Cəmiyyət

Allahın ümidinə buraxılmış sərnişinlər: metro təmiri niyə vətəndaş üçün cəzaya çevrilməlidir?

Bakıda “28 May” və “Nizami” metro stansiyaları arasındakı qatar əlaqəsi 2026-cı il avqustun 15-dən dayandırılıb. Rəsmi məlumata görə, tikinti işləri 10–11 ay davam edəcək. Deməli, yüz minlərlə sərnişin 2027-ci ilin yayına qədər bu vəziyyətlə yaşamalıdır.

Hakimiyyət bildirir ki, məqsəd Qırmızı və Yaşıl xətləri bir-birindən ayırmaqdır. Bunun üçün “Cəfər Cabbarlı” ilə “Nizami” arasında 200 metrə yaxın yeni tunellər tikilir. Layihə başa çatdıqdan sonra Yaşıl xətt “Dərnəgül”dən “Cəfər Cabbarlı” vasitəsilə “Xətai”yə qədər müstəqil işləməli, qatarlar arasındakı interval isə gələcəkdə azalmalıdır.

Bunlar layihənin gələcək faydalarıdır. Şəhərin nəqliyyat infrastrukturu yenilənməlidir və zəruri tikinti işlərinin aparılmasına heç kim etiraz etmir.

Ancaq əsas sual başqadır: dövlət öz layihəsinin 10–11 aylıq ağırlığını niyə vətəndaşın çiyninə qoyur?

Qatarların əvəzinə ekspres avtobuslar təşkil edilib. Əvvəl altı, sonra səkkiz xüsusi marşrut yaradılıb. Rəsmi məlumatda 95 ekspres avtobusun gündə 68 minədək sərnişin daşıdığı bildirilir.

Lakin bir metro qatarı təxminən 1600 sərnişin daşıyır və pik saatlarda qatarlar 2 dəqiqə 30 saniyə intervalla hərəkət edir. Bir avtobus isə təxminən 80 nəfər tutur və tıxaclı Bakı küçələrində hərəkət edir. Metronun daşıma gücünü avtobuslarla əvəz etməyin mümkün olmadığı elə bu rəqəmlərdən görünür.

Dərs ilinin başlanması ilə “Elmlər Akademiyası” metrostansiyasının qarşısında yaranan mənzərə bunun nəticəsidir: uzun növbələr, bir-birinin üstünə yığılmış insanlar, avtobusa minmək üçün gözləyən tələbələr, işə və dərsə gecikən sərnişinlər…

Minlərlə insan küçədə dayanaraq növbəti avtobusu gözləyir. Sərnişin əvvəllər bir dəfə pul ödəyərək metro ilə mənzilbaşına çatırdısa, indi metrodan çıxıb avtobusa minəndə yenidən pul ödəməlidir. Bəzi istiqamətlərdə isə bir səfəri tamamlamaq üçün iki-üç nəqliyyat vasitəsi dəyişmək lazım gəlir.

Beləliklə, vətəndaş həm daha çox vaxt itirir, həm daha ağır sıxlığa düşür, həm də əlavə pul ödəyir.

Əvəzedici avtobusların ən azı metrodan gələn sərnişinlər üçün pulsuz olması, yaxud vahid bilet sistemi tətbiq edilməsi lazım idi.

Azərbaycanda isə dövlətin yaratdığı məcburi keçid də ayrıca gəlir mənbəyinə çevrilib.

Rəsmi qurumlar “əlavə avtobuslar buraxmışıq” deməklə məsuliyyəti bitmiş hesab edə bilməz…

Layihənin gələcəkdə metro sisteminə fayda verməsi bugünkü təşkilatsızlığa bəraət qazandırmır.
Dövlətin işi insanlara “dözün, gələcəkdə yaxşı olacaq” demək deyil. Dövlət keçid dövrünü də insan ləyaqətinə uyğun təşkil etməlidir.

Mən sərt ifadələr istifadə etmək istəməzdim. İstənilən halda xalqla belə davranmaq olmaz. Ayıbdır. Həm də necə olsa da bu sizin xalqınızdır…

Doğrudanmı siz düşünürsünüz ki, şəhər rəhbərliyinin yekəbaşlığına görə o zülmü yaşayan insanlar gecə-gündüz sizin canınıza dua edir? Nə bilim, vallah. Yenə özünüz bilən məsləhətdir….

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Kozinoğlunun Elçibəylə görüntüsü yayıldı – Kələki detalı

admin

Cahangir Əsgərovun qızı Çelsidə 7,5 milyon dollara əmlak alıb

admin

Gürcüstan ordusunda yeni model: Azərbaycanda da tətbiq oluna bilərmi?

redaktor