Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hüquq müdafiəçisi Rüfət Səfərova hökm oxunub.
Məhkəmənin qərarına əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Rüfət Səfərov öncəki məhkəmələrində həbsinin siyasi sifariş olduğunu deyib. O bildirib ki, 2024-cü ildə ABŞ Dövlət Departamentinin təqdim etdiyi hüquq müdafiəçisi mükafatına əsas namizədlərdən biri olduqdan sonra ona qarşı təzyiqlər güclənib. Səfərovun sözlərinə görə, mükafatdan imtina etməsi tələb olunsa da, o bunu qəbul etməyib və hüquq müdafiəsi fəaliyyətini davam etdirəcəyini bəyan edib.
Rüfət Səfərov bundan əvvəl, 2015-ci ildə Zərdab Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışarkən sistemdə işləmək istəmədiyini açıqlayan bəyanat vermiş, daha sonra korrupsiya ittihamı ilə həbs olunmuşdu.
Həmin iş üzrə ona 9 il həbs cəzası verilmişdi. O, 2019-cu ilin mart ayında isə azadlığa buraxılmışdı. (Hamam Times)
