Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrlik postuna namizəd kimi tez-tez adı hallanan iki şəxsdən biri Anarizm cərəyanının sadiq diktatorlarından olan, Azərbaycan mətbuatını hemorragik insult vəziyyətinə gətirən (və ya gətirilməsinə şərait yaradan!) qandal sevdalı Rəşad Məcid həzrətləridir. O Rəşad Məcid ki, hansı görəvdə oldusa, o görəv Tanrı ləpirinə, aydınlıq üzünə həsrət qaldı! O Rəşad Məcid ki..;
ALLAHIN QANINI QƏLƏMİN MÜRƏKKƏBİNƏ ÇEVİRƏN RƏŞAD MƏCİD…
Payızın yağışda, yağışın saat əqrəblərində gizləndiyi bir vaxtda — ilin-günün bu çağında indi də Rəşad Məcid həzrətləri çağdaş mətbuatdakı (xüsusən də qəzetçilikdəki) peşəkar jurnalistlərin küncə qısılmasından söz açıb, məğlub notlar caynağında haray salıb, giley-güzar edir, hətta onları ruhdan düşməməyə, həmrəy və çevik olmağa çağırır…
Amma və lakin(!) deyəsən, unudub ki, necə deyərlər, lələ köçüb, heç yurdu da qalmayıb…
Adam əli ilə dəfn etdiyini ayağı ilə axtarmaz axı, ey gözəlim məmləkətin buxov sevdalı Şura sədri!
İndisə gələk mövzunun məğzinə, mətləbinə, mərkəzinə…
Məsələ qəzetçilik məsələsi deyil, ay öz diktator prinsipləri ilə söz azadlığının “tabular gəmisi”ndə gicgahına güllə sıxan (və ya güllə sıxılmasına fürsət verənlər ordusuna mənsub olan!) Rəşad Məcid cənabları!
Məsələ siz Rəşad Məcidlərin (və bu mühitdə adını peşəkar qoyduğunuz bir çoxlarının!) şəxsində genetikası zədələnib (hətta dəyişdirilib!), üzü Nargin adasına sarı çevirilən müasir Azərbaycan mətbuatının VƏ o mətbuatdakı surətini iliyinə qədər itaətkarlıq bürümüş, bu gün “çağdaş mətbuatda mütiliyin yolları” mövzusunda səhər-axşam “dissertasiya” yazan jurnalist imicinin varlığındadır! Məhz məsələ buradadır!
… Danışa, yaza bilirsinizsə ölkədəki gerçək mətbuatın hansı situasiyada olmasından, bir az da konkret desək, (az qism istisna!) mətbu orqanların, mətbu prinsiplərin (hətta jurnalist və jurnalistika varlığının) hansı situasiyada can çəkməsindən, həmçinin zənglərlə, xahişlərlə, yarınmağa “xidmət” edən xislətlə, eyni zamanda, “maraqların diqtəsi” ilə öz peşəsinin (və eləcə də qələminin, mövqeyinin) “onurğasını” sındırıb (və ya sındırılmasına şərait yaradıb!), o peşənin ilahi prinsiplərini “maraqlara” qurban edən (qurban etmək üçün hətta növbədə dayanan!) (siz də daxil!) əliqələmlilərin mövcudluğundan, öz yanlışlıqlarınızdan… və bütün bunların fonunda mətbuatın anasının ağlar günə qoyulmasından DANIŞIN, YAZIN, HƏTTA ETİRAF EDİN!
… Axı Allahın qanını qələmin mürəkkəbinə çevirən sizlər heç vaxt bağışlanmayacaqsınız, Rəşad Məcid!
