GündəmHadisəQalmaqalSiyasət

Fransa Azərbaycanda “özbaşına saxlanılma və ədalətsiz məhkəmə riski” olduğunu deyir, Bakı etiraz edir

Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycana səfərlə bağlı xəbərdarlığını ölkədə “özbaşına saxlanılma və ədalətsiz məhkəmə” riski ilə əsaslandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu iddiaları rədd edib.

Fransa XİN-in mətbuat katibi Paskal Konfavrö sentyabrın 17-də keçirdiyi brifinqdə Azərbaycana səfərin niyə tövsiyə edilmədiyi barədə suala cavab verib.

O bildirib ki, Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olan şəxslərə zəruri səbəb olmadıqca Azərbaycana səfər etməmək tövsiyə olunur. Mətbuat katibi bunu Azərbaycanda “özbaşına saxlanılma və ədalətsiz məhkəmə” riski ilə əlaqələndirib.

Fransa XİN mətbuat katibi Paskal Konfavrö. Foto: French-American FoundationFransa XİN mətbuat katibi Paskal Konfavrö. Foto: French-American Foundation

Fransa XİN-in sentyabrın 15-də yenilənən Azərbaycan üzrə səyahət tövsiyəsində də ölkənin böyük hissəsinə zəruri səbəb olmadıqca səfər etməmək məsləhət görülür. Nazirlik iddia edir ki, Azərbaycanda olan Fransa vətəndaşları, o cümlədən turistlər və işgüzar səfərdə olan şəxslər həbs, özbaşına saxlanılma və ədalətsiz məhkəmə riski ilə üzləşə bilərlər.

Sentyabrın 18-də Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransa tərəfinin mövqeyini “qətiyyətlə pislədiklərini və rədd etdiklərini” bildirib.

Hacızadənin sözlərinə görə, ayrı-ayrı cinayət işləri üzrə Azərbaycanda keçirilən məhkəmə proseslərinin siyasi mülahizələrlə təqdim edilməsi və ölkənin məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.

“Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almaması diqqətdən kənarda qala bilməz”, – XİN rəsmisi deyib.

Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə. Foto: APAAzərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə. Foto: APA

Hacızadə həmçinin Fransanı beynəlxalq hüquq pozuntuları, irqçilik, diskriminasiya və insan hüquqlarının məhdudlaşdırılması ilə bağlı tənqid edib.

Azərbaycan XİN Fransa tərəfini “Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə”, ölkənin suverenliyinə və daxili işlərinə hörmət etməyə, həmçinin ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırıb.

Fransa ilə Azərbaycan arasında münasibətlər son illərdə bir sıra həbslər və qarşılıqlı ittihamlar fonunda gərginləşib.

Fransa vətəndaşı, “Merkorama” şirkətinin rəhbəri Martin Ryan 2023-cü ilin dekabrında Azərbaycanda saxlanılıb. O, Fransanın xüsusi xidmət orqanlarının xeyrinə casusluqda ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 2026-cı il martın 16-da Ryanı 10 il müddətinə azadlıqdan məhrum edib. İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Ryan ittihamları qəbul etmir. Fransa XİN isə hökmü “özbaşına” adlandıraraq onun dərhal azad edilməsini tələb edib.

Bir neçə gün əvvəl “Financial Times” yazıb ki, Fransa Azərbaycanda saxlanılan bir neçə vətəndaşının azad edilməsinə nail olmaq məqsədilə Rusiya və Özbəkistan vətəndaşı olan milyarder Alişer Usmanovun Avropa İttifaqının sanksiya siyahısından çıxarılmasını istəyib. Nəşrin məlumatına görə, Fransanın mövqeyi Aİ-nin Rusiya ilə bağlı sanksiyalarının uzadılması prosesini də çətinləşdirib.

“Reuters” də üç avropalı diplomata istinadən yazıb ki, Paris qapalı müzakirələrdə bu mövqeyi Azərbaycanda saxlanılan iki Fransa vətəndaşının taleyi ilə əlaqələndirib.

Mənbələr “Reuters”ə bildiriblər ki, Fransa tərəfi Bakının saxlanılan fransızlardan Parisə təzyiq vasitəsi kimi istifadə etdiyini və Usmanovun sanksiya siyahısından çıxarılması məsələsində güzəşt əldə etməyə çalışdığını iddia edib.

Fransanın diplomatik mənbələri agentliyə Parisin Usmanova qarşı sanksiyaların ləğvini “milli təhlükəsizlik mülahizələri” ilə istədiyini deyiblər.

“Reuters” həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin daha əvvəl Usmanovun sanksiya siyahısından çıxarılmasına çalışdığını, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Aİ-ni bu sanksiyaları ləğv etməyə çağırdığını yazıb.

Diplomatların sözlərinə görə, Fransa Qətər və Qazaxıstanın da Bakının mövqeyini dəstəklədiyini düşünür. Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qətərin xarici işlər nazirlikləri “Reuters”in sorğusuna cavab verməyib.

“Le Monde” da mənbələrinə istinadən Parisin bu addımının Azərbaycanda saxlanılan Fransa vətəndaşlarının, o cümlədən Martin Ryanın azad edilməsi ilə əlaqəli ola biləcəyini yazıb. Bununla belə, Fransa hakimiyyəti Usmanovun sanksiyalardan çıxarılması ilə məhbusların azadlığı arasında rəsmi razılaşmanın olduğunu açıq şəkildə təsdiqləməyib. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Çinin elektomobilləri casusluq edir?

redaktor

Paşinyan 7100 dollar maaş alacaq

redaktor

Trampın Kanada hesabı tutmadı

redaktor