Azərbaycanın təxminən 85 milyard dollarlıq strateji valyuta ehtiyatı var. Bu, böyük sərvətdir və onun mühüm hissəsi gələcək nəsillər üçün qorunmalıdır.
Amma bir sual var:
Bu pul bizə daha çox pul qazandıra bilməzmi?
Norveç də neft ölkəsidir. Onun neft fondu təxminən 2 trilyon dollar böyüklüyündədir. Ən maraqlısı budur ki, bu sərvətin yarıdan çoxu artıq neftdən gələn ilkin pul deyil, həmin pulun illər ərzində qazandığı gəlirdir.
Lap sadə desək: Norveç neftdən pul qazandı, sonra həmin pulun özünə də təxminən bir o qədər pul qazandırdı.
Pul işləyib və yeni pul yaradıb.
Məsələn, 2025-ci ildə Norveç fondu hər 100 dollardan təxminən 15 dollar, Azərbaycan Dövlət Neft Fondu isə təxminən 6 dollar investisiya gəliri əldə edib. Azərbaycan da pul qazanır və 6,2 faizlik nəticə heç də pis göstərici deyil. Sadəcə Norveç daha çox risk edə bilir, Azərbaycan isə daha ehtiyatlı davranır.
Neftlə zəngin ərəb dövlətləri də pullarını işlədərək yeni sərvət yaradırlar. Məsələn, Səudiyyə Ərəbistanının böyük dövlət investisiya fondu 2017-ci ildən bəri ildə orta hesabla təxminən 7,2 faiz gəlir əldə edib.
Deməli, məsələ 85 milyardı götürüb xərcləmək deyil.
Məsələ bu sərvəti qorumaqla yanaşı, onu daha yaxşı işlətməkdir.
Üstəlik, investisiya yalnız xaricdə səhm almaq deyil. Təhsilə, elmə, texnologiyaya, sahibkarlığa və istehsala qoyulan pul da investisiyadır. Bu gün yaxşı təhsilə qoyduğun pul sabah savadlı insan, yüksək maaş və daha güclü iqtisadiyyat kimi geri qayıda bilər.
Təbii ki, bunun üçün şəffaflıq və ciddi nəzarət lazımdır. Yoxsa böyük pullar səmərəsiz layihələrdə və korrupsiyada itə bilər.
85 milyardımızın olması yaxşıdır. Əsas məsələ həmin 85 milyardı ağıllı işlədib daha böyük sərvətə çevirmək və bunun nəticəsini Azərbaycan insanının həyatında göstərməkdir.
Çünki pulun olması yaxşıdır. Pulun pul qazanması daha yaxşıdır. Qazandığı pulun insanın rifahına çevrilməsi isə əsas məqsəd olmalıdır…
