Dünyanın ən böyük sərmayə banklarından olan Goldman Sachs-ın hesablamalarına görə Amerikanın texnologiya nəhəngləri 2026-cı ildən 2031-ci ilə qədər süni intellekt sənayesinə ümumilikdə 7,6 trilyon dollar investisiya yatıracaqlar. Müqayisə üçün qeyd etmək istərdim ki, Rusiyanın Ümum Daxili Məhsulu 2025-ci ildə 2.55 trilyon dollar təşkil edib. Yəni, 2031-ci ilə qədər Amerika texnologiya nəhəngləri süni intellektin inkişafına Rusiyanın ÜDM-inin üç qatını xərcləməyi planlaşdırırlar. Hələlik heç kim bu sərmayə qoyuluşunun doğuracağı nəticələri tam təsəvvür etmir. Ancaq süni intellekt haqqında azacıq təsəvvürləri olan hər kəs anlayır ki, dünyanın ABŞ-dan iqtisadi, texnoloji və hərbi asılılığı indiki müqayisədə qorxunc dərəcədə artacaq.
Çin ABŞ-la rəqabətini davam etdirsə də, zamanla bu iki iqtisadi və texnologiya lideri arasında fərq ikincinin xeyrinə artmaqda davam edəcək. Çin süni intelelktə sərmayə qoyuluşunda ABŞ-la rəqabəti uduzduğu kimi, süni intellektin inkişafı üçün ən vacib üç şərtdən biri olan talantların cəlb edilməsində də rəqabəti Birləşmiş Ştatlara və hətta Hindistana da uduzur. Süni intellektə talantların cəlb edilməsində Hindistan yalnız ABŞ-dan geri qalır. Çinin zəif nöqtələrindən biri də yüksək performanslı çiplər və onların istehsalı üçün lazım olan avadanlıqlarla bağlıdır. Çin yüksək performanslı çiplər istehsal edə bilmədiyi kimi, onları istehsal edəcək texnologiyaya da malik deyil. Bütün bunlara baxmayaraq Çin rəqabəti davam etdirməyə çalışır.
Rusiya isə bu rəqabətdə yoxdur və heç bir zaman da olmayacaq. Rusiya dağılmasa belə, qarşıdakı bir neçə on ildə yalnız Ukrayna qarşı cinayətkar müharibədə aldığı yaralarla məşğul olmaq məcburiyyətində qalacaq. Halbuki, XXI əsrin və bəlkə də 3-cü minilliyin taleyini qarşıdakı beş il müəyyən edəcək.
Avropa İttifaqı 21-ci sanksiya paketində Rusiyanın ticarət tərəfdaşlarına məhdudiyyətləri gücləndirsə, bu Rusiyanın Ukraynaya qarşı müharibədə aldığı yaralarını sağaltmasını mümkünsüz edəcək. Əgər, Rusiyanın ticarət tərəfdaşlarına məhdudiyyətlər xanım Kaya Kallasın istədiyi kimi güclü olsa Rusiya sürətlə çökərək dağılacaq.
İran da Rusiya ilə eyni vəziyyətdə, hətta daha acınacaqlı durumdadır. Teokratik rejim davakar ritorikasını davam etdirsə də İran iqtisadiyyatı sürətlə dağılır. Əgər ABŞ İrana qarşı sanksiyaları yaxın həftələrdə yumşaltmasa İslam Respublikasının iqtisadiyyatı tamamilə çökəcək və ölkə xaosa yuvarlanacaq.
Rusiya və İran kimi Türkiyə də çox ciddi təhdidlərlə üz-üzədir. Trampın bir hədəsi ilə maliyyə sabitliyi pozulan Türkiyə 9-cu ildir ki, ağır maliyyə böhranı keçirir. Ərdoğanın “nas” düşgünlüyü, Əkrəm İmmaoğlunun əsassız iddialarla həbsi və Cümhuriyyət Xalq Partiyasına (CHP) qarşı “mutlak butlan” əməliyyatı bu böhranı dərinləşdirərək Türkiyə dövlətinin varlığını təhdid edəcək səviyyə yaxınlaşır. Əgər, lirənin dəyər itirməsi 50 faiz artsa bu kütləvi iflaslara səbəb olacaq. İddialara görə, bir dollar 72 lirəyə qədər yüksəlsə, Türkiyənin maliyyə-bank sistemi çökəcək. Bu qorxunc prespektiv isə çox realdır. Yüksək infilyasiya və yüksək bank faizlərini qarşıdakı beş ildə aşağı salmaq mümkünsüz kimi görünür. Ən azından Ərdoğan iqtidarının bunun öhdəsindən gəlməsi mümkün görünmür. Son üç ildə vəziyyətin daha da ağırlaşması bu qənaəti təsdiq edir.
Rusiya, İran və Türkiyənin ciddi təhdidlərlə üz-üzə qaldığı bir dövrdə XXI əsrin və bəlkə də 3-cü minilliyin taleyi müəyyən olunur. Bu proses qarşıdakı beş ildə başa çatacaq və bəşəriyyət yeni dünya nizamı ilə üzləşəcək.
Yeni dünya nizamı Azərbaycana nə vəd edir?
Bu suala başqa bir yazıda aydınlıq gətirməyə çalışacağam.
