24 C
Bakı
18 Oktyabr 2026 12:53
Cəmiyyət

Günəşi suda boğub aldatmayın Rəşad Məcidi…

(Çatlamış dişlərə resenziya)

Payızın buqəlamun çağında, çağdaş mediya toplumunun deqradativ, aqoniya vaxtında fikirlərimə İmmanuel Kantın bir frazası ilə başlamağım lap yerinə düşər: Vərdişləriniz nə qədər çox olsa, azadlığınız da bir o qədər az olar…

Həə, əziz dostlar, dövrün zavallı “onurğasızlar”ı, “mütilik memarları”, beləcə vaxt itirmədən keçim sözümün paytaxtına, nüvəsinə, koordinat sistemi…

Belə ki, ədəbi — ictimai mühitdə daim imperialist təfəkkürün mövcudluğunda görünən Rəşad Məcid həzrətlərinin bugünlərdə Mətbuat Şurasının qurultayında namizəd olmaması ilə bağlı elə hey qarşıma bir sıra qısametrajlı (boyalı, bəh-bəh dolu!) alqış səsləri çıxmaqdadır…

Niyə özünüzü aldadırsınız?… Və ya niyə özünüzü aldadılmağa vadar edirsiniz, ay gözəlim məmləkətin öz “Axilles dabanı”ndan boylanan əliqələmliləri?!

Hətta hipokritlik göstərib, niyə saxtakarlıq edirsiniz ki?..

Təməlcə, yolca, mahiyyətcə, missiyaca… dəyişən, yeniləşən nədir ki?
Madam (guya!) bilmirsinizmi ki, bu qurultayın da “prosesi”, “nəticəsi” sadəcə qara xanalı “şahmat oyunları”nın növbəti “kombinasiya”sına, “mərhələsi”nə söykənib.

Madam (guya!) bilmirsinizmi?

Bilirsiniz(!), hətta Aynur Camalın nişan üzüyünün “güllələnmiş” qanadlarına, Qulu Məhərrəmlinin çatlamış dişlərindəki hər kəsin görə bilmədiyi (və ya görüb də deməyə iradəsi çatmadığı!) qandal şəklinə, Əvəz Zeynallının “çoxbucaqlılar fəsli”ndəki yarım əsrlik ömrünə qədər bilirsiniz!

Lap gözəl bilirsiniz, amma və lakin(!) Allahın qanı bahasına yenə də günəşi suda boğmaqla, balığı səhraya “öyrətməklə” məşğulsunuz!..

Axı hamın(M)ızın çox yaxşı tanıdığı, dayandığı nöqtəyə bələd olduğu, eyni zamanda, bu ölkədə Nargin adasına kürək söykəyib, mətbuatın ilahi prinsiplərini, meyarlarını, diriliyini, duruluğunu, azad nəfəsini… “maraqlara” qurban edənlər (və ya qurban edilməsinə şərait yaradanlar!) “qatarının” daimi sərnişini olmaqdan yorulmayan Rəşad Məciddən fövqəladə örnək mifi yaratmağa cəhd etməyin adı, ünvanı, mənası, məğzi… nədir? Ümumiyyətlə belə bir boşçoxluğa nə hacət?

Kim gedib? Hara gedib?

Rəşad Məciddən sonra təyin olunan şəxsin prinsipcə (məhz prinsipcə!) kimliyi birmənalı şəkildə Rəşad Məcidlərin (məxsus olduğu “ideyalar”ın, “xətt”in, “radiasiya”ların) heç hara getmədiyini ortaya qoyur, başqa heç nə!

Zatən, “itaətizm fəlsəfəsi” üzrə bu ünvanda Həsən Bəylərin irsinə Lefortovo zindanını yaşada-yaşada eləcə mətbuat adına gün keçirdən, dəyərlərə divan tutan, müti psixologiyası ilə robot kimi proqramlaşdırılmış bu jurnalist “ordusu” məlum qurultayda YA Rəşad Məcidi təyin edə bilərdi, YA DA elə bir ayrı Rəşad Məcidi — Rəşad Məcidin məxsus olduğu “kateqoriyanın” müdavimlərindən birisini!..

Heç kim heç yerə getməyibdir, əfəndilər!
Həmişəki kimi, qan rəngli bu limanda (Rəşad Məcid də daxil!) “mənfəətçilər qəbli”ndən olan hər kəs Tanrıya məxsus gəmilərin batmasına “xidmət” edir!… edib!… və bu gedişatla hələ çox “xidmət” edəcəkdir!

… Və yenə təkrar edirəm, heç kim heç yerə, heç hara getməyibdir!

Əksinə, bu gözəlim məmləkətin mətbu, mədəni camiəsində işğalçı niyyətli, mədh xislətli “missiyalar”, “prinsiplər”, “diqtələr”… qalmaq şərti ilə(!) yeni-yeni Əflatun Amaşovlar, Mir Şahin Ağayevlər, Rəşad Məcidlər, Aynur Camallar, Vüsalə Mahirqızılar… “yetişdirilməkdə”, çatlamış güzgülərə təqdim edilməkdədir!

… Möhtərəm sözümün bu vədəsində fikirlərimi bu dəfə Albert Eynşteynin nitqi ilə yekunlaşdırıram:
Həqiqəti tapmaq çətin deyil, çətin olan saxtakarlıq dənizində boğulmamaqdır.

 

Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Tacxeber.com

Oxşar xəbərlər

Din adına qurulan güc şəbəkələri

redaktor

Yol eyni qaldıqca, yolçunun dəyişməsi heç nəyi dəyişmir

redaktor

Dövlət hamınındır, onu heç kim öz inhisarına ala bilməz

redaktor