30 C
Bakı
25 Avqust 2026 09:07
GündəmİdmanQalmaqal

O epizodda qapı arxasındakı kamera nəyi çəkirdi?

Azərbaycan Premyer Liqasının II turunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçında baş verən mübahisəli epizod ətrafında müzakirələr səngimir.

0:0 hesabı ilə başa çatan qarşılaşmada meydan sahiblərinin zərbəsindən sonra topun qapı xəttini keçib-keçmədiyi əsas mübahisə predmetinə çevrilib.

Qarşılaşmanın baş hakimi Rauf Cabarov qolu qeydə almayıb. Epizod VAR-da da yoxlanılıb, lakin ilkin qərar dəyişdirilməyib.

“Turаn Tovuz” isə həmin epizodda topun qapı xəttini keçməsinə dair əlində olan həvəskar görüntüləri yayaraq, qərara etiraz edib və açıqlamada AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun epizodla bağlı şərhini gözlədiyini bildirib.

Məsələyə bu gün AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da münasibət bildirib.

Onun sözlərinə görə, cərimə zərbəsindən sonra topun qapı xəttini keçdiyini təsdiqləyən aydın görüntü olmayıb. Həsənov hesab edir ki, belə vəziyyətdə meydandakı hakimin ilkin qərarının qüvvədə saxlanılması düzgün yanaşmadır.

Bəs, belə məqamda IFAB qaydası nə deyir?

IFAB-ın 2026/27 VAR Protokolunda “goal/no goal” qərarları VAR tərəfindən nəzərdən keçirilə bilən əsas kateqoriyalardan biri kimi göstərilir.

Lakin eyni protokolun 1-ci bölməsində VAR-ın yalnız hakimin aydın və aşkar səhvini müəyyən etdiyi halda müdaxilə edə biləcəyi qeyd olunur.

Protokolun 3-cü prinsipində isə daha konkret ifadə var. Bu prinsipdə qeyd olunur ki, hakimin ilkin qərarı yalnız video baxışı həmin qərarın aydın və aşkar səhv olduğunu göstərdiyi halda dəyişdirilə bilər.

Başqa sözlə, VAR hakimin qərarını sadəcə “məncə, top xətti keçib” prinsipi ilə dəyişə bilməz.

VAR-a təqdim edilən görüntülərdə epizod bir neçə müxtəlif rakursdan təkrar göstərilir. Əvvəlcə geniş plan, daha sonra qapıya yaxın görüntü, bölünmüş ekran və digər təkrarlar təqdim olunur.

Lakin qapının arxasında ayrıca kameranın yerləşdirildiyi görünməsinə baxmayaraq, həmin kameranın qapı xəttinə arxadan baxan görüntüsü təqdim olunan videoda yoxdur.

O zaman sual yaranır ki, qapının arxasında yerləşdirilmiş həmin kamera hansı məqsədlə quraşdırılmışdı?

IFAB protokolunda VAR-ın TV yayım görüntülərinə müstəqil çıxışı və həmin görüntüləri təkrar izləmək imkanının olması qeyd edilir.

VAR hər potensial qol epizodunu müxtəlif kamera bucaqları və təkrar sürətlərindən istifadə etməklə yoxlayır. Protokol hətta qapı xəttinin keçilməsi kimi faktların müəyyənləşdirilməsində yavaşladılmış görüntüdən istifadə edilməsini nəzərdə tutur.

Deməli, sadəcə stadionda kameranın olması hələ kifayət deyil. Əsas məsələ həmin kameranın görüntüsünün VAR sisteminə daxil olub-olmamasıdır.

Bu səbəbdən stadionda qapı arxasında kamera olması və həmin görüntünün VAR-a təqdim edilib-edilməməsi məsələsi texniki baxımdan ayrıca araşdırılmalıdır.

Hər halda VAR-a təqdim olunan görüntülərdə topun qapı xəttinə münasibətdə vəziyyətini tam və mübahisəsiz müəyyənləşdirən ideal rakurs yoxdur.

Xüsusilə qapıçı, dirək və topun bir-birinə yaxın olduğu anda görüntü perspektiv baxımından tam “goal-line” görüntüsü yaratmır.

Bu səbəbdən həmin videoya baxaraq “top 100 faiz xətti keçib” hökmünü texniki cəhətdən qəti şəkildə vermək də düzgün hesab olunmur. Belə olan halda ilkin “qol deyil” qərarının saxlanılması VAR protokolunun tələblərinə zidd görünmür.

Hakimlərin səs yazısından da belə başa düşülür ki, VAR bütün mövcud kamera görüntülərinə çıxış əldə etməyib. Əgər qapı arxasındakı kameranın görüntüləri təqdim olunsaydı, indi bu mübahisəyə də, “Turan Tovuz”un haqlı etirazına da ehtiyac qalmayacaqdı.

Bu halda yayım infrastrukturu və VAR-a görüntü təminatının təşkili də araşdırılmalıdır.

Rəhim Həsənovun şərhindən də, VAR protokolunun tələblərindən də belə aydın olur ki, əgər VAR-ın ixtiyarında olan görüntülər topun bütövlükdə qapı xəttini keçdiyini qəti şəkildə göstərməyibsə, ilkin qərarın saxlanılması protokola uyğun yanaşmadır.

IFAB protokolunda o da qeyd olunur ki, VAR-ın hər bir potensial qol epizodunu avtomatik yoxlaması və yoxlama zamanı müxtəlif kamera bucaqlarından istifadə etməsi açıq şəkildə göstərilir. Yoxlama aydın və aşkar səhvi göstərmirsə, VAR-ın hakimlə əlaqə saxlamaması belə mümkündür.

Buna görə məsələyə son nöqtəni qoymaq üçün AFFA və yayımçı tərəfindən bir sualın cavablandırılması kifayətdir:

– Qapının arxasında yerləşdirilmiş kameranın həmin epizoddakı görüntüsü VAR otağına təqdim olunubmu?

AFFA-nın yaydığı bugünkü videoda bu, öz əksini tapmır.

Qalır suala “CBC Sport”dan cavab almaq…

Sözügedən telekanal isə “Əlimizdən gələn bütün imkanlardan istifadə edərək, yayımı ən yaxşı şəkildə təşkil etməyə çalışırıq” deməklə acınacaqlı duruma münasibət bildirib.

Emin Səfərov (Xitab24.az)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Nataşa Kampuş, 10 yaşında oğurlanan, 8 il ərzində əsir saxlanılan avstriyalı qız

admin

“Hapoel” azarkeşləri durmadan Bakıya gəlir

admin

Azərbaycanın real ixracı Gürcüstandan niyə geri qalır?

redaktor