşılığa doğru gedir.
– Bəs, bu baxımdan Elvinlə və Toralda durum necədir? Bəzən görürük ki, Elvin və Toralda stabillik olmur.
– Bəli. Onlarda elə ən çatışmayan cəhət budur. Öz hazırlıqlarını, oyunlarını stabil şəkildə qoruyub-saxlaya bilmirlər. Bu gün Elvin belə şeyləri daha yaxşı bacarır. Bəlkə də bu, onun təcrübəsindən irəli gəlir. Çünki Elvin digərlərindən 1 yaş da olsa, böyükdür. Ola bilər ki, Toral 2-3 oyun eyni səviyyədə çıxış etsin, 4-cü, 5-ci oyunda düşsün. Amma Elvində elə ola bilər ki, 5 oyun yaxşı oynasın, sonra eniş olsun.
– Elvin çox əzmkar futbolçudur. Amma həyəcanı da hiss olunur.
– Elvinin üstün cəhəti də budur. Mən ümumiyyətlə, hər bir futbolçuma bunu deyirəm. Futbolçu hücuma getmək üçün ürəkli olmalıdır, bundan həzz almalıdır. Mənim gücüm qurtarar, sonra geriyə çatmaram deyə düşünməməlidir.
– Adama elə gəlir ki, Elvin bəzən müdafiəçi yox, hücumçu kimi oynayır.
– Bəli. İrəli gedir (gülür). Bu, Elvinin ən özəl üstünlüklərindən biridir. Amma onun sırf müdafiəçi üçün çatışmayan cəhətləri çoxdur.
– Biz bu mövsüm avrokubok oyunlarında gördük ki, “Qarabağ” onların cinahından çox qol buraxdı.
– Rəqibi də nəzərə almaq lazımdır. Yəni, rəqibin cinahında hansı səviyyədə futbolçular oynayır. Amma mənim üçün vacib olan Elvinin üstün cəhətidir. Bu səhvlər təcrübə ilə əlaqədar bir şeydir. Bunu oyundan-oyuna aradan qaldırmaq olacaq.
– Eşitdiyim bir məlumat var ki, fürsət düşmüşkən, bunu sizin özünüzlə dəqiqləşdirim. Bu, gənc oyunçularınızın futboldan sonrakı həyatına nəzarətdən gedir. Məsələn, bildiyimə görə, bəzi günlərdə tapşırırsınız ki, gənc oyunçularınız gecəni öz evlərində yox, klubun bazasında qalsınlar. Çünki gənclər gecə həyatına meyilli olurlar.
– (pauza)… Olur arada. Məni əsəbiləşdirəndə, bir az də özlərini yaxşı aparmayanda belə hallar olur, bəli (gülür)…
– Bu mövzuya başlamışkən danışaq da. Məsələn, sizi ən çox kim əsəbiləşdirir?
– Məni Musa da, Toral da, Elvin də, İsmayıl (İsmayıl İbrahimli – A.B) da əsəbiləşdirir. İndi söhbət cavanlardan gedir.
– Təcrübəlilərdən də əsəbiləşdirən çox olur?
– Böyüklər heç də (gülür). Onların sayı daha çoxdur. Bu, futbolun yazılmayan qaydasıdır. Belə olanda, əlbəttə ki, biz vaxtında müdaxilə etməliyik. Çünki mən özüm də gənc olanda məşqçilərimi əsəbiləşdirmişəm. Mənə görə əsəbiləşiblər. Təkcə zəif oynadığıma görə yox, ümumiyyətlə, bəzi hərəkətlərimə, davranışlarıma görə qəzəbləniblər. Buna görə də istəmirəm ki, bu futbolçular da o səhvlərə davamlı olaraq yol versinlər. Bu səbəbdən də çalışıram ki, belə şeylər olanda həmin an bildirim.
– Yəni, onların bazada gecələmələri ilə bağlı verdiyiniz qərar sırf cəza metodudur?
– Bəli. Cəza növlərindən biridir.
– Cəza növlərindən biri… Ümumiyyətlə, futbolçularınız gecə həyatına meyillidirlər?
– Belə deyək də, onların hamısı çox yaxşı uşaqlardırlar. Elvin olsun, Toral olsun, İsmayıl olsun. Biri var, insanın 2 dostu ola, biri də var, 10-15 dostu. Bu, problem yarada bilər. Çünki son vaxtlar bizdə tərif demək çoxalıb. 20 yaşlı futbolçusan, istər-istəməz hamı səndən danışır. Deyirlər ki, ay sən belə etdin, elə etdin. Mən onları yaxşı tanıyıram. Bu futbolçu heç o haqda düşünmək belə istəmir, amma istər-istəməz beyninə girir. Bu da ona mane olur. Biri deyir ki, sən oynamalı idin, amma Qurban səni oynatmadı. O biri deyir ki, səni əvəz etdi. Bir başqası deyir ki, həmin vaxt səni əvəzləməli idi. Adicə bəzi sosial şəbəkələrdə yazılanda ki, onun yerinə bu oynamalı idi, bunun yerinə o oynamalı idi, futbolçu düşünür ki, camaat da mənim güclü, yaxşı olduğumu deyir, amma Qurban məni oynatmır.
– Futbolçularınızla bağlı başqa narahatlıq hiss etdiyiniz məqamlar varmı? Xüsusilə də gənc oyunçunuzla bağlı.
– Yox, bu, sadəcə bir hissəsidir. Çünki belə şeylər mənim özümə də təsir edir. Mən bu yolu keçmişəm. Mənə də o qədər deyiblər ki, sən çalışqansan, amma məşqçi səni oynatmır. Bu, mənə yalnız mane olub. Özümü oyunda düzgün idarə edə bilməmişəm, bəzən hisslərimi cilovlaya bilməmişəm, vərəqə ilə cəzalandırılmışam. Düşünmək istəməsəm də, həmin fikirlər mənim beynimdə qalıb, bu da mənə təsir edib. Amma ümumiyyətlə, belə şeylərdən çox məni futbolçunun öz xarakteri narahat edir. Bu gün futbol xarakter oyunudur. Sənin öz prinsiplərin olmadısa… Sən cəmiyyətin fikirləri ilə yox, futbol düşüncəsi ilə yaşamalısan. Peşəkar olmalısan. Sən özün-özünlə mübarizə aparmalısan. Yadınızdadırsa, bizim torpaqlarımız işğaldan azad ediləndən sonra mən dedim ki, özüm və komandam daha da ürəkli olmuşuq. Bu, həqiqətdir. Mən bu gün istəmirəm ki, komandamdakı oyunçular, xüsusilə də yerli futbolçular meydana ürəksiz, inamsız çıxsınlar. Əgər belədirsə, o, nəticə verə bilməyəcək. Bir oyun nəticə verəcək, iki oyun nəticə verəcək, insanlar onun haqqında danışacaqlar. Məsələn, deyəcəklər ki, Toral yaxşı oynayır, amma bəs məşqçi onu oynatmır. Amma bilmirlər ki, futbolçu əvvəlki xarakterdə davam edirmi, belə oynayır, ya yox. Yəni, bilinmir ki, futbolçu qarşıdakı matçların hamısına eyni xarakter və istəklə hazırlaşır, ya yox. Məni narahat edən tək şey budur. Xarakter məsələsi!






