ABŞ-nin Massaçusets ştatında lotereyadan bir milyon dollar qazanan Salvador vətəndaşı Ariel Antonio Velaskes-Morales bir neçə gün sonra miqrasiya əməkdaşları tərəfindən saxlanılıb.
Tacxeber.com “Fox News”a istinadən xəbər verir ki, hadisə noyabrın 24-də Şərqi Bostonda baş verib. Telekanalın ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətindəki (ICE) mənbələrinə görə, onun barəsində 2014-cü ilin aprelindən deportasiya qərarı olub.
Mənbələr Velaskes-Moralesin əməkdaşlar yaxınlaşarkən qaçmağa çalışdığını, lakin qısa müddətdə saxlanıldığını bildiriblər.
Massaçusets lotereyası ona bir milyon dollarlıq uduşu noyabrın 18-də təqdim edib. Üç gün sonra isə böyük simvolik çeklə çəkilmiş fotosu sosial şəbəkədə paylaşılıb. Qalib bileti Şərqi Bostondakı mağazadan 10 dollara alıb.
Yerli mətbuatın lotereya qurumuna istinadən məlumatına görə, o, birdəfəlik ödənişi seçərək vergilər çıxılmadan 650 min dollar almağa razılaşıb.
Saxlanılmanın məhz uduş fotosunun yayılması nəticəsində baş verdiyi təsdiqlənməyib.
