30 C
Bakı
25 Avqust 2026 10:35
CəmiyyətŞikayət

Apellyasiya Məhkəməsi Rüfət Səfərovun 8 illik həbs cəzasını qüvvədə saxladı

Bakı Apellyasiya Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində çıxarılmış 8 illik həbs hökmünü qüvvədə saxlayıb. Müdafiə tərəfinin məhkəmə istintaqının aparılması və üç polis əməkdaşının şahid qismində dindirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.

Avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində Rüfət Səfərovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Toplum TV”yə verdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi işə qismən məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət qaldırıb.

Digər vəsatət üç polis əməkdaşının məhkəməyə şahid qismində çağırılması ilə bağlı olub. Məhkəmə hər iki vəsatəti təmin etməyib.

Rüfət Səfərov çıxışında cinayət işinin hüquqi əsasının olmadığını düşündüyü üçün ittihamlarla bağlı ətraflı danışmağa lüzum görmədiyini bildirib. O, məhkəmədən ədalətli qərar gözləmədiyini də deyib.

Məhkəmə yekunda Bakı Ağır Cinayətlər Məhkəməsinin Səfərov barəsində çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.

Səfərov ittihamları qəbul etmir, cinayət işinin siyasi motivli olduğunu bildirir.

2024-cü il dekabrın 10-da Vaşinqtonda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən tədbirdə ABŞ Dövlət Departamentinin mükafatlandırdığı şəxslər arasında Rüfət Səfərov da olub. Mükafatları həmin dövrdə ABŞ dövlət katibi olan Antoni Blinken təqdim edib.

Azərbaycan hakimiyyəti ölkədə insanların siyasi motivlərlə həbs edilməsi barədə iddiaları rədd edir.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Kişilər qucaqlaşır, generallar öpüşür. Bu nədir?”

redaktor

NVIDIA məsələsi

redaktor

“Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb”

redaktor