Bu gün Azərbaycanda təkcə jurnalistlər mühakimə olunmur.
Vicdan mühakimə olunur.
Qələm mühakimə olunur.
Fərqli fikir mühakimə olunur.
Anar Məmmədliyə 14 il azadlıqdan məhrumetmə cəzası verilib.
On dörd il.
Bu rəqəmi bir daha oxuyun.
On dörd il.
Belə ağır cəzalar cəmiyyətdə ciddi suallar doğurur. Bu, artıq təkcə bir insanın taleyi deyil. Bu, bütün cəmiyyətə verilən aydın mesajdır.
Azərbaycan jurnalistikasının faciəsi təkcə jurnalistlərin həbs olunması deyil.
Ən böyük faciə onların tək buraxılmasıdır.
Özünü jurnalist təşkilatı adlandıran qurumlar haradadır?
Mətbuat Şurası haradadır?
Özünü söz azadlığının müdafiəçisi kimi təqdim edən birliklər haradadır?
Niyə bir-birinin ardınca çıxarılan bu qədər ağır hökmlər qarşısında onların səsi eşidilmir?
Niyə heç olmasa “həmkarımızın hüquqlarının qorunmasını istəyirik” deyən tapılmır?
Çünki qorxu vicdanı susdurub.
Hamı yalnız özünü düşünür.
Hamı hesab edir ki, “təki mənə toxunmasınlar”.
2000-ci ildə mən həbs olunanda Azərbaycanda fəaliyyət göstərən Qərb ölkələrinin səfirləri, o cümlədən ABŞ səfiri açıq şəkildə mənim müdafiəmə qalxdılar. Onlar Heydər Əliyevə müraciət edərək azadlığa buraxılmağımı tələb etdilər. Həmin beynəlxalq təzyiq nəticəsində mən cəmi üç gün həbsdə qaldım və sonra azadlığa buraxıldım.
Bu gün isə tamam başqa mənzərə müşahidə olunur.
Azərbaycanda jurnalistlərə, media nümayəndələrinə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti fəallarına ağır hökmlər çıxarılır. Beynəlxalq təşkilatlar zaman-zaman narahatlıqlarını ifadə etsələr də, əvvəlki illərlə müqayisədə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik missiyaların açıq və görünən reaksiyası gözə dəymir.
Bu dəyişiklik də cəmiyyət tərəfindən diqqətlə izlənilir…
Ancaq bütün bunlar təkcə bir hakimin imzası ilə baş vermir.
Bu mənzərənin arxasında istintaqı aparan müstəntiq də var, ittihamı müdafiə edən prokuror da var, hökmü çıxaran hakim də var. Və bütün bunların qarşısında susanlar da var.
İnsan istər-istəməz özündən soruşur:
Peşə vicdandan böyük ola bilərmi? Vəzifə insanlıqdan üstün ola bilərmi?
Çünki hər ağır hökmün arxasında təkcə bir məhkum dayanmır.
Onun anası dayanır.
Atası dayanır.
Həyat yoldaşı dayanır.
Övladları dayanır.
Doğmaları dayanır.
Bir insan həbs ediləndə cəza yalnız ona verilmir.
Onun ağrısını bütün ailəsi yaşayır.
Bütün bunların fonunda insan istər-istəməz düşünür.
Bəzən insan çörəyini zəhməti ilə qazanır. Bəzən isə o çörəyin kölgəsi başqalarının göz yaşının üzərinə düşür. Belə çörək insanı doyura bilər, amma vicdanı heç vaxt rahat buraxmır.
Ən ağrılısı isə budur ki, bu susqunluğun fonunda hakimiyyətin informasiya siyasətini müdafiə edənlər müxtəlif ordenlər, medallar və fəxri adlarla təltif olunurlar.
Bu mənzərə cəmiyyətə hansı mesajı verir?
Mesaj sadədir.
Susan və ya iqtidarı müdafiə edən mükafat alır.
Danışan isə cəzalandırılır.
Əgər bir ölkədə jurnalistlər həbs olunur, jurnalist təşkilatları susur, peşə həmrəyliyi görünmür, beynəlxalq reaksiyalar isə əvvəlki dövrlərlə müqayisədə daha zəif hiss olunursa, bu artıq təkcə ayrı-ayrı insanların problemi deyil.
Bu, ölkədə söz azadlığının vəziyyəti haqqında düşünməyə vadar edən ciddi mənzərədir.
Jurnalistika yalnız qələmlə yaşamır.
Jurnalistika vicdanla yaşayır.
Vicdan susanda isə mətbuat da susur.
Və gün gələcək, bu günlər tarixə çevriləcək.
Hökmlər arxivlərdə qalacaq.
Medallar köhnələcək.
Vəzifələr dəyişəcək.
Amma hər kəsin qarşısında bir sual dayanacaq:
“Haqq tapdalananda sən harada idin?”
Çünki tarix insanların ən çox nə dediyini deyil, haqq tapdalananda hansı mövqedə dayandığını xatırlayır…
