Ən çox müdafiə etdiyimiz, tərif yağdırdığımız yerli məşqçilərdən fərqli olaraq…
Ən çox tənqid etdiyimiz Kurban Berdiyev bir dəfə olsun mətbuat konfransında kiminsə bostanına daş atmayıb. Guya ata bilməz? Tərpətsən deməyə o qədər sözü var ki…
Cəmi bir neçə həftə əvvəl azarkeşlər adına-sanına baxmadan gözünün içinə baxa-baxa getməsini tələb etmişdilər.
Dünənki parlaq qələbədən sonra nə onlara söz atdı, nə də getməli olduğunu deyən mənim kimilərə. Çünki peşəkardı. Yox, çox peşəkardı. Durduq yerdə Berdıyev olmayıb.
Bir neçə cümlə də digər əcnəbi baş məşqçi Valdas Dambrauskas barədə. Mövsümdə aldıqları ilk məğlubiyyətdən sonra mətbuat konfransında ağlaşma qurmadı. Nə Çempionlar Liqasını bəhanə gətirdi, nə də yorulan futbolçularını. Bütün məsuliyyəti öz üzərinə götürdü. Hətta rəqibi layiqli qələbəyə görə təbrik etdi.
O deməsə də hamımız yaxşı bilirik ki, dünənki məğlubiyyətdə ən azı “Turan”ın yaxşı çıxışı qədər Çempionlar Liqasının da payı vardı.
Elə şeylər var ki, onu media bilir, görür, danışır. Mətbuat konfranslarında atmaca atmaqla, bəhanələr gətirməklə qulaqlarımızı mazol etməyə ehtiyac yoxdur.
Ölkəmizə gətirəndə belə əcnəbilər gətirmək lazımdır ki, yerlilər üçün də nümunə göstərəcəyimiz nöqtələri olsun.
Daha Yuri Maksimov, Kaxaber Tsxadadze, Fernandu Santuş kimiləri yox e…
