Ermənistanda Azərbaycanla sülh müqaviləsinin imzalanması baxımından mühüm sayılan yeni Konstitusiya layihəsi noyabrın 23-də açıqlanıb.
Tacxeber.com “European Interest”ə istinadən xəbər verir ki, layihədə Konstitusiyanın preambulasından Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb. Həmin bəyannamədə Qarabağla bağlı müddəalar var. Azərbaycan bu istinadı ərazi iddiası kimi qiymətləndirərək onun aradan qaldırılmasını sülh müqaviləsinin imzalanması üçün şərt sayır.
Baş nazir Nikol Paşinyan xalqa müraciətində yeni Konstitusiyanın qəbulunun Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına yol açacağını bildirib. O, bunun davamlı və geri dönməz sülh yaradacağını söyləyib.
Lakin referendumun keçirilməsi üçün əvvəlcə parlament deputatlarının üçdə ikisinin dəstəyi lazımdır. Hakim “Vətəndaş müqaviləsi” partiyasının buna kifayət qədər mandatı olmadığından müxalifət deputatlarının da səsinə ehtiyac var. Müxalifət isə dəyişiklikləri Azərbaycana güzəşt kimi təqdim edir.
Paşinyan referendumda layihə rədd edilərsə, istefa verəcəyini açıqlayıb.
Sənəd hələ layihə mərhələsindədir: Konstitusiya dəyişikliyi qəbul edilməyib.
