Azərbaycan Prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyeva Türkiyədə fəaliyyət göstərən bankın mühüm pay sahibləri sırasında göstərilir. Onların ailəsi ilə əlaqəli “PASHA Holding” Bodrumdakı lüks hotelin 50 faizinə sahibdir. Londonda isə Əliyev ailəsi ilə əlaqələndirilən milyonlarla funt sterlinqlik daşınmaz əmlak üzə çıxarılıb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsi ilə əlaqələndirilən “Gilan Holding”in adı dəyişdirilib, nizamnamə kapitalı 100 manata endirilib və şirkətlə bağlı müflisləşmə iddiası qaldırılıb. Dubaydakı şirkət sənədləri isə prezidentin qızları ilə nazirin oğlunun eyni biznes şəbəkəsində yer aldığını göstərir.
Bu barədə “The Ledgers” nəşrinin yayımladığı “Bir ölkə, iki ailə” (“One Country, Two Families”) adlı araşdırmada məlumat verilir. Araşdırma rəsmi maliyyə hesabatları, şirkət reyestrləri və korporativ sənədlərlə yanaşı, OCCRP, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ), “The Sentry”, “Azadlıq Radiosu”, “Meydan TV” və “Yeniavaz”ın əvvəlki araşdırmalarına əsaslanır.
Türkiyədən Böyük Britaniyaya, Dubaydan Bakıya qədər uzanan sənədlər Əliyev və Heydərov ailələrinin biznes əlaqələri haqqında hansı məlumatları ortaya çıxarır? Bu əlaqələrin arxasında duran maliyyə əməliyyatları, sərmayələrin mənbəyi və dövlət qurumlarının həmin bizneslərə münasibəti barədə nə məlumdur?

Sənədlərə görə, Əliyev ailəsi ilə əlaqələndirilən dörd bank 2022-ci ilin sonunda Azərbaycan bank sektorunun aktivlərinin 43 faizinə nəzarət edib. Londonda ailə və yaxın çevrəsi ilə əlaqəli 84 ofşor şirkət müəyyənləşdirilib. “PASHA Holding”in Türkiyədəki lüks hotelin yarısına sahib olduğu şirkətin öz açıqlamasında təsdiqlənib.
Digər tərəfdən, Kəmaləddin Heydərovun ailəsi ilə əlaqələndirilən “Gilan Holding”in nizamnamə kapitalı 98,5 milyon manatdan 100 manata qədər azaldılıb.
Ancaq bu rəqəmlərin heç biri özlüyündə ailələrin şəxsi sərvətini göstərmir. Araşdırma həm də hansı məlumatların sənədlərlə təsdiqləndiyini, hansılarının jurnalist araşdırmalarına əsaslandığını və hansı sualların hələ də cavabsız qaldığını müəyyənləşdirməyə çalışır.
Prezidentin qızlarının Türkiyə bankındakı payları
Əliyev ailəsinin Türkiyədəki biznes əlaqələrini göstərən sənədlərdən biri İstanbulda fəaliyyət göstərən “PASHA Yatırım Bankası”nın maliyyə hesabatıdır.
“The Ledgers”in istinad etdiyi “KPMG”in 2025-ci il hesabatında prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyeva bankda mühüm iştirak payına malik şəxslər kimi göstərilir. (AbzasMedia)

