DünyaSiyasət

Yəməndə həlledici mərhələ: Husilərin son müqaviməti?

Yəmənin  beynəlxalq səviyyədə tanınan hökumətinin ordusu ölkənin şimalında husilərin hərbi mövqelərinə hücum edib. Yəmənin hökumətyönlü dövlət televiziya kanalı da bir sıra bölgələrdə husilərin mövqelərinin hava hücumlarına məruz qaldığını bildirib. Hava zərbələri Səədə və Marib əyalətlərindəki Əl-Cuba, Əl-Safra və Məczar bölgələrində cəmləşən husilərin və əlavə qüvvələrin mövqelərini hədəfə alıb.

ABŞ  və İsrailin İrana  hücumları fonunda Tehranın dəstəyindən məhrum qalan və gücünü tədricən itirən proksilərdən biri də husilərdir. Əslində husilər İran üçün çox əhəmiyyət daşıyır. Belə ki, əgər Tehran Hörmüz boğazını bağlayaraq və ya beynəlxalq ticarətə mane olaraq təzyiq mexanizmi yaradırsa, husilər də hər zaman Babül-Məndəb boğazı üçün potensial təhdid hesab olunur. Bu təhdidin aradan qaldırılması isə uzun illərdir gecikir.

Husilərin illərdir məğlub olmamasının bir sıra səbəbləri var. Yəmənin şimalındakı dağlıq ərazilər husilər üçün təbii müdafiə qalası rolunu oynayır. Tarix boyu bu bölgəyə nə xarici imperiyalar, nə də mərkəzi hökumətlər tam nəzarət edə biliblər. Dağlıq relyef tankların, zirehli texnikanın və böyük quru əməliyyatlarının effektivliyini azaldır. Hər kəndi, hər keçidi tanıyan yerli döyüşçülər isə bu üstünlükdən maksimum istifadə edirlər.

Digər mühüm amil onların ideoloji motivasiyasıdır. Husilər sadəcə maaş alan hərbçilərdən ibarət deyil. Onlar özlərini dini və siyasi missiya uğrunda mübarizə aparan hərəkat kimi təqdim edirlər. Belə ideoloji bağlılıq uzunmüddətli müharibələrdə ciddi üstünlük yaradır. Çünki itkilər artsa belə, təşkilatın döyüş iradəsi tamamilə sarsılmır.

Onların təşkilati strukturu da fərqlidir. Husilər bütün qərarların bir mərkəzdən verildiyi klassik ordu modeli ilə hərəkət etmirlər. Komanda heyətinin bir hissəsi sıradan çıxarılsa belə, yerli komandirlər fəaliyyətlərini davam etdirə bilir. Bu isə hava zərbələri ilə təşkilatı tam iflic etməyi çətinləşdirir.

Lakin hazırda vəziyyət dəyişib. Hər şeydən öncə husilərə dəstək verən İran zəifləyir. Hökumət qüvvələri isə həm ABŞ, həm İsrail, həm də Səudiyyə Ərəbistanı🇸🇦 tərəfindən dəstəklənir. Misal üçün, hazırkı əməliyyatlar husilərin Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına hücum etdiyi bir vaxta təsadüf edib. ABŞ və müttəfiqləri İrana qarşı quru əməliyyatlarına başlamasalar da, onun proksilərini məğlub etməkdə qərarlıdırlar.

Hesab edirəm ki, Yəməndə hökumət qüvvələrinə lazımi dəstək veriləcəyi təqdirdə, böyük itkilər bahasına da olsa, husilər məğlub ola bilər. Bu isə uzun müddətdən sonra Yəməndə mərkəzi hakimiyyətin yenidən bərpa olunması deməkdir. Belə olarsa, Yəmən ABŞ-yə ehtimal olunan İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər.

 

Turan Rzayev

Tacxeber.com

Oxşar xəbərlər

1937 geri qayıdır: Damğalar dəyişir, üsullar yox

redaktor

Rusiya-İran yük gəmiləri və neft obyektləri hədəf alındı – Zelenski təsdiqlədi

redaktor

Ukrayna Təhlükəsizlik Xidməti Xəzər dənizindəki hədəflərin məhv edildiyini bildirib

redaktor