Bir neçə gündən sonra Çin prezidenti Si Cinpin ABŞ-a səfərə gedəcək. Onun ABŞ-lı həmkarı Donald Trampla görüşməsi planlaşdırılır. Təbii ki, bu görüşdə Rusiya-Ukrayna savaşından tutmuş Yaxın Şərq gərginliyinə qədər bir çox məsələlərin də müzakirə olunacağı gözlənilir.
Maraqlıdır ki, İran Xarici İşlər naziri Abbas Əraqçi Cinpinin ABŞ-a səfərinə bir həftə qalmış tələm-tələsik Pekinə gedib və həmkarı Vanq Yi ilə görüşüb.
Görüşdə Vanq Yinin Əraqçiyə verdiyi iki mesaj diqqəti cəlb edir. Əvvəla, o deyib ki, Çin “İranla dialoq və əməkdaşlığı gücləndirməyə, İranın qanuni hüquq və maraqlarını qorumağa hazırdır”. Təbii ki, bu sözləri İranın fayda xanasına yaza bilərik. Amma qanuni hüquq qavramı o qədər geniş anlayışdır ki, ümumi şəkildə söylənmiş bu fikirləri sadəcə mücərrəd vədlər kateqoriyasına aid etmək olar. Zira, Vanq Yinin bu sözləri deyərkən konkret nəyi nəzərdə tutduğunu çıxarmaq asan deyil. Sözsüz ki, Çin ABŞ-la İran arasında savaşın bitməsində maraqlıdır və bu istəqamətdə əlindən nə gəlirsə etməyə çalışar.
Bununla belə, ABŞ-İran və ya Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda bitməsi də onun maraqlarına uyğun deyil. Çünki Pekin yaxşı bilir ki, bu müharibələr nə qədər tez bitsə, sıra bir o qədər tez Çinin özünə gələcək. ABŞ Çin ətrafındakı dövlətləri təşkilatlandırıb onun üstünə salacaq. Bu perspektivlə üzləşməmək üçün Çin həqiqətən də İranı ayaqda dayanacaq qədər dəstəkləyəcək. Məqsədi müharibəni qeyri-müəyyən vaxta qədər uzatmaq və ABŞ-ı bacardığı qədər tükəndirə bilmək olduğu üçün.
Vanq Yinin Əraqçiyə verdiyi ikinci mesaj isə daha konkret olub: “Bütün tərəfləri Hörmüz boğazını tezliklə yenidən açmaq üçün təsirli tədbirlər görməyə çağırırıq, regional gərginliyin Yəmənə və Qırmızı dənizə daha da yayılmasını istəmirik”.
Sirr deyil ki, bu iki istiqamətin ikisinin məsuliyyətinin böyük hissəsi Tehranın üzərinə düşür. Xüsusilə də Yəmən Husilərinin birtərəfli olaraq bağladıqları Babül-Məndəb boğazının ABŞ-la heç bir əlaqəsi yoxdur. Əksinə, Hörmüz boğazının bağlanmasını nəzərə alan Riyad, Fars körfəzində çıxardığı neftini Şərq-Qərb boru kəməri ilə Qırmızı dənizə daşıyır və Babül-Məndəb boğazından keçirərək Çinə satırdı. İrana bağlı Həşdi-Şabi qüvvələri isə Şərq-Qərb boru kəmərini vurdu, Husilər isə Babül-Məndəb boğazını bağladı. Nəticədə Səudiyyə Ərəbistanının gündəlik nəql etdiyi 7 min barrel neftin son ünvana çatdırılmasının da qarşısı alındı.
Bir çox ekspertlər İranın ən böyük ticarət ortağının Çin olduğunu, çıxardığı neftin böyük əksəriyyətini bu ölkəyə satdığını nəzərə alıb Vinq Yinin ilk mesajını – “İranın legitim hüquqlarını qoruyacağıq” vədini bu aspektdə dəyərləndirirlər. İlk baxışdan haqsız da deyillər. Həqiqətən də Kpler və TankerTrackers tərəfindən toplanan məlumatlara görə, Çin İranın xam neft ixracının 80%-dən çoxunu alır. Bölgədə gərginlik artmazdan əvvəl Çindəki neft emalı zavodları gündə təxminən 1,3-1,4 milyon barel İran nefti idxal edirdi. Farslar demişkən, “xeyli xub”. Bəs bilirsinizmi, həmin Çin Səudiyyə Ərəbistanından gündə neçə barrel neft idxal edir?
Statistik məlumatlara görə, Çinin ən çox neft aldığı birinci ölkə Rusiya, ikinci ölkə isə Səudiyyə Ərəbistanıdır. Çin öz neft ehtiyacının 14-15%-ni Səudiyyə Ərəbistanından alır. Hardasa gündəlik 1.6 milyon barrel. Qısası, Səudiyyə Ərəbistanı Çinin enerji təchizatı üçün ən azı İran qədər dəyərlidir. Bundan əlavə Çin BƏƏ, İraq, Küveyt və s. kimi körfəz ölkələrindən də böyük həcmdə neft tədarük edir. Ümumiyyətlə Çinin neft idxalının 70%-i körfəz ölkələrinin payına düşür. Hörmüz boğazının bağlanması Çinin bu ölkələrdən də neft alışını əngəlləyir.
Görünür, Vinq Yi Əraqçıya “Hörmüz boğazının tezliklə açılmasını, regional gərginliyin Yəmənə və Qırmızı dənizə daha çox yayılmasını istəmirik”, – deyərkən əslində “Husiləri cilovla” mesajını çatdırıb.
