İranın Xarici İşlər naziri Abbas Əraqçi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında bağlanan Məkkə sazişini şərh edərkən bildirib:
“Müsəlmanlar birləşərsə, xarici düşmənlərin yaratdığı istənilən çətinliyə qarşı güclü və aydın şəkildə dayana bilərlər. Yalnız özümüzə güvənməyin və əsl qardaşlıq yolunu tutmağın vaxtı gəlib”.
Səhvmi deyir? Əlbəttə, yox. Amma birlik və bərabərlik, necə deyərlər, islami vəhdət üçün ilk əvvəl öz içindəki qurdları təmizləməlisən. İranın içindəki qurd isə SEPAH-dır. Məzhəb ayrı-seçkiliyindən qidalanan bu qurd sürfəsi elə artıb-çoxalıb ki, nə dini lider tanıyır, nə prezident, nə də etiraza qalxan xalq kütləsi. Xüsusilə də İranın dini lideri Xamenei öldürüldükdən və yeni lider xəlvətə çəkildikdən sonra SEPAH-ın qarşısını almaq müşkül məsələyə çevrilib. İş o yerə çatıb ki, ölkənin prezidenti belə, hakimiyyət orqanlarında kök salan “radikalların” ona işləməyə fürsət vermədiklərindən gileylənir. Açıq şəkildə deyir ki, onlar müharibə tərəfdarlığı edərək əslində İsrailin dəyirmanına su tökürlər.
“Niyə biz daim “gəlin döyüşək” deməliyik? İsrailin də istədiyi budur. İsrail müharibənin davam etməsini istəyir”, – Pezeşkiyan 4 avqust 2026-ci il tarixində İran rəsmi televiziyası ilə yayımlanan eksklüziv müsahibəsində deyib.
O elə həmin müsahibədə bunları da gizlətməyib: “Biz həmçinin fərqli baxış bucaqlarından qaynaqlanan daxili çətinliklərlə də üzləşirik. Təbii ki, Amerika və İsrail bu vəziyyətdən faydalanırlar”.
İranda daxili vəziyyət bu qədər nahamar olduğu bir zamanda Əraqçının qalxıb birlik və bərabərlikdən danışması səmimi görünmür. Rəsmi Tehran əgər həqiqətən də islam ümmətinin vahid bir ideya ətrafında birləşməyimi istəyirsə, ilk növbədə İsrailin və ABŞ-ın dəyirmanına su tökən şiddət tərəfdarı SEPAH-dan yaxa qurtarmalıdır.
Bir çox şərhçilər Məkkə sazişinin İrana qarşı deyil, ABŞ və İsrailə qarşı bağlandığını iddia edirlər. Kaş ki, həqiqətən də elə olardı. Və bəlkə də yaxın gələcəkdə müsəlman dünyası xarici ümumi düşmənə qarşı birləşəcək də. Amma mən hesab edirəm ki, Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı ittifaqı İrana qarşı yaradılmasa belə, İranın son zamanlar tutduğu mövqe bu planın həyata keçirilməsini tezləşdirdi. Belə ki, bu ittifaq çağırışları 2014-2015-ci illərdən indiyədək dəfələrlə gündəmə gətirilirdi, hətta həmin illərdə İslam ordusu qurmaq barədə danışıqlar da getmiş, bu istiqamətdə bəzi addımlar atılmışdı. Amma sıra həmin ideyanın həyata keçirilməsinə gələndə, Mirzə Cəlilin məşhur “Ölülər” komediyasında olduğu kimi, hamı bir-bir “Qoy, mən də gedim, fikirləşim” deyib aradan çıxmışdı. Fikrimcə, İranın ABŞ və İsrail əvəzinə körfəz ölkələrini atəşə tutmasından sonra “xarici düşmənlərə” qarşı vahid cəbhədə birləşmək düşüncəsi yenidən gündəmə gəlmişdi. Bu mənada Məkkə sazişinin imzalanmasında İranın da payı az deyil.
Hesab edirəm ki, Amerika və Avropanın daxili problemlərindən doğan zəiflikləri ortaya çıxdıqdan sonra İran da daxil olmaqla bütün İslam dünyasının hərbi ittifaqlar qurması qarşısında heç bir əngəl qalmayıb və müsəlman xalqları imperialist qüvvələrin caynağından xilas etmək üçün bu ittifaqın təməllərini atmaq üçün ciddi zərurətlər də var. Amma yuxarıda da dediyim kimi, bunu reallaşmaq üçün bütün ölkələr, o cümlədən İran öz içindəki qurdlardan təmizlənməlidir.
