Avropa Şurasının yeni hesabatına görə, Azərbaycanda 27 min 673 nəfər həbsxanalarda saxlanılır, 13 min 901 nəfərə isə alternativ cəza tədbirləri tətbiq olunub. Həbsxanalarla probasiya xidmətinin nəzarəti altında olanların ümumi sayı 41 min 574 nəfərdir.
Hesabat Avropa Şurasının 2025-ci il üzrə SPACE II araşdırması əsasında hazırlanıb. Burada probasiya göstəriciləri həbsxanalarla bağlı SPACE I araşdırmasının nəticələri ilə müqayisə edilib.
Probasiya nəzarəti şəxsin həbsxanaya göndərilmədən və ya həbsdən çıxdıqdan sonra cəmiyyətdə müəyyən qaydalara əməl etməklə nəzarətdə saxlanılmasıdır. Bu zaman şəxs müəyyən ünvanda yaşamaq, mütəmadi qeydiyyatdan keçmək, müəyyən yerlərə getməmək, ictimai işlər görmək və ya elektron qolbaq daşımaq kimi öhdəliklər daşıya bilər. Məqsəd həmin şəxsin yenidən cinayət törətməsinin qarşısını almaq və cəmiyyətə uyğunlaşmasına kömək etməkdir.
Azərbaycanda həbs göstəricisi Avropa medianından iki dəfədən çoxdur
2025-ci il yanvarın 31-nə olan məlumata görə, Azərbaycanda hər 100 min nəfərə 270,6 məhbus düşüb. Avropa üzrə orta göstərici deyil, median göstərici isə 110,1 məhbusdur. Bu, o deməkdir ki, Azərbaycandakı həbs göstəricisi Avropa medianından təxminən 2,5 dəfə yüksəkdir.
Probasiya nəzarətində olanların göstəricisi isə hər 100 min nəfərə 136 nəfərdir. Avropa üzrə bu göstəricinin medianı 154 nəfərdir. Yəni, Azərbaycanda probasiyadan istifadə Avropa səviyyəsindən bir qədər aşağıdır.
Azərbaycanda hər 100 məhbusa təxminən 50 probasiya nəzarətində olan şəxs düşür. Başqa sözlə, həbsxanalarda saxlanılanların sayı probasiya nəzarətində olanlardan təxminən iki dəfə çoxdur.
Avropa ölkələrinin əksəriyyətində vəziyyət fərqlidir. Araşdırılan 36 ölkə və ərazinin 28-də probasiya nəzarətində olanların göstəricisi məhbusların göstəricisindən yüksəkdir. Azərbaycan isə həbs göstəricisinin probasiyadan yüksək olduğu səkkiz ölkədən biridir. Digər ölkələr Monteneqro, Yunanıstan, Şimali Makedoniya, İsveçrə, Serbiya, Bolqarıstan və Xorvatiyadır.
Hesabatda Azərbaycan ayrıca kateqoriyaya salınıb. Ölkədə probasiya göstəricisi nisbətən yüksək, həbs göstəricisi isə yüksək hesab edilib. Bu kateqoriyada yalnız Azərbaycan yer alıb.
Həbsxanalar 98,3 faiz doludur
SPACE I hesabatına görə, Azərbaycandakı həbsxanaların ümumi tutumu 28 min 150 yer, məhbusların sayı isə 27 min 673 nəfərdir. Beləliklə, ölkə həbsxanalarının doluluq səviyyəsi 98,3 faizdir.
Avropa Şurası hər 100 yerə 100-dən çox məhbus düşdükdə bunu sıxlıq və ya həddən artıq doluluq kimi qiymətləndirir. Azərbaycan üzrə göstərici 100 faizi keçməsə də, həbsxanalar faktiki olaraq tam doludur. Avropa üzrə hər 100 yerə median hesabla 94,5 məhbus düşür. Azərbaycanın göstəricisi bundan təxminən dörd bənd yüksəkdir.
Hesabatda Azərbaycan həbsxanalarının tutumu hesablanarkən məhbusların gecə vaxtı fərdi kameralarda yerləşdirilməsinin mümkün olmadığı da qeyd edilib. Avropa Şurası xəbərdarlıq edir ki, ölkələr həbsxana tutumunu fərqli üsullarla hesabladığı üçün doluluq göstəricilərini birbaşa müqayisə edərkən ehtiyatlı olmaq lazımdır.
Probasiya nəzarətində olanların sayı artıb
2024-cü illə müqayisədə Azərbaycanda probasiya nəzarətində olanların sayı 7 faiz artıb. Avropa üzrə məlumat verən 32 probasiya xidmətində ümumi artım 2,7 faiz olub.
Hesabat göstərir ki, Avropada həbsdən kənar cəzaların tətbiqi genişlənir. Ancaq müəlliflər bildirirlər ki, bəzi ölkələrdə probasiya həbs cəzasını əvəz etmir. Əksinə, həm həbsdə, həm də probasiya nəzarətində olanların sayı eyni vaxtda yüksək qalır. Bu isə dövlət nəzarəti altında olan insanların ümumi sayını artırır.
Azərbaycanda məhbuslarla probasiya nəzarətində olanların birlikdə sayı hər 100 min nəfərə 406,6 nəfərdir. Bu göstərici Avropa medianı olan 250 nəfərdən xeyli yüksəkdir.
Şərti azadlığa buraxılanlarla bağlı göstərici sıfırdır
Hesabatda Azərbaycanda həbsdən vaxtından əvvəl şərti azad edilərək probasiya nəzarətinə verilən şəxslərin payı 0 faiz göstərilib. Eyni göstərici Ermənistan, Yunanıstan, Monteneqro və San-Marinoda da sıfır olub.
Müqayisə üçün, şərti azad edilənlərin probasiya nəzarətində olanlar arasındakı payı Gürcüstanda 13,4 faiz, İrlandiyada 34,5 faiz, Türkiyədə isə 47 faizdir.
Ölüm göstəricisi probasiya nəzarətində daha yüksəkdir
2024-cü ildə Azərbaycanda hər 10 min probasiya nəzarətində olan şəxsə 71,9 ölüm düşüb. Həbsxanalarda isə hər 10 min məhbusa 63,6 ölüm qeydə alınıb.
Bu fərq yalnız Azərbaycanda müşahidə olunmur. Avropa üzrə probasiya nəzarətində olanların ölüm göstəricisi hər 10 min nəfərə 70,8, məhbuslar arasında isə 39,6 olub.
Hesabat müəllifləri bunu bir neçə səbəblə izah edirlər. Ağır xəstələr bəzən həbsdən azad edilərək probasiya nəzarətinə verilirlər. Həbsdən kənarda qəza və təhlükəli davranış riski də daha yüksək ola bilər. Ancaq probasiya nəzarətində olanların intiharları barədə ölkələr ayrıca məlumat vermədiyi üçün dəqiq səbəbləri müəyyənləşdirmək mümkün olmayıb.
Azərbaycanda məhbusların 3,1 faizi qadınlar, 2,2 faizi isə əcnəbilərdir. Ölkə probasiya nəzarətində olan qadın və əcnəbilərin sayı barədə məlumat təqdim etməyib.
Avropada 2,5 milyondan çox insan nəzarət altındadır
2025-ci ilin əvvəlində Avropada 1 milyon 433 min nəfər probasiya nəzarətində, təxminən 1 milyon 108 min nəfər isə həbsxanalarda olub. Ümumilikdə 2 milyon 540 mindən çox insan həbsxana və ya probasiya xidmətlərinin nəzarəti altında olub.
Probasiya göstəricisi ən yüksək Polşada qeydə alınıb: hər 100 min nəfərə 652 nəfər. Sonrakı yerlərdə Türkiyə – 495, Gürcüstan – 468, Ermənistan – 430 və Albaniya – 387 nəfərlə gəlir.
Ən aşağı göstərici isə Monteneqroda olub – hər 100 min nəfərə 16 nəfər. Yunanıstanda bu rəqəm 21, Şimali Makedoniyada 31 nəfərdir.
Avropa üzrə probasiya nəzarətində olanların 10,7 faizi, məhbusların isə 5,4 faizi qadınlardır. Əcnəbilər probasiya nəzarətində olanların 9,9 faizini, məhbusların isə 17 faizini təşkil edir. (AbzasMedia)
