Cəmiyyət

Vicdanın səsi boğulmamalıdır

Deputat Naqif Həmzəyevin son günlər müzakirə olunan çıxışını diqqətlə izlədim. O, bir neçə aktual problemə toxunur. Deputatın üz cizgilərindən, danışıq tərzindən açıq şəkildə hiss olunur ki, ehtiyat edir, olduqca kübar, mədəni və məzlum şəkildə fikirlərini ifadə etməyə çalışır. Çünki reallıqları bilir, etdiyi kiçik tənqidin ona baha başa gələ biləcəyini anlayır. N.Həmzəyev vicdanlı adamdır, parlamentin ən aktiv deputatlarından biridir. Sağ olsun, mümkün olan nədirsə, onu da etdi, problemləri önə çəkdi.

Amma mənim diqqətimi ən çox çəkən N.Həmzəyevin çıxışı zamanı həmkarlarının ona kinayəli baxışları oldu. İndi kim haqqı danışırsa, hamı ona dəli, başdanxarab kimi baxır. Deputatlar ora-bura vurnuxub sevinirdilər. Ki, N.Həmzəyev göz görə-görə öz qələmini qırır. Sanki “kruq”a təzə adam düşüb, hamı da kinayəli heyrətlə ona baxıb bu qənaətə gəlir ki, cavan oğlandır, özünü göstərir.

Bir müddət əvvəl spiker Sahibə Qafaova da Aqil Abbası uşaq kimi danlamışdı. Ardınca da şərlədi ki, sən bu qədər işlərə qara yaxırsan. Nə A.Abbas görülən işlərə qar yaxırdı, nə də N.Həmzəyev dövlət əleyhinə çıxış etməyib. Ahıl vaxtı itirmək qorxusu daha ağır olur, ona görə də A.Abbas öz seçimini edərək cəmiyyətin mövqeyini deyil, öz mənafeyinin müdafiəsini seçdi. Spikerdən üzrxahlıq da edib. N.Həmzəyev də tənbeh olunub.

Yəni deputatların kosmetik, xırda həqiqətləri də demək səlahiyyəti yoxdur? Problemləri gizlədənlər probemləri qabardanlardan daha təhükəlidir. Bunu anlamaq lazımdır. Tənqid edən adamlardan hamı qaçır, hər kəs onlara dəli kimi baxır. Fikirləşir də, başını aşağı salıb həyatını yaşa, çörəyini ye, niyə öz-özünə torba tikirsən…

Ziyafət Əsgərov deputat mandatı alanda mən balaca uşaq idim, indi ömrün yarısını kəsmişəm, dağ boyda yüküm var. Əsl arqumenti, faktı Z.Əsgərov gətirməlidir, 30 ildir deputat olmağın düsturunu açıqlamalıdır.  Utanmır, Hegel ritorikası ilə fakt tələb edir.

Amma vicdan rahat olmur, bu qədər özbaşınalığa vicdanı tab gətirməyən adamların kiçik etiraz iniltiləri də boğulmamaldır axı… Mən N.Həmzəyevdən qəhrəman düzəltmirəm, sadəcə uzun illərdir hansısa deputatın problemlərə toxunmasını düşməncəsinə qəbul etməyin əleyhinəyəm.

Normal tənqid etmək ləyaqəti olan adamları qoruyun, bu dövlətə ən sadiq adamlar da onlardır, vay o günə ki, adam yaltaqlıqdan başqa heç nə bacarmasın.

 

Samir Feyruzov

Tacxeber.com

Oxşar xəbərlər

“Meclis.info işi” üzrə hökm çıxarılıb: İmran Əliyevə 10, Elgiz Qəhrəmana 9 il həbs cəzası verilib

admin

Əfqanıstanda kişi həkimlərin qadınları müalicə etməsi qadağan edilib

redaktor

Pensiyaçı Sahil Babayevin elan etdiyi artımdan razı ola bilərmi?

redaktor