Birinci dünya müharibəsi zamanı zatən bahalıq və qıtlıq hökm sürürdü. 1916-cı ildə kəskin quraqlıq üzündən Mosul bölgəsində aclıq baş verdi. İnsanlar küçə heyvanlarını tutub yeməyə başladılar. Abbud və Xacava da istisna deyildi.
Az sonra heyvanlar qurtardı. Bir gün ər-arvad onlara gələn qoca qonşu qadını öldürdülər, ətindən yemək hazırlayıb bişirdilər. Amma qoca qadının əti xoşlarına gəlmədi, bütün gecəni qusdular və bundan sonra düündülər ki, uşaq əti daha dadlı olar.
Ailənin bir oğlu vardı və onu da öz cinayətkar planlarına qoşdular. Oğlan küçədə gördüyü uşaqlarla ünsiyyət yaradır, onları oynamaq üçün evə dəvət edir, burada valideynləri öldürürdülər.
Dəstənin işi o qədər “uğurlu” gedir ki, özləri yeyib doyurlar, üstəlik kiçik bir yeməkxana açırlar. Burada qurbanlarının ətindən “qaliya” adlı yemək hazırlayıb müştərilərə satırlar. Aclıq dövründə uşaqların evlərindən qaçıb başqa yerlərə getməsi adi hal idi. Buna görə də itən uşaqlar elə də axtarılmır. Abbud və Xacavanın cinayətləri bir ildən çox davam edir.
Bir gün müştərilərdən biri yeməyin içindəki sümüklü ət parçasının uşaq barmağı olmasından şübhələnir və hökumət orqanlarına xəbər verir. Ər və arvad saxlanılır. Evlərində axtarış aparılır və həyətdəki quyudan 100-ə qədər (bəzən 100-dən çox olduğu deyilir) kəllə tapılır. Məhkəmə onları edam cəzasına məhkum edir.
Cinayətkarları eşşək üzərində edam yerinə aparan zaman bir qadın fürsət taparaq Xacavaya hücum edir, onun ayağını dişləyir. Qadını uzaqlaşdıranda qışqırır ki, ər və arvad onun üç uşağını öldürüb.
