17 C
Bakı
28 Oktyabr 2026 10:54
CəmiyyətHadisə

Mirsaleh Seyidovla bağlı həbsxana xatirəm…

Mirsaleh Seyidovun işdən çıxarılması barədə bu gün xəbər yayılanda yadıma onunla bağlı bir xatirə düşdü. Onsuz da həbsxana xatirələrimi zaman – zaman paylaşmağı düşünürəm. Sadəcə, fürsət tapa bilmirəm. Amma bu gün gündəmin Mirsaleh Seyidov olması məni onunla bağlı xatirəmi paylaşmağa vadar etdi.

20 yanvar 2023-cü il.

Gəncə İstintaq Təcridxanasının 67 saylı karserindəyəm. Aclıq aksiyasının 31-ci günüdür. Demək olar ki, son üç gündür su qəbulundan da imtina etmişəm. Səhhətim ağırlaşıb. Bir böyrəyim illər öncə xəstəliklə əlaqədar çıxarıldığından, soyuq, rütubətli və darısqal karserdə aclıq etməyim zəifləmiş digər böyrəyimdə şiddətli ağrılara səbəb olur.

Ombudsman Aparatının əməkdaşlarının, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin israrlı xahişlərini də rədd etmişdim. Qaçqınkomun sədri, ailəmizin ağsaqqalı, dəyərli ziyalımız cənab Rövşən Rzayev və Zahid Oruc xanımım vasitəsilə məndən aclığı dayandırmağı xahiş etsələr də, onların sözünü eşitməmişdim.

Qarşıma məqsəd qoymuşdum: Ya öləcəyəm, ya da həbsdən çıxacağam!

Gəncə Şəhər Prokurorluğunun əməkdaşları yanıma gələrək Baş prokuror Kamran Əliyevin imzası və üzərində «NƏZARƏTDƏDİR» möhürü olan məktubu oxudular, aclıq aksiyasına başlamağımın səbəbləri ilə bağlı məni sorğu-sual etdilər.

Saat 12:00 olardı. Soyuq və rütubətli otaqda qəfildən yuxudan ayıldım. Samuxdan olan, adını unutduğum növbətçi nəzarətçi təlaşlı görünürdü. Səbəbini soruşdum.

– Mirsaleh müəllim gəlib, bura gəlir, – dedi.

Artıq bir aydır ki, bu yerin «qonağı» olsam da, heç kəslə təmasda olmadığımdan Mirsalehin kim olduğunu bilmirdim. Buna baxmayaraq, otağı səliqə-səhmana salıb qonağım Mirsalehi gözlədim.

Bir saat keçməmiş kameramın barmaqlı qapısı açıldı. Eynəkli bir nəfər içəri daxil oldu. Otağa göz gəzdirdikdən sonra üzünü mənə tutub dedi:

– Barəndə çıxarılmış hökm ədalətsizdir, allahsızdır, vicdansızdır! Mən səni həbsdən buraxa bilmərəm. Amma «zon»a getsən, səni əlimin içində saxlayacağam. Sən aclığı dayandır. Ailənizin nömrəsini ver, mənə bir rəqəm de, evinizin kart hesabına pul göndərim. Səhhətin də yaxşı deyil, xüsusi reyslə səni xəstəxanaya yerləşdirəcəyəm. Bir sözlə, nə desən, edəcəyəm. Amma aclığı dayandır!

Diqqətlə üzünə baxıb soruşdum:

– Siz kimsiniz?

– Mirsaleh Seyidovam, Penitensiar Xidmətdə şöbə rəisiyəm.

– Aclığı dayandırdım. Mənə heç nəyiniz lazım deyil, – dedim.

Sözümü bitirməmiş yıxıldım. Bir də gözümü açanda artıq xəstəxanada – Müalicə Müəssisəsində idim.

Demə, həyat elə buradaymış!

Açıq gəzinti, fasiləsiz telefon danışıqları, saysız-hesabsız tanışlar… «Srok» sürətlə gedir.

Kürdəmirin sabiq icra başçısı, mənim dəyər verdiyim dostlarımdan Ceyhun Cəfərov, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov (Allah ona rəhmət eləsin), Biləsuvarın icra başçısı Mahir Quliyev, Milli Qəhrəman Rövşən Əkbərov, jurnalistlərdən Etibar Toğrul, AZTV-nin əməkdaşı Sənan…

Bir sözlə, məni görən hər kəs kövrəlir, barəmdə ədalətsiz qərar çıxarmış hakimə lənətlər oxuyurdu.

Xəstəxana heyəti mənə xüsusi münasibət göstərirdi. Hər kəs məni göstərərək:

– Bu, Mirsalehin tapşırdığı adamdır, – deyib qayğı ilə yanaşırdı.

Beləcə, həbsdə keçirdiyim günlər sanki azadlıqda yaşayırmışam kimi keçirdi.

Hətta mən həbsdə olduğum müddətdə nəzarətçilər və dustaqlar cənab Seyidovu nəzərdə tutaraq öz aralarında deyirdilər:

– Dayını Penitensiar Xidmətə rəis qoydular!

Mirsaleh Seyidov mən həbsdən çıxana qədər diqqətini üstümdən əskik etmədi. Demək olar ki, digər dustaqlardan fərqli olaraq, həbsdə ciddi çətinlik çəkmədim.

Ağdamın sabiq icra başçısı Raqub Məmmədovla uzun illər dostluğumuz olub. İcra başçısı təyin olunanda onunla ilk görüşümdə demişdim:

-Kaş başçı olmayaydın! Vəzifənə görə yaramaz adamlar səni ləkələyəcək.

Zaman məni haqlı çıxardı.

İndi isə düşünürəm ki, kaş cənab Seyidov da heç rəis olmayaydı, elə şöbə rəisi kimi fəaliyyətini davam etdirəydi…

Vəzifə əbədi deyil, amma etdiyin yaxşılıqlar yaxşı insanların xatirəsində əbədi qalacaq, cənab general!

Bu gün onun işdən çıxarılması xəbərini oxuyanda bütün bunlar yadıma düşdü. Mən bu xatirəni kimisə müdafiə etmək, yaxud kiməsə xoş görünmək üçün yazmıram. Sadəcə, ən ağır günlərimdə mənə uzadılan əli, göstərilən diqqəti və insanlığı unutmuram.

İnsan haqqında fikir söyləyərkən onun vəzifəsini deyil, insanlığını da nəzərə almaq lazımdır. Mənim Mirsaleh Seyidovla bağlı xatirəm budur.

Allah heç kəsi çətin gündə köməksiz qoymasın!

 

Xəyyam Salmanzadə

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qadağa siyasətinin paradoksu

redaktor

İran hicablı azərbaycanlı qızlara təhsil təklif edir, Bakı daxili işlərinə müdaxilədən danışır

admin

Bakıda FIFA U-15 Dünya Çempionatında QALMAQAL

admin