Keçmiş illərdə yer kürəsinin özü qədər qədim bir dostum demişdi ki, doğum günü insanın özü ilə hesabat vaxtıdır. Ona görə, bu gün verdiyin qərarları götür-qoy etməli, zərərini, qazancını hesablamalısan. Dostumun yarım əsr öncə dediyi sözləri indilərdə xatırlayıb üzərində düşünməyim əbəs deyil. Çünki bu gün 26 yaşım tamam olur və bu, mənim həbsdə keçirdiyim sayca ikinci doğum günümdür. Güman ki, hesabat üçün bundan yaxşı fürsət ola bilməz.
Həyatımın son 10 ili təbir caiz görülsə, dava-şava içində keçib. O dövr çox adamın xatirəsindədir. Yeniyetməliyimin sonlarından gəncliyimin ən parlaq illərinə qədər barəmdə az qala hər ay sərasər çıxan xəbərlərin başqlıqları o günlərə şahidlik edir. Başlıqlar deyir ki, Allahın hər günü polis tərəfindən saxlanılmışam, polis bölmələrində fiziki şiddətə məruz qalmışam, hədələnmişəm, təqib edilmişəm və nəhayətində həbs olunmuşam. Hamısını ard-arda sıralayanda oxucuda hansı təəssüratı yaratdığını deyə bilmərəm, amma mənim yaşantımı, gəncliyimi əks etdirdiyi dəqiqdir.
Günlərim səs-küylü və yuxudan kəm olub. Mənim üçün həftə iş və qeyri-iş günlərinə bölünməyib. Reportaj hazırlamaq lazım idisə, deməli, iş günü idi. Çağıran, sözünü deməyə yer axtaran müsahib varsa, tərəddüdsüz getməliydim. Bəzən saatlarla qarın, yağışın qabağında dayanmaq lazım gəlirdi, bəzən də ölkənin digər ucundakı ünvana çatmaq üçün sübh açılmamış yola çıxmaq. Arada zarafatla deyirəm ki, mənim həbsimə qədər istirahət etmək imkanım olmayıb. Bununla belə həyatımın ən yaxşı vaxtlarının hansı olduğunu soruşsanız, şübhəsiz, ən çox işlədiyim günləri deyərəm.
Baş geri qayıda bilsəydim nəyi fərqli edərdim? Yəqin ki, həbsdən yayına biləcəyim hiç nə. Peşəmə yəni eyni inadkarlıqla, həmin sevgiylə sarılar, bəlkə daha çox reportaj hazırlamağa çalışardım. Hər hesabatın ən maraqlı hissəsi nəticədən razı qalıb-qalmadığını müəyyənləşdirməkdir. Mən razıyam. Çünki öz işimi görməkdən, doğru olanın ardınca getməkdən başqa nəsə eləməmişəm. Həbsdə peşmanlıqla xatırlanmayan azadlıqdan gözəl nə ola bilər ki? Bu, mənimlə yanaşı hazırda həbsdə olan bütün müstəqil jurnalistlərin nəsibidir. Həmkarılarımla çiyin-çiyinə dayanmağın verdiyi qürur hissi mənim üçün ən yaxşı doğum günü hədiyyəsidir.
Təbrik edən, yada salan hər kəsə minnətdaram. Dəstəyiniz həbsxananın daş divarlarından keçib bizə çatır, əzizlərim.
Hamınızı qucaqlayıram. Məndən arxayın, özünüzdən isə muğayat olun. Hər şey yaxşı olacaq. Mən inaniram. Siz də naümid olmayın.
