Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova deyir ki, Estoniya, Litva və Latviya üçün SSRİ hər şeyi sıfırdan yaratmışdı. Sonradan bu nəhəng miras həmin ölkələrə hədiyyə edildi. İndi isə onlar Avropanın arxa həyətində yerləşirlər.
SSRİ 1940-cı ildə Litva, Latviya və Estoniyanı eyni vaxtda işğal edir. Ordu müqavimət göstərməyib təslim olur. Amma xalq buna etiraz edir. “Meşə qardaşları” partizan dəstəsi yaradılır. Təxminən 10 il boyunca (1944–1956) meşələrdə genişmiqyaslı döyüşlər gedir. Sovet ordusu partizanların müqavimətini qırmaq üçün onlara kömək edən kəndliləri kütləvi şəkildə Sibirə sürgün edir.
1956-ci ildən sonra SSRİ Baltikyanı ölkələrə maliyyə yatırılmasını kəskin şəkildə artırır. Bununla onlar xalqı sovet rejiminə inandırmaq istəyirdilər. Həmçinin sovet rejimi bu üsulla Estoniya, Latviya və Litvadan Qərbə qarşı “sosializm vitrini” kimi istifadə edirdi. Buradakı yerli mağazalarda defisit (qıtlıq) digər sovet respublikalarına nisbətən minimuma salındı. Yəni, Moskva Qərbə göstərmək istəyirdi ki, “baxın, sovet sosializmi Avropa xalqlarına çiçəklənmə gətirib”.
Mariya Zaxarovanın dediyi kimi, 1960-1980-ci illər arasında Baltikyanı ölkələrdə SSRİ-nin ən sakit, ən xoşbəxt dövrü yaşanırdı. Camaat bu yüksək yaşayış səviyyəsindən xeyli yararlandılar. Amma bu maliyyə yardımları, edilən güzəştlər Estoniya, Litva, Latviya əhalisini heç vaxt “Sovet İnsanı”na çevirə bilmədi. Çünki Moskva bura milyardlarla rubl yatırsa da, Baltik xalqları bunu bir “hədiyyə” yox, işğalın kompensasiyası kimi görürdülər. Ona görə 1980-ci illərin sonunda SSRİ iqtisadiyyatı çökən kimi bu xalqlar ayağa qalxır. SSRİ-dən ilk ayrılan Baltikyanı ölkələr olur.
1918-ci ildə Estoniya, Litva və Latviya müstəqillik qazanır. 22 il ərzində (1918-1940) təhsilə xeyli maliyyə yatırılır, iqtisadiyyat tamamilə modernləşdirilir. Burada kağız-selüloz, gəmiqayırma, kimya sənayesi və maşınqayırma sahələrini qurulur. 1930-cu illərin rəsmi statistikalarına görə, Estoniya və Latviyada adambaşına düşən milli gəlir və həyat standartı qonşu Finlandiya ilə eyni səviyyədə, bəzi sahələrdə isə ondan yüksək idi. SSRİ 1940-cı ildə bu regionu işğal edəndə geridə qalmış kəndlər yox, Avropa standartlarına cavab verən zavodlar, savadlı mühəndislər, yüksək iş intizamı və pulun-kapitalın dəyərini bilən şəhərli cəmiyyəti ilə qarşılaşdı.
Ona görə bu ölkələr SSRİ-dən ayrılandan sonra 10-15 ilə həm rifah, həm də texnoloji cəhətdən yüksək inkişaf səviyyəsinə çatdı.
SSRİ dağılan kimi hər üç ölkə dərhal mülkiyyət hüququnu bərpa edir. 1940-cı ildə sovet hökumətinin zorla milliləşdirdiyi evlər, torpaqlar və fabriklər qanuni şəkildə onların keçmiş sahiblərinə və ya varislərinə qaytarılır. Səmərəsiz işləyən sovet zavodlarını dərhal bağlayırlar və ya özəlləşdirirlər. Estoniya hökuməti 1990-cı illərin ortalarında dünyada hələ internet təzə yaranarkən bütün məktəbləri kompyuterləşdirir və “Tiigrihüpe” (Pələng sıçrayışı) proqramı ilə ölkəni tam rəqəmsallaşdırır. Bu islahatın bəhrəsi olaraq, 2003-cü ildə eston mühəndisləri dünyanı dəyişdirən “Skype” proqramını yaradırlar.
Bu dövrdə Rusiyada isə aylarla, bəzən illərlə müəllimlərə, həkimlərə, zavod fəhlələrinə və hətta hərbçilərə maaş verilmir. Rusiyada inflyasiya 2500%-ə çatır. İnsanların sovet dövründən qalan bütün əmanətləri bir neçə günə dəyərsiz kağıza çevrilir. Baltikyanı ölkələr zavodları şəffaf şəkildə Avropa investorlarına satarkən və ya keçmiş sahiblərinə qaytararkən, Rusiyada “Oliqarxlar təbəqəsi” yaranır. Sərvət ədalətsiz bölündüyü üçün əhalinin 40%-dən çoxu rəsmi olaraq yoxsulluq həddinin altına düşür. Dövlət aparatı tamamilə rüşvətxorluğun içində boğulur.
Səriştəsiz idarəetmə və daxili borcların yığılması nəticəsində 1998-ci ilin avqustunda Rusiya dövləti rəsmi olaraq iflas etdiyini (defolt) elan etdi. Rusiya rublu bir neçə günün içində 4 dəfə dəyərsizləşdi, banklar bağlandı və xarici investorlar ölkədən tamamilə qaçdı. Bu, onsuz da çətin vəziyyətdə olan əhaliyə ikinci ağır zərbə oldu.
Mariya Zaxarova Rusiyanın gözündə tiri görmür, başqasının gözündə çöp axtarır…

