“Vətən”, “millət”, “dövlətçilik” anlayışlarından danışaraq cəmiyyətə əxlaq dərsi keçməyə çalışan REAL TV-nin rəhbəri Mir Şahin Ağayev bu dəfə öz ailəsində baş verən qalmaqalla gündəmə gəlib.
Jurnalist və ictimai fəal Ülviyyə Alovlu öz Facebook səhifəsində Time TV-yə istinadən bildirir ki, Mir Şahin Ağayev kiçik bir mübahisə səbəbindən öz doğma oğlu, həmçinin REAL TV-də onunla birlikdə çalışan Mirçingiz Ağazadənin toyuna qatılmayıb.
Məsələ bununla da bitməyib. Məlumata əsasən, Mir Şahin REAL TV əməkdaşlarına da toyda iştirak etməməyi tapşırıb. Nəticədə keçmiş “Yeganə”, indiki “Valmora” şadlıq evində keçirilən mərasimdə cəmi 20–25 nəfər iştirak edib.
Restoranın ödənişi edilmədiyinə görə məclisin sonunda ciddi problem yarandığı, hətta Mirçingizlə gəlinin ödəniş tamamlanana qədər restorandan buraxılmaması məsələsinin ortaya çıxdığı bildirilir.
Bu hadisənin xüsusilə ironik tərəfi odur ki, Mirçingiz Ağazadə 14 noyabr 2025-ci ildə belə bir çağırış etmişdi:
“Mir Şahini qoruyun! Bu bir çağırışdır. Təbrik deyil. Mir Şahini qorumaq yalnız vicdanlı insanların öhdəliyidir. Borc yox, öhdəlik!”
Görünür, insanlar Mirçingizin çağırışına əməl edərək Mir Şahini qoruyublar. Amma indi məlum olur ki, “bütün vicdanlı insanların qorumalı olduğu” Mir Şahinin öz oğlunun toyuna belə faydası dəyməyib. Özü toya getməməklə kifayətlənməyib, iddiaya görə, başqalarının da mərasimdə iştirakına mane olub.
Jurnalist Tural Sadıqlı isə ata ilə oğul arasında yaranmış mübahisənin arxasında başqa səbəbin dayandığını bildirir.
Onun iddiasına görə, Azərbaycan hakimiyyəti xaricdə yaşayan mühacir bloqerlər haqqında təbliğat filmi çəkilməsini REAL TV-yə sifariş edib. Mir Şahin Ağayev layihənin hazırlanmasını oğlu Mirçingizə həvalə edib. Sonradan ayrılan büdcənin bölüşdürülməsi məsələsində ata ilə oğul arasında ciddi narazılıq yaranıb.
Tural Sadıqlının versiyasına əsasən, Mirçingiz layihəyə ayrılmış büdcəyə özü nəzarət etmək istəyib, Mir Şahin isə sifarişin REAL TV-yə verildiyini əsas gətirərək buna etiraz edib. Beləliklə, özünü ailə mübahisəsi kimi göstərən qarşıdurmanın əslində pul və hökumət sifarişi uğrunda mübarizə olduğu iddia edilir.
Bu iddiaya dair müqavilə, büdcə sənədi və ya başqa müstəqil sənədli sübut hələlik ictimaiyyətə təqdim edilməyib. Buna görə həmin hissə Tural Sadıqlının açıqladığı versiya kimi qiymətləndirilməlidir.
Lakin Mir Şahin Ağayevin siyasi sifarişli filmlərlə bağlı keçmişi ictimaiyyət üçün yenilik deyil. 2010-cu ilin avqustunda, jurnalist Eynulla Fətullayev həbsdə olduğu dövrdə, onun haqqında “Bədbəxt adam” adlı film yayımlanmışdı. Filmin ikinci hissəsi 9 avqust 2010-cu ildə efirə verilmişdi və layihə Mir Şahin Ağayevin rəhbərliyi altında hazırlanmışdı.
O zaman həbsdə olan və özünü sərbəst müdafiə etmək imkanları məhdudlaşdırılan jurnalist təbliğat filminin hədəfinə çevrilmişdi. İndi isə, Tural Sadıqlının iddiasına görə, eyni üsulla xaricdə yaşayan mühacir bloqerlər haqqında film hazırlanır və bu dəfə sifarişə ayrılmış pul ata ilə oğul arasında mübahisəyə səbəb olur.
Dünən Eynulla Fətullayev “Bədbəxt adam” filminin hədəfi idi. Bu gün hədəfdə mühacir bloqerlərdir. Dəyişməyən isə təbliğat sifarişi, qaralama kampaniyası və bunun arxasında dayanan maraqlardır.
Ortaya çox sadə bir sual çıxır: xalqa vətənpərvərlik, dövlətçilik və mənəviyyat dərsi keçən, lakin kiçik bir mübahisəyə görə öz oğlunun toyunu belə sabotaj etdiyi deyilən adamdan cəmiyyətə, dövlətə və millətə nə fayda gələ bilər?
Bəziləri ad günlərində ona “ustad” yazaraq yaltaqlanırdı. Bu da sizin “ustadınız”.
Onu da xatırladım ki, Mir Şahin Ağayevin bacısı oğlu, şair Şəhriyar Heydər məşhur şerində deyirdi ki, bir gün bu xalq Mir Şahini başı aşağı dar ağacından asacaq. Bu şerə görə şairi zindana atdılar…
P.S Bu yazı dərc olunanadək Mir Şahin Ağayev, Mirçingiz Ağazadə və REAL TV toyda baş verdiyi deyilən hadisələrə, eləcə də Tural Sadıqlının film və büdcə mübahisəsi barədə səsləndirdiyi iddialara açıq münasibət bildirməmişdi.
