DünyaSiyasət

Ukrayna müharibəni dənizlərə daşıdı: Rusiya susur, Avropa qorxur — cavab nə vaxt gələcək?

21 noyabrda Rusiya hərbi logistikası ilə əlaqəli olan “Sparta II” quru yük gəmisi və “Ambal” dəmir yolu bərəsi Baltik dənizində (Finlandiya körfəzində) pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qaldı. Hücum nəticəsində “Sparta II” gəmisində yanğın baş verdi.

22 noyabrda Rusiyaya məxsus “Merkuri” raket korveti və hərbi yüklər daşıyan “MV Angara” quru yük gəmisi Aralıq dənizində (Liviyanın şərqindəki Benqazi limanı yaxınlığında) pilotsuz kamikadze qayıqların hücumlarına məruz qaldılar. 2023-cü ildə istismara verilmiş və ~$200 milyon qiyməti olan (Qərbin hesabına görə) “Merkuri” korveti batıb, “MV Angara” gəmisi isə zədələnib.

Hər iki əməliyyata görə məsuliyyəti Ukrayna öz üzərinə götürüb. Lakin Ukrayna əməliyyatın yalnız texniki icraçısı ola bilər. Aydındır ki, NATO ölkələrinin kəşfiyyat və logistika dəstəyi olmadan Ukrayna belə əməliyyatları həyata keçirə bilməz.

Ağır itkidir, amma Rusiya rəsmilərinin bu hadisələrə reaksiyası çox təmkinli oldu.

Kremlin sözçüsü Dmitri Peskov baş verənləri “terror fəaliyyətinin genişləndirilməsi” və “çox təhlükəli tendensiya” adlandıraraq, Ukraynanı bu hücumların “ağrılı nəticələri” ilə üzləşəcəyi barədə xəbərdar etdi.

Rusiya Xİ nazirinin müavini Aleksandr Qruşko noyabrın Baltik dənizindəki gərginliyə görə birbaşa NATO-nu günahlandırdı. O bildirdi ki, NATO öz düşmənçilik siyasətini dəyişmədən və Şimali Avropa ölkələri dialoqa getmədən Baltik dənizində deeskalasiya mümkün deyil.

Rusiya rəsmilərindən başqa fərqli bəyanata rast gəlməmişəm.

Avropa liderləri hadisələrin baş verməsinin ilk 2 günündə Ukraynanın hücumlarını tam dəstəklədilər və buna onun haqqı olduğunu bildirdilər. Lakin sonra bu ritorika yavaş-yavaş dəyişməyə başladı. İtaliya Xİ naziri Antonio Tayani rəsmi Kiyevi müharibəni Aralıq dənizinə genişləndirməyin yolverilməz olduğunu vurğuladı. Almaniyanın Xİ naziri Yohann Vadeful “Ukraynanı dəstəkləyirik, lakin münaqişənin Ukrayna sərhədlərindən kənarı çıxmasını istəmirik” tipli bəyanat verdi. Bir neçə Avropa rəsmisi də münaqişənin sərhədlərinin genişlənəcəyindən narahat olduğunu bildirdi.

25 noyabrda NATO-nun baş katibi gözlənilmədən Ağ Evdə göründü. Trampla görüşdən sonra onlar birgə bəyanat verdilər. Bəyanatda onlar Rusiyanı müharibəni qəsdən və ya təsadüfən genişləndirə biləcək hər hansı addımlardan çəkinməyə çağırdılar. Maraqlıdır: Münaqişəni genişləndirən Ukraynadır, amma çağırış Rusiyaya edilib. (?!)

Bütün bunlardan mən aşağıdakı nəticəyə gəlmişəm.

Rusiya hər iki əməliyyatın təfərrüatları haqqında dəqiqləşdirici məlumatlar (hücum hansı ölkə(lər)dən olub? hansı tip dəstəyin vasitəsilə olub? və s.) topladıqdan sonra həmin ölkələrə diplomatik kanallarla nələrsə çatdırıb. Güman ki, bu xəbərdarlıq onları təşvişə salıb və onlar təcili Rutteni Sem dayının yanına göndəriblər ki, Putini cavab tədbirlərindən çəkindirsin.

Tramp-Rutte bəyanatının nəyisə dəyişəcəyinə inanmıram. Amma Rusiyanın cavabını da tezliklə gözləmirəm. Rusiya 5 il ərzində heç bir hadisəyə dərhal (yəni emosional) reaksiya verməyib (əslində, London həmişə buna ümid edib). O düşünülmüş cavab verir. Düşünülmüş cavab üçün isə bəzən aylar çəkən hazırlıq tələb olunur. Avropanın qorxduğu da budur: cavabın nə vaxt və necə olacağı heç kimə məlum deyil.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Parkda yatarkən saxlanılıb, sonra müharibəyə göndərildiyini deyir: azərbaycanlı əsir danışıb

admin

Kuşnerlər ailəsi

redaktor

Kuşnerlə əlaqələndirilən hesablara Azərbaycan üzərindən 1,75 milyard dollar köçürüldüyü iddia olunur

admin