DünyaSiyasət

Trampın Çinə təzyiq planı niyə uğursuz görünür?

Sabah Tramp Si ilə görüşəcək. Bu Trampın Çinə may səfərinə cavab səfəridir. Mayda Tramp Çinə İran bataqlığına girib gəlmişdi və bunun nəticəsi olaraq əliboş da geri qayıtdı (https://www.facebook.com/asif.shafaggatov.3/posts/4362205374095540).

Si Trampa “Fukidid tələsi”ni xatırlatdı (https://www.facebook.com/asif.shafaggatov.3/posts/4360691820913562)

O vaxtdan 4 ay keçib. Görünən budur ki, Tramp Sinin xatırlatmasından dərs çıxartmayıb. O vaxt Tramp ümid edirdi ki, növbəti görüşədək İranla müharibədə mövqelərini möhkəmlədərək, Çinlə daha sərt mövqedən danışacaq və Konqresə seçkilərdə reytinqini yüksəldəcək (elə buna görə görüş tarixini sentyabra təyin etmişdi). Amma hər şey əksinə oldu – indi Hörmüz boğazı ilə yanaşı Bab əl-Məndab boğazı da Qərbin nəzarətindən çıxıb.

Çinə qarşı hər hansı “kozırı” olsun deyə Tramp Konqresdə təcili gorbagor Linsi Qrahamın “Cəhənnəm sanksiyaları” qanununu qəbul etdirdi və dərhal onu imzaladı. Lakin qanun avtomatik işə düşmür – qanun prezidentə səlahiyyət verir ki, Rusiya və İrandan neft alan istənilən ölkənin banklarını, bu nefti alan, emal edən və digər qaydada istifadə edən şirkətlərə, onunla bağlı əməliyyatlar aparan banklara sanksiyalar, neft alan ölkənin ABŞ-a ixrac etdiyi mallara əlavə 100%-dək tarif tətbiq etsin. Bunun üçün Tramp hər bir halda xüsusi fərman imzalamalıdır. Hələlik Tramp bir fərman da imzalamayıb.

Niyə? Səbəb aydındır. Rusiya neftinin ən böyük alıcıları Çin və Hindistan, İranınkının – Çindir. ABŞ müvafiq fərmanı imzalamamaqla bir növ Çini şantaj edir – ABŞ-a güzəştə getməsəniz, sizə qarşı “Cəhənnəm sanksiyaları”nı tətbiq edərəm.

Adını da elə qoyublar ki, sanki uşaq qorxudurlar – biz deyəni etməsəniz, Xoxan gəlib sizi aparar.

Əslində, neft qıtlığından ABŞ-ın da əziyyət çəkdiyi indiki zamanda “Cəhənnəm sanksiyaları” mənasız bir sənəddir. Onun bəlkə də 1 il əvvəl müəyyən gücü ola bilərdi, indi isə o kloun rekvizitidir. Nə Çin, nə də Hindistan Rusiya neftini almağı dayandırmayacaq – onların bunu etməsi ABŞ üçün də fəlakət olardı.

Trampın əlində daha hansı “kozırlar” var? Çox düşündüm, lakin başqa heç nə tapa bilmədim. Tayvana hərbi yardım da Trampın “kozırı” ola bilərdi, amma indi ABŞ-ın özünə hərbi yardım lazımdır. Elə “Cəhənnəm sanksiyaları”nın təcili qəbul edilməsi o demək idi ki, ABŞ-ın samballı bir “kozırı” yoxdur. Necə deyərlər, suda boğulan saman çöpündən yapışar.

Bəs bu “kozırla” Tramp Sidən nə istəyir?

İranın Hörmüz, husilərin Bab əl-Məndab boğazlarını açmasında Çin kömək etsin;

Çin İrana qarşı sanksiyalara qoşulsun;

Çin nadir elementlərin ABŞ-a satılması üzrə sanksiyaları yumşaltsın;

Çin ABŞ-dan k/t məhsullarının alışını 2025-ci ildən əvvəlki səviyyəyə yüksəltsin;

Süni intellektin inkişafına qarşılıqlı məhdudiyyət və nəzarət təşəbbüsünə qoşulsun;

ABŞ-la yumşaldılmış tarif razılaşmasının müddətinin artırılmasına razılıq bildirsin (müddəti noyabrda bitir – hazırda Çin mallarına gömrük tarifi 29%-dir. Çin razılaşmasa, tarif faizi bir neçə dəfə artmalıdır – bu isə ABŞ istehlak bazarında xaos yarada bilər);

Kanada ilə ticarət əlaqələrini məhdudlaşdırsın və s.

Göründüyü kimi istəklər çoxdur, amma bu istəkləri tələb etmək üçün “kötəyi” bircə “Cəhənnəm sanksiyaları”dır. Çin hansı ağılla Trampın istəklərinə “hə” deməlidir?!

“Kötək” işləmirsə, Tramp “kökə” təklif etməlidir. Bəs “kökə” nə ola bilər? Tayvandan tam imtina etmək!

Tramp buna gedərmi? Tramp bəlkə də gedərdi, amma bu halda ABŞ “dərin dövləti” onu məhv edər. Yaxın Şərqi tabeliyində saxlamaq üçün ABŞ İsraili necə saxlayırdısa, Tayvan da eyni funksiyalsrla Sakit okean hövzəsi üçün saxlanılıb. ABŞ Tayvanı əldən versə, Çinə qarşı ciddi bir “aləti” qalmayacaq və faktiki olaraq Çinin hegemonluğu ilə barışmalı olacaq.

Bir sözlə, “kökə” ilə bağlı razılığa gələ bilməyəcəklər. Çinin isə ABŞ-dan istədiyi yalnız budur. Qalan bütün asılılıqlarını artıq həll edib.

Belə çıxır ki, görüş nəticəsiz olacaq. Yalnız yumşaldılmış tarif razılaşmasının müddətinin uzadılacağını gözləyirəm.

Razılığın olmadığı bir məsələdən də görünür: Çinin baş nazirinin müavini Xe Lifen 20 sentyabrda Nyu-Yorka gələrək, ABŞ-nin maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qrirlə 8 saatlıq danışıqlar aparıb. Danışıqların mövzusu Tramp-Si görüşündə razılaşdırılmalı məsələlər olub. Əslində görüşə 3 gün qalmış protokol və təhlükəsizlik məsələləri dəqiqləşdirilə bilər, görüşdə imzalanacaq sənədlər isə azı 2 həftə əvvəl tam hazır olmalı idi. Əgər görüşə 3 gün qalmış belə məsələlər saatlarla müzakirə olunursa, deməli, bu vaxtadək onlar üzrə razılığa gələ bilməyiblər.

Ümumiyyətlə isə, Çin Trampla niyə hansısa ciddi razılığa gəlməlidir ki? Bu adam onsuz da imzaladığı sənədə də riayət etmir. Həm də bir azdan Konqresə seçkilər olacaq və respublikaçılar uduzacaqlar. Bundan sonra Konqres Trampa və komandasına qarşı hücuma keçəcək – Tramp ABŞ arabasının 5-ci təkərinə çevriləcək. Yəni ABŞ hakimiyyətində “suların durulmasını” gözləmək daha doğru olar.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Hüsilərin hücumu və İranın ideoloji niyyəti

redaktor

Hicab, yoxsa geyim idxalı?

redaktor

İran səfirinin məntiqsiz “güc balansı” tezisi

redaktor