Son iki ildə insanların əvvəlcə öz-özünə, sonra da bir-birinə verdikləri ən populyar suallardan biri “Necə oldu ki, Amerika xalqı Tramp kimi birisini seçdi?” sualıdır.
Amma bu, ilk belə hal deyil. Məsələn, Den Kueyl (şəkildə soldan ikinci) bir siyasətçi vardı, 1947-ci il təvəllüdlü. Karyera pilləkənlərini inanılmaz sürətlə dırmaşmışdı: 30 yaşında konqresmen, 34 yaşında senator, 41 yaşında isə artıq vitse-prezident idi. Belə nailiyyətlərinə baxanda insanın gözü önündə parlaq, dahi bir dövlət xadimi canlanır, amma reallıq tamamilə fərqli idi.
Kueylin intellektual zəifliyi, absurd ifadələri və məntiq xətaları medianın ən sevimli mövzusu idi. Belə birisinin ölkənin ikinci şəxsi ola bilməsi hamını heyrətləndirirdi. Onun tarixlə və elmlə bağlı sitatları indi də satira obyektidir.
Məsələn, Holokost haqqında danışarkən cümlələri elə qarışdırdı ki, ortaya belə bir absurd çıxdı: “Holokost bizim ölkənin tarixində utandırıcı bir dövr olub… Yox, bizim xalqın yox, İkinci dünya müharibəsinin. Demək istəyirəm ki, biz hamımız o dövrdə yaşamışıq. Mən o dövrdə yox, o dövrün tarixində yaşamışam”.
Bir dəfə ondan Marsa insan göndərilməsi barədə soruşduqda isə elmi faktları tamamilə alt-üst edərək gəvəzələmişdi: “Mars mahiyyətcə Yer ilə eyni orbitdədir. Mars Günəşdən eyni məsafədədir, bu çox mühümdür. Biz kanallar və ehtimal ki, su olan şəkillər görürük. Əgər su varsa, deməli oksigen də var. Əgər oksigen varsa, biz nəfəs ala bilərik”.
Bu cür xətalar onun xarici səfərlərindən də yan keçməmişdi. Cənubi Amerikanın yeganə portuqaldilli ölkəsi Braziliyaya rəsmi səfər edərkən “burada olduğuma görə çox şadam, kaş ki vaxtında ispan dilini daha yaxşı öyrənərdim, yerli əhali ilə rahat danışardım” deyərək diplomatik bir qalmaqala imza atmışdı.
Vitse-prezidentin buraxdığı bu “quş”lar “kueylizmlər” adı altında toplanrdı.
Onun karyerasını tamamilə alt-üst edən hadisə isə 1992-ci il iyunun 15-də (seçki ili) baş verdi. Nyu Cersi ştatının Trenton şəhərində bir məktəbi ziyarət edən vitse-prezident şagirdlərdən birini lövhəyə çağırıb “kartof” sözünü yazmasını istədi. 12 yaşlı uşaq doğru olaraq “potato” yazdı. Əlindəki kağıza baxan Kueyl uşağın səhv etdiyini iddia edərək, sözün sonuna bir “e” hərfi artırmağı (“potatoe”) tələb etdi.
Bu hadisə Amerikada partlayan bomba effekti yaratdı. Kueyl sonradan iddia etdi ki, məktəbin ona verdiyi vəsaitdə söz səhv yazılıbmış. Amma vəsait bəhanə olsa da, superdövlətin vitse-prezidentinin “kartof” sözünün yazılışı üçün köməkçi vərəqə ehtiyac duyması ölkəni gülüş hədəfinə çevirdi.
Prezident Buş və vitse-prezident Kueyl 1992-ci il seçkilərini uduzdular. Kueyl 2000-ci ildə respublikaçılardan prezidentliyə namizəd olmaq istəsə də, partiyadaxili seçkilərdə heç bir şansının olmadığını görüb mübarizədən erkən çəkildi. Bununla onun aktiv siyasi karyerası başa çatdı.
***
Bu fotoda ən diqqətçəkən məqam – kadrda ortada dayanan məktəb direktoru Neyt Consun vitse-prezidentin bu açıq səhvini düzəltməməsi, əksinə, onu kor-koranə alqışlamasıdır. Robert Çaldini özünün “Təsir psixologiyası” əsərində belə halı “avtoritet basqısı” (authority bias) ilə izah edir və bunu həm elmi, həm də məişət sahəsində təcrübələrlə sübut edir.
Çaldinin yazır ki, XIX əsrdə yaşamış Con Stüart Mill dünyadakı “hər şeyi bilən son adam” idi – ondan sonra biliklər o qədər artdı ki, bir insanın hər şeyi bilməsi mümkünsüz oldu. Buna görə də bir çox sahələrdə mütəxəssislərin fikrinə güvənməyə məcbursan.
Amma insanlar bəzən sahə üzrə avtoritet olmayan adamlara belə itaət göstərirlər. Bu, daha çox siyasi iyerarxiyada daha üstün olanlar qarşısında baş verir.
Bu şəkildə şagird də, məktəb direktoru da “kartof” sözünün düzgün yazılışını dəqiq bilirlər. Amma şagird vitse-prezident vəzifəsinin basqısı altında öz biliyindən şübhələnir, Kueyl deyən şəkildə yazır. Məktəb direktoru isə nəinki vitse-prezidentin səhvini düzəltmir, hətta bu primitiv səhvi alqışlayır.
Deməli, yüksək vəzifəli şəxsin qarşısında çəkinmək və doğru bildiyini deyə bilməmək təkcə Şərqə xas deyil, bütün bəşəriyyətin ortaq psixoloji zəifliyidir. Sadəcə, əndazə fərqi var – Şərqdə bu normal davranış qaydasıdır. Amerikada direktor deməyə cəsarət etmədiyinə görə qınaq və gülüş hədəfi oldu. Şərqdə isə desəydi, ən populyar yanaşma “nə axmaq adamdır” olacaqdı. Sonra həbsə də atılsaydı, “özü elədi” deyəcəkdilər.
