ABŞ-ın Tennessi ştatında ölüm cəzasına məhkum edilmiş 50 yaşlı məhbus Krista Payk bugün, sentyabrın 30-da edam edilə bilər. Hökm icra olunarsa, Payk 1820-ci ildən bəri ştatda edam edilən ilk qadın olacaq.
1995-ci il yanvarın 12-də Payk və onun sevgilisi Tadaril Şipp problemli davranışları olan yeniyetmələr üçün peşə hazırlığı düşərgəsində tanış olduqları Kollin Slemmer adlı qızı xüsusi amansızlıqla öldürüblər. Qətlin motivi qısqanclıq olub. Payk hesab edib ki, Kollin onun sevgilisi Tadarili tovlamağa çalışır.
Payk birinci dərəcəli qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Cinayət törədilərkən 17 yaşı olan Şipp isə vaxtından əvvəl azadlığa buraxılmaq imkanı ilə ömürlük həbs cəzası alıb.
Hökm çıxarıldıqdan sonra Paykın ağır uşaqlıq keçirdiyi və sağlamlıq problemlərinin olduğu məlum olub. Valideynləri qızlarına kifayət qədər diqqət göstərməyib, ailədə anasının ərləri və sevgililəri tərəfindən cinsi zorakılığa məruz qalıb, 11 və 17 yaşlarında isə zorlanıb. Sonradan ona posttravmatik stress və bipolyar pozuntular diaqnozu qoyulub.
“Amnesty International” və Amerika Vətəndaş Azadlıqları İttifaqı (ACLU) da daxil olmaqla, hüquq müdafiə təşkilatları Tennessi qubernatoru Bill Lidən müdaxilə edərək ölüm hökmünü başqa cəza ilə əvəz etməsini istəyiblər.
Əfv xahişində Payk özü yazıb ki, yalnız illər keçdikdən sonra törətdiyi cinayəti tam şəkildə dərk edə bilib: «Mən psixi cəhətdən sağlam olmayan 18 yaşlı uşaq idim. Etdiyim əməlin bütün ağırlığını dərk etməyim üçün illər lazım oldu. Bunun neçə insana təsir etdiyini başa düşmək üçün isə daha çox vaxt keçdi. Mən kiminsə övladının, bacısının, dostunun həyatına son qoydum. Belə bir cinayət törədə bildiyim barədə düşünəndə indi ürəyim bulanır».
Paykin vəkilləri də qeyd ediblər ki, onun ölüm hökmünün icrası hətta Tennessi ştatının öz meyarlarına görə də müstəsna hal olacaq. Paykdən başqa, ştatda yalnız yeddi məhbus 18 yaşında törətdiyi cinayətə görə ölüm cəzasına məhkum edilib. Sonradan onların hamısının edam cəzası ömürlük həbs cəzası ilə əvəzlənib. Beləliklə, Payk yeniyetmə yaşında törətdiyi cinayətə görə Tennessi ştatında edam edilən yeganə şəxs ola bilər.
Lakin məsələ bundadır ki, 31 il əvvəl törədilən hadisə Krista Paykın yeganə cinayəti deyil. O, 2001-ci ildə kamera yoldaşını ayaqqabı bağı ilə boğmağa cəhd edib və buna görə əlavə 25 il həbs cəzası alıb. Dinlənilən telefon danışığı zamanı Paykın “30 saniyəm də olsaydı, işini bitirəcəkdim” deməsi qeydə alınıb.
2012-ci ildə isə 35 yaşlı Krista 23 yaşlı nəzarətçi Castin Heflin ilə sevgi münasibətləri quraraq iradəsinə tabe etdirib və onun köməyi ilə qaçış planı hazırlayıb. Lakin öncədən xəbər tutan həbsxana departamenti cəhdin qarşısını alıb.
Bütün bu hadisələr Krista Paykın edam cəzasının dəyişdirilməsi perspektivinə mənfi təsir göstərib. Onun edam günü düz bir il əvvəl, 2025-ci il sentyabrın 30-da müəyyənləşdirilib.
Tenessi ştatının qubernatoru Bill Li sentyabrın 28-də sonuncu əfv xahişini rədd edib. Krista Paykın vəkilləri edamı son anda durdurmaq üçün ABŞ Ali Məhkəməsinə müraciət ediblər. Bu, onun hüquqi baxımdan icra oluna biləcək ən son şansıdır. Əgər müraciət rədd edilərsə, hökm ölümcül inyeksiya üsulu ilə icra ediləcək.
ABŞ-da qadınların edam edilməsi geniş yayılmış hal deyil. Ölüm Hökmü İnformasiya Mərkəzinin (DPIC) son məlumatlarına əsasən, 1976-cı ildən bəri ölkədə 1664 kişi və 18 qadın edam edilib.