23 C
Bakı
12 Oktyabr 2026 12:03
CəmiyyətDinTəhsil

Dövlətin hər qərarının arxasında cəmiyyətin təhlükəsizliyi və gələcəyi dayanır

Dövlət bir qərar verirsə, deməli, ya hansısa problemi kökündən həll etmək istəyir, ya da həmin qərarın arxasında ictimaiyyətə açıqlanması mümkün olmayan məsələlər dayanır.

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaqını apardığı kifayət qədər dini radikalizmlə bağlı məhkəmə materialları oxumuşam. Bunların arasında din adı altında qruplaşmalara qoşulanlar da var, Suriyada döyüşən azərbaycanlılar da, nə qədər qəribə olsa da, İŞİD-ə rəğbət bəsləyənlər də…

Məsələn, birinə İŞİD-ə qoşulmaq üçün təklif gəlir, bu da deyir, fikirləşərəm.

Deyirlər, “sən fikirləşənə qədər xanım Zeynəbin məzarını dağıdacaqlar. Buna qeyrətin necə yol verir?”

Və nəticədə təsir altına düşür, sonradan Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulan cinayət əməlləri törədir.

Gündə polis kimdənsə silah tutur, hər gün DTX xəbərimiz olmadan kimlərisə zərərsizləşdir. Təlaş, çaşqınlıq yaratmamaq adına dövlətin təhlükəsizliyi üçün görülən bu işlərin böyük əksəriyyəti ictimaiyyətə açıqlanmır.

Yəqin ki, fikir vermisiniz, məktəblərdə hicab məsələsi müzakirə olunduğu gündən sosial şəbəkədə saxta iğtişaş videoları yayımlanır, feyk görüntülər, səslər ortaya atılır. Sanki Azərbaycan dövləti İslam dininə qarşıdır görüntüsü yaradılır.

Halbuki işğaldan azad olunmuş Qarabağda dövlət evlərdən əvvəl məscidləri bərpa edib, vaxtilə donuz saxlanılan Allah evinə insanların ziyarət etməsi üçün şərait yaradıb. Bir deyil, iki deyil – ən uca məscid Şuşada inşa olunur və s.

Ali rəhbərliyin məscidə Quran kitabı bağışladığı bir ölkədən söhbət edirik.

Bir dəfə Bakının rayonlarının birində bir şəxs məhkəmə binasını yandırmağa cəhd etmişdi ki, hökm yalnız Allaha məxsusdur, hakimlər qərar verə bilməz…

Bu ilin yanvarında Goranboyda 39 yaşlı Emin Vəliyev namaz qılmadığına görə anasını öldürüb, arvadına isə bıçaqla çoxsaylı xəsarətlər yetirmişdi…

İndi bu insanlara dünyavi təhsilin nə olduğunu necə başa salasan?..

Dövlət bir şeylər hiss edir, görür, bilir və lazım olduğu anda indiki və gələcək zaman üçün tədbir görür. Sərhədləri bağlayır, narazılıqla qarşılanır, amma bunun da tutarlı səbəbi var.

Bu dövlət Vətən müharibəsinə nə vaxt başlayacağını da bilir, hansı anda sülh danışıqları aparacağını da…

Hazırda Azərbaycanda sabitlik, əmin-amanlıqdırmı? Bəli! Bu, nəyin hesabına baş verir? Nəyin hesabına gecə küçədə rahat gəzə bilirik? Nəyin hesabına hər hansı insident ağlımızın ucundan belə keçmir? Hər şey özbaşınadırmı?

Xeyr! Dövlət işləyir, dövlət görür, dövlət vətəndaşın da yerinə düşünür, dövlət vətəndaşını da düşünür. Dövlət bu günü də fikirləşir, gələcəyi də…

Azərbaycanda din dövlətdən ayrıdır. Bu, Konstitusiyamızda da açıq şəkildə təsbit olunub.

Və 18-ci maddədə qeyd olunub ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin və dini cərəyanların yayılması və təbliği qadağandır.

Dövlətin məktəbləri dünyəvi təhsil verir. Tədris prosesi dini qaydalarla yox, qanunvericilik və təhsil proqramları əsasında təşkil olunur.

Azərbaycan vətəndaşı müsəlman, xristian və ya başqa dinin nümayəndəsi ola və ya Allaha inanmaya bilər. Dövlət buna hər hansı müdaxilə etmir. Azərbaycan dövləti vətəndaşını Xristian dinini qəbul etdiyinə görə onu şallaqlamır, sorğulamır. İstənilən şəxs müəyyən edilmiş çərçivədə namaz qıla, oruc tuta və ya kilsəyə gedə bilər, dini ayinləri yerinə yetirmək hüququna malikdir.

Amma dövlət Məhərrəmlik ayında vətəndaşın özünə zəncir vurub, xüsusən də bunu azyaşlı uşağın gözü qarşısında reallaşdırdığını görəndə, müdaxilə edir. Gələcək üçün…

Azərbaycan dini yox, qanun kitabları ilə idarə olunur. Və o qanunda yazılıb: Dünyavi təhsil…

Məktəb axirət yox, təhsil qazanmaq yeridir…

 

Emin Səfərov

Tacxeber.com

Oxşar xəbərlər

Prezidentin xüsusi nümayəndəsinin adı 100 min manatlıq hərrac işində: məhkəmə araşdırmayıb

admin

Məktəb forması, hicab və dövlətin prinsipial mövqeyi

redaktor

İran məktəbli forması bəhanəsi ilə Azərbaycana şəriət qanunları tətbiq etməyə çalışır

redaktor