26 C
Bakı
27 Sentyabr 2026 14:27
DünyaSiyasət

Emosiya yox, faktlar: Türkiyə qardaşlarımıza izah

Türkiyədən bəzi izləyicilər və Facebookdakı dostlar, o cümlədən ölkəmizdə yaşayan türk qardaşlarımız yazırlar ki, nələr baş verir? Niyə bunlar oldu və sair.

Mən dəyərli Türkiyə qardaşlarımıza müraciət edərək aşağıdakıları xüsusilə diqqətə çatdırmaq istəyirəm. Lütfən, hər bir tezis, hər bir cümlə üzərində diqqətlə, soyuq başla düşünün və Azərbaycanla empati qurmağa çalışın.

1) Azərbaycan dost və düşmənlərini təkcə I və II Qarabağ müharibələrində tanımadı. Azərbaycan dost və düşmənlərini 1991-ci ildə müstəqillik əldə etdikdən indiyə qədər keçən 35 il ərzində tanıdı. İlk üçlükdə möhkəm yer tutan və müstəqilliyimizi ilk tanıyan Türkiyə, İsrail və Pakistan oldu;

2) Biz bu gün İsrailə qarşı hər hansı addım atsaq İsrailin “biz sizə son 35 ildə nə pislik etmişik” sualına cavab tapa bilməyəcəyik. Əksinə, I Qarabağ Müharibəsində güclü erməni diasporu Azərbaycanı bütün dünyada informasiya blokadasına almışdı. O dövrdə bu blokadadan çıxmağa (güclü lobbisi sayəsində) ən çox və effektiv kömək edən dövlət İsrail oldu;

3) İsrail erməni soyqırımını indiyə qədər tanımadı (Türkiyə bunu həmişə nəzərə almalıdır). İsrail Xocalı soyqırımını ilk tanıyan və BMT tribunası daxil bütün səviyyələrdə qınayan ölkələrdən biri, hətta birincisi (ümumiyyətlə Azərbaycanın tərəfində olmaq məsələsində Türkiyə, İsrail və Pakistanın atdığı addımların xronologiyası günlərlə deyil, saatlarla, dəqiqələrlə ölçülürdü) oldu. İsraildə Xocalı soyqırımı qurbanlarının xatirəsinə park salındı və həmin parkda Xocalı soyqırımı qurbanlarının sayı qədər ağac əkildi!

4) 35 il ərzində İsrail bircə dəfə də olsa Azərbaycana qarşı hər hansı addım atmadı. Azərbaycanda və İsraildə hansı iqtidarların hakimiyyətdə olmasından asılı olmayaraq!!!

5) I Qarabağ Müharibəsində bizim ordumuz formalaşmadığı, əsgərlərimizin döyüş təcrübələri daha az olduğu üçün ən çox Fələstin, Livan və Suriyadan gəlib ermənilər tərəfində vuruşan müsəlman muzdlular tərəfindən öldürülürdü. Həmin muzdlular çox amansız idilər, açığı bacarmırdıq;

6) Fələstin hökuməti və xalqı son 35 il ərzində davamlı olaraq erməniləri dəstəkləmiş, “erməni soyqırımını” tanımış (bunu Türkiyənin nəzərə almaması da üzücüdür) və Yasser Arafat daxil bütün Fələstin liderləri “ermənilərin dərdi dərdimiz, acıları acımız, sevincləri sevincimizdir”, “bizim taleyimiz Osmanlı tərəfindən soyqırıma məruz qalmış ermənilərlə oxşardır, bizi birləşdirən də bu oxşar taledir” və sair fikirləri əsas tezislərinə çevirmişlər! Bu gün də Fələstin öz politoloqlarının dili ilə Azərbaycanı “etnik təmizləmə” kimi sərsəm iddialarla ittiham edir. Baxmayaraq ki, heç erməni hakimiyyətinin özü bunu qəbul etmir!

7) Hazırda Yaxın Şərq uğrunda Britaniya-Fransa və ABŞ-İsrail dövlətləri deyil, onların arxalarındakı böyük güclər arasında nüfuz müharibəsi gedir. Dövlətlər təmsilçilərdir, əsas oyunçular deyil. Artıq mesaj verildi ki, biz Yaxın Şərqin öz nüfuz dairəmizdən elə-belə çıxmasına razı olmarıq, əgər israr etsəniz sizə iqtisadi inkişaf, sabitlik və enerji mərkəzi olan Yaxın Şərqin xarabalıqlarını verərik! İranın körfəz ölkələrinə hücumu, Husilərin Səudiyyə Ərəbistanını atəşə tutması, neft emalı zavodları, anbar və boruların partladılması, turizmin çökməsi, sabitliyin məhv olması, investisiya qaçışları və sair baş verənlər dediyim fikirləri təsdiq etmirmi??

8 Artıq Fransa öz qoşunları ilə Səudiyyə Ərəbistanına gəlməyi planlaşdırır, az sonra İngiltərə də qayıdacaq! Bu halda İsraillə yenidən masaya oturmaq var, münasibətlərin bərpası məsələsi var. O zaman qardaş ölkə Azərbaycan münasibətlərin daha sürətli bərpası üçün əlindən gələni edəcək. Əziz türk qardaşlarımız! Heç vaxt olmaz deməyin. 07 oktyabrda baş verən hadisələrdən öncə heç vaxt normallaşmaz deyilən münasibətlər normallaşırdı!

9) Belə bir fikir səsləndirilir ki, Türkiyə və İsrail müharibə etsə Azərbaycan İsrailin tərəfində duracaq! Əmin olun ki, bunu deyənlər Azərbaycandan daha çox Türkiyənin özünün düşmənləridir. Son hadisələr də göstərir ki, Türkiyənin içərisində Türkiyənin yox olmasının istəyən qüvvələr kifayət qədərdir! Birincisi, Türkiyə ağılsız dövlət deyil ki, İsraillə müharibəyə girsin. Elə İsrail də ağılsız dövlət deyil ki, Türkiyəni hərb meydanında qarşısına alsın. Böyük güclər üçün Türkiyəni müharibəyə cəlb etmək lazımdırsa, onu ya Husilərlə, ya İranla, ya başqa dövlətlə toqquşdurarlar! Hazırda vəziyyətə baxın. Müsəlman Husilər müsəlman Səudiyyə Ərəbistanını raket atəşinə tutub, bombalayır, müsəlman dövlətlər olan Türkiyə və Pakistanın həmin müharibəyə qoşulma riski yaranır. Qıran da müsəlman, qırılan da!! Türkiyə elitası böyük xəritəni və oyunu əlbəttə görür. Amma bunu uyğun bir dillə xalqa çatdırmaq önəmlidir! Millətin və dövlətin mənafeyi mövzu olduqda din həlledici amil olmamalıdır! Bu dövləti və milləti, onun gələcəyini uçuruma aparar! Qısası, 1% belə ehtimal vermədiyim Türkiyə-İsrail müharibəsi olarsa, Azərbaycan əvvəla bu müharibənin olmaması üçün, dediyim kimi, 1% ehtimalı olmasa da, hətta baş verərsə belə hər iki dövlətin arasında olaraq qısa müddətdə sülhə nail olmaq və mənasız qarşıdurmanın aradan qalxması üçün əlindən gələni edəcək! Unutmayaq ki, hətta bu il Türkiyə-İsrail arasındakı ən gərgin zamanlarda İsrail “erməni soyqırımını” tanımaq istədikdə belə Azərbaycan buna mane oldu, İsraili bu addımı atmamağa inandırdı. Amma Türkiyənin özü daxil olmaqla heç kim MÜSƏLMAN Fələstini “erməni soyqırımını” tanımaqdan imtina etməyə hələ inandıra bilməyib! İsrail “erməni soyqırımını” hələ də tanımır, amma müsəlman Fələstin dövləti rəsmən tanıyır! Bütün bunlara baxmayaraq, Azərbaycan öz bəyanatlarında hər cür qan tökülməsini, müharibələri pislədiyini, İsrail və Fələstin məsələsinin hərb meydanında deyil, masa arxasında diplomatik yollarla həllinin tərəfdarı olduğunu vurğulamışdır!

10) Böyük oyunun nə dərəcədə təhlükəli olduğunu anladıqca iki qardaş, strateji müttəfiq olan dövlətin bir-birinə qarşı qoyulmasının kimlərin dəyirmanına su tökdüyünü dərk edərik. ABŞ daxil heç bir dövlət bu dünyada istədiyini edə bilmir. Hətta bu kənara, düşünün ki, ABŞ və Rusiya kimi böyük dövlətləri oyuna gətirib bataqlığa sala bilənlər digər dövlətlərə nələr edə bilərlər! Düşünün, ABŞ və İsrail ikisi birlikdə İranda istədiklərini edə bilmədilər! Sadəlövhcəsinə düşünürsünüz ki, bu İranın güclü olması deməkdir?? Sadəcə olaraq, hələlik böyük güclər arasında razılaşma yoxdur, bazarlıqda son şərtlər aydın deyil. Razılıq olduqda vəziyyət də dəyişəcək;

11) Nəhayət, anlayacağıq ki, hazırki məqamda ən uğurlu strateji addım qarşıdan gələn qlobal iqtisadi sunamilərə qarşı hazırlıqlı olmaq, daxili siyasətə fokuslanıb iqtisadiyyatı gücləndirmək və dayanıqlı etmək, ölkənin mənafeyi, güclənməsi və ən əsası, bu qədər təlatümlü və riskli dünyada kimlərinsə dəyirmanına su tökməyə çalışmadan öz dövlətini bataqlıqlardan, qandan, müharibə və qarşıdurmalardan uzaqda saxlamağa çalışmaqdır! Belə bir dünyada dost-qardaş itirməyin vaxtı deyil!

Dostluğumuz və qardaşlığımız əbədi olsun!

Rasional düşüncənin hisslərə, müdrikliyin cəhalətə qalib gələcəyinə inanıram!

P.S. Bütün bu baş verən hadisələrdə bəlkə ölkəmizin də təqsiri və günahı var. Bu təqsir və günah ondan ibarətdir ki, biz I Qarabağ Müharibəsi daxil olmaqla son 35 ildə hansı dövlətlərin başımıza nələr gətirdiyini, hansıların isə yanımızda olduqlarını kifayət qədər təbliğ edə, həqiqətləri çatdıra bilməmişik! Bizim günahımız yalnız budur!

Elman Sadıqov

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın müstəqil xarici siyasəti müzakirə mövzusu deyil, dövlət marağının tələbidir

redaktor

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor

Fatih Altaylıdan kritik sual: Niyə hədəf həmişə Azərbaycandır?

redaktor