Azərbaycan mətbuatında, o cümlədən Oxu.az-da Ərdoğanın Zəfər Günü münasibətilə ölkəmizə gələcəyi barədə xəbər yayılıb. Türkiyə mediasındakı məlumatlar da səfər planının olduğunu göstərir: T24, A Haber və digər nəşrlər Ərdoğanın Cənubi Koreyadan qayıdarkən jurnalistlərə verdiyi açıqlamanı yayıblar. Ərdoğan deyib:
“Fevkalade bir durum söz konusu olmazsa, 8 Kasım günü bir Azerbaycan ziyareti yapmayı düşünüyorum.” Deməli, söhbət hələlik şərti ifadə olunmuş səfər planından gedir.
Ərdoğanın bu açıqlamanı Azərbaycanla münasibətlərdə böhran barədə suala cavab verərkən səsləndirməsi diqqətəlayiqdir. O, İlham Əliyevlə telefon danışıqları apardığını, xarici işlər nazirini və kəşfiyyat rəhbərini Azərbaycana göndərdiyini söyləyib. Planlaşdırılan səfərin də lazımi addımları atmağa imkan yaradacağına ümid etdiyini bildirib. Bu sözləri münasibətlərdəki narazılıqları dialoqla aradan qaldırmaq niyyətinin ifadəsi kimi qiymətləndirmək olar.
Bundan əvvəl Zəfər Partiyasının sədri Ümit Özdağ da Ərdoğanı noyabrın 8-də Bakıya getməyə çağırmışdı. Noyabrın 2-də Türkiyə mətbuatında yayımlanan açıqlamasında o, belə bir səfərin Azərbaycana dəstəyi və strateji müttəfiqliyə bağlılığı nümayiş etdirəcəyini vurğulamışdı. Əlbəttə, səfərin məhz bu çağırışın nəticəsi olduğunu söyləməyə əsas yoxdur.
Özdağın başqa bir fikri də önəmlidir: Azərbaycan müstəqil dövlətdir və siyasətini öz maraqlarına uyğun müəyyənləşdirmək hüququna malikdir. Türk respublikaları ilə münasibətlər onların suverenliyinə, fərqli siyasi və ictimai şəraitinə hörmət üzərində qurulmalıdır.
Ərdoğanın səfəri baş tutarsa, Zəfər Günü qarşılıqlı etimadı möhkəmləndirmək üçün də fürsət yarada bilər. İki dövlətin hər məsələdə eyni düşünməsi mümkün deyil. Qardaşlığın sınağı fikir ayrılığının olmaması yox, həmin ayrılıqları ağıl, təmkin və qarşılıqlı hörmətlə həll etmək bacarığıdır…
