Çinin elektrik mühərriki ilə işləyən avtomobilləri bir çox ölkələrin maşın bazarını ələ keçirdiyi kimi, Azərbaycan avtomobil bazarını da ələ keçirib. Bunu 2025-ci ilin yekunları təsdiq edir. Məlumata görə, 2025-ci ilin yekunlarına görə ən satılan marka BYD olub.
“Arzularınızı gerçəkləşdirin” anlamına gələn “Build Your Dreams” (BYD) 2025-ci ildə 15 535 maşın satııb ki, bu da 2024-cü illə müqayisədə 410 faiz artım deməkdir. BYD-ni Çinin digər brendləri, Nevo və Changan təqib edir. Changan-ın alt btrendi olan Nevo ötən il 15 399 ədəd, Changan özü isə 13 386 ədəd elektrik mühərrikli və ya hibrid sistemli maşın satıb. Yaponiyanın avtomobil nəhəngi Toyota 6 926 satışla dördüncü olsa da, Çin brendləri ilə rəqabətdə çox geri qalır.
BYD-nin adına uyğun arzularını gerçəkləşdirən sıravi vətəndaşlar aldıqları Çin avtomobillərinin onların və ölkələrinin əleyhinə casusluq edə biləcəyini yəqin ki, güman etmirlər. Ancaq bir çox ölkələrdə artıq Çin istehsalı avtomobillərlə bağlı narahatlıq yaranıb. Avropada mütəxəssislər Çin istehsalı elektrikli avtomobillərinin casusluq üçün bir vasitəyə çevrilə biləcəyindən şübhələnirlər. Mütəxəsislər xəbərdarlıq edirlər ki, kameralar, mikrofonlar və sensorlardan istifadə edərək çoxlu miqdarda məlumat toplaya bilirlər. Avropanın bir neçə ölkəsi Çin istehsalı olan şəxsi avtomobillərin hərbi bazalara girişinə qadağa qoyub.
Böyük Britaniya Çin istehsalı elektomobilləri Pekinin yeni “Troya atı” hesab etməyə başlayıblar. Britaniyalı mütəxəssislərin fikrincə, Çin hakimiyyətinin qərarı ilə bütün bu cür elektomobillər istənilən vaxt uzaqdan söndürülə bilər. Bununla da Çin nəqliyyatın hərəkətini iflic edə bilər.
Avropalılar Çin istehsalı elektomobillərdə casus proqram təminatının olub-olmadığını yoxlaya bilmirlər və buna görə müzakirələri davam etdirirlər.
Çin elektromobillərin casusluq edə biləcəyi ilə bağlı Avropa ölkələri yorucu müzakirələri davam etdirərkən təhlükəsizliyi birinci sıraya qoyan İsrail sərt addımlar atır. İsrail Müdafiə Qüvvələrinin şəxsi heyyətinə Çin brendlərindən xilaq olmaq göstərişi verilib. Təhlükəsizlik orqanları və İsral Müdafiə Qüvvələri xidməti istifadə üçün avtomobil alışı ilə bağlı tendelərdən Çin brendlərini kənarlaşdırıb. İsrail müdafiə sənayesinin nəhəngləri “Israel Aerospace Industries”, “Rafael”və “Elbit” də bu təhlükəsizlik tədbirlərinə qoşulublar.
Avropa ölkələri ilə yanaşı Qazaxıstanda Çin brendləri ilə bağlı həyəcan təbili çalınmağa başlanılıb. Qazaxıstan parlamentinin deputatı Abutalip Mutali bildirib ki, Çində istehsal olunan avtomobillər də daxil olmaqla, müasir avtomobillər Qazaxıstan vətəndaşlarının şəxsi məlumatlarının toplanması üçün bir vasitəyə çevrilə bilər. Mutali deyib ki, qanunsuz müşahidə üçün potensial olaraq istifadə edilə bilən texniki cihazların dövriyyəsi hazırda ölkədə praktik olaraq tənzimlənmir. Deputat vətəndaşların şəxsi həyat və ailə sirri ilə bağlı konstitusiya hüquqlarına birbaşa təhlükə yaratdığını vurğulayıb. Mutali bildirib ki, Çin markaları da daxil olmaqla, yeni nəsil avtomobillər xarici serverlər və istifadəçi hesabları vasitəsilə işləyir. Bunun nəticəsində Qazaxıstan vətəndaşlarının məlumatları ölkə xaricinə çıxarılır. Bundan əlavə deputat müəyyən avtomobil funksiyalarının uzaqdan məhdudlaşdırılması və ya söndürülməsi halları barədə məlumat verib.
Azərbaycanda təhlükəsizlik tədbirləri gücləndirilməli, Çin istehsalı elektromobillər başda olmaqla yeni nəsil avtomobillərin hərbi hissələrin, hərbi-sənaye müəssisələrindən uzaq tutulmalıdır. Hərbi və təhlükəsilik orqanlarının əməkdaşlarına da Çin istehsalı elektromobilləri Yaponiya, Cənubi Koreya və Avropa brendləri ilə dəyişmək tövsiyyə olunmalıdır.
Məşhur Azərbaycan atalar sözündə deyildiyi kimi ehtiyatlı igidin anası ağlamaz.

