24 C
Bakı
18 Avqust 2026 00:12
DünyaTarix

Ziyaülhəqqin müəmmalı ölümü: qəza, yoxsa sui-qəsd?

17 avqust 1988-ci il, Pakistan prezidenti Məhəmməd Ziyaülhəqq müəmmalı təyyarə qəzasında həlak olur.

Ziyaülhəqq 1924-cü ildə, indi Hindistanda olan Calandhar şəhərində anadan olub. Hərbi təhsil alandan sonra İkinci dünya müharibəsinin sonlarında Britaniya ordusunun tərkibində yaponlara qarşı döyüşüb. 1947-ci ildən Pakistan ordusunda xidmət edib. 1967-1970-ci illərdə İordaniyadakı Pakistan hərbi missiyasında olub və kral ordusunun Fələstin silahlı qruplarına qarşı “Qara sentyabr” döyüşlərində iştirak edib.

1971-ci ildə Pakistan Xalq Partiyasının sədri Zülfüqar Əli Bhutto prezident, 1973-cü ildə yeni konstitusiyanın qəbulundan sonra isə baş nazir oldu.

Bu dövrdə Ziyaülhəqq Bhuttoya özünü loyal, ordunun siyasətdən kənar qalmasının tərəfdarı kimi göstərə bilir və onun etimadını qazanır. 1976-cı ilin martında ordunun Baş qərargah rəisi postu boşalanda Bhutto hələ üçulduzlu general olmasına, ondan üstün dördulduzlu generalların varlığına baxmayaraq, məhz Ziyanı bu posta təyin edir və öz qələmini qırdı.

Ölkəni bürüyən siyasi böhrandan istifadə edən Ziyaülhəqq 1977-ci il iyulun 5-də “Fair Play” kod adı ilə çevriliş etdi. Bhutto müxalif jurnalistin qətlini sifariş verməkdə müqəssir bilinərək edam edildi (nə qədər haqlı ittiham idi, qənaət hasil edə bilməmişəm, amma məhkəmə adil deyildi).

Ziyaülhəqqin hakimiyyəti hələ mütərəddid ikən SSRİ Əfqanıstana qoşun saldı, Pakistan prezidenti Qərbin ən yaxın müttəfiqinə çevrildi. İnsan haqlarına daha çox önəm verən ABŞ prezidenti Cimmi Karterin prezident seçkilərində Ronald Reyqana uduzması da onun xeyrinə oldu. Ziya bundan bacarıqla istifadə etdi. Hakimiyyətini möhkəmlətdi, ABŞ-dan xeyli yardım qopardı. Əvəzində sovet mətbuatında ən böyük düşmənlərdən biri oldu. Amma bu, ona 1982-ci ildə gözlənilmədən Brejnevin dəfnində iştirak etməyə mane olmadı.

1988-ci il avqustun 17-də Ziyaülhəqq Pakistan ordusu üçün almaq istədiyi “M1 Abrams” tankının sınağında iştirak etməkdən ötrü Bahavalpur yaxınlığındakı poliqona uçdu. Sınaq uğurlu olmadı, pakistanlılar tankı bəyənmədilər və heç vaxt almadılar.

Geri qayıdarkən prezidentin “C-130B Hercules” təyyarəsi havaya qalxandan az sonra qəzaya uğradı. Təyyarədə olan 30 nəfər – Ziyaülhəqlə yanaşı ABŞ-ın Pakistandakı səfiri, ABŞ-ın Pakistandakı hərbi missiyasının rəhbəri, Pakistan ordusunun bir neçə generalı həlak oldu.

Qəzanın texniki səbəblərdən və qəsd nəticəsində baş verməsi versiyaları mövcuddur. İkinci versiyaya SSRİ, Hindistan, İsrail, hətta ABŞ barmağı ehtimalları daxildir. İlk baxışda SSRİ daha inandırıcı gəlir, amma Moskvanın 1988-ci ildə bunu edəcəyi ağlabatan görünmür. Mən şəxsən bir qənaətə gələ bilmədim.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər

Dronlar, raketlər və arxa cəbhə zərbələri: NATO Rusiya üçün sürpriz hazırlayır

redaktor

Rusiya taxıl ixracı Ukrayna hücumları səbəbindən iflic oldu

redaktor

Ermənistan və NVİDİA əməkdaşlığı, məğlub ölkənin yeni iqtisadi modeli bizi niyə düşündürməlidir?

redaktor