Əsl adı Zoya olan şahzadə son Bizans imperatoru XI Konstantin Paleoloqun qardaşı qızı idi. Atası Foma Paleoloq Moreya (indiki Yunanıstanın cənubu) hakimi idi və qardasının ölümündən sonra Papa tərəfindən Bizans imperatoru kimi tanındı.
Türklər Konstantinopolu tutmalarından 7 il sonra, 1460-cı ildə Moreyanı da ələ keçirdilər. Foma və ailəsi Vatikana sığındı, katolikliyi qəbul etdi (bizanslılar pravoslav idilər).
III İvan 1467-ci ildən dul idi. Şahzadənin rus hökmdarı ilə nikahı da Vatikanın planı idi. Üç ilə qədər davam edən yazışmalardan sonra Zoya Rusiyaya göndərildi və 1472-ci il noyabrın 21-də nikah bağlandı. Vatikan bu nikahla Rusiyada katolik təsirini gucləndirmək niyyətində idi.
Lakin Zoya Moskvada yenidən pravoslavlığa qayıtdı və adını da dəyişib Sofya oldu. O, böyük knyaz III Vasilinin anası və çar IV İvan Qroznının nənəsi oldu.
1497-ci ildə Bizansın ikibaşlı qartalı Moskva knyazlığının (daha sonra Rusiyanın) gerbinə çevrildi. Məhz bu nikah Rusiya hökmdarlarına özlərini Bizans imperiyasının varisi kimi təqdim etməyə, Konstantinopola iddialı olmaga əsas verdi. III Vasilinin zamanında “Moskva – Üçüncü Roma” konsepsiyası yarandı.
Rusiyada monarxiya süqut edənə qədər çarlar Konstantinopol xülyası ilə yaşadılar (hərçənd, Sofyanın ərə getdiyi Rüriklər sülaləsinin kökü 1598-ci ildə kəsildi).
Birinci dünya müharibəsinin gedişində, 1915-ci ildə Antanta daxilində Konstantinopol razılaşması deyilən sənəd imzalandı. Bu sənədə görə, Avropada Midya-Enez xəttindən Asiyada Sakarya çayına qədər ərazi (İstanbul, boğazlar və Mərmərə dənizi də daxil olmaqla) Rusiyaya ilhaq ediləcəkdi. Amma Rusiyada hakimiyyətə gələn bolşeviklərin Mərkəz dövlətləri ilə separat sülh bağlayaraq müharibədən çıxması Türkiyəni bu aqibətdən xilas etdi. Hərçənd, ingilislərin bir bəhanə tapıb razılaşmadan vaz keçəcəkləri də istisna deyil. Çünki İstanbula sahiblənmək Rusiyanı çox gücləndirərdi.