ABŞ Rusiya, İran və Çinlə diplomatik danışıqlar aparmağı bacarmır. ABŞ-ın bu ölkələrlə danışıqlar qrupunun üzvlərinə baxsanız, bir peşəkar diplomat da görməzsiniz. Tramp danışıqlara əsasən biznes ortaqlarını, dostlarını-qohumlarını göndərir. Lakin Baydenin komandasında da diplomatik danışıqlar aparmağı bacaran adam yox idi.
Bəs niyə belədir? Axı əvvəllər ABŞ-ın güclü diplomatları olub.
1991-cı ildə SSRİ dağılandan sonra ABŞ yeganə supergüc oldu, onun sözünün qarşısına söz gətirə bilən ölkə qalmadı. Diplomatiya özündən güclü və ya özünlə bərabərgüclü ölkələrlə danışıqlar aparmaq üçün tələb olunur. 1991-ci ildən sonra ABŞ diplomatiyaya ehtiyac duymurdu. Köhnə peşəkar diplomatlar da 20 ilə qocalıb siyasətdən gedəndən sonra ABŞ elitasında normal diplomat qalmadı, yeni diplomatlar ABŞ-ın dünya hegemonu olduğu şəraitdə yetişmiş və əsl diplomatiyanının nə olduğunu təcrübədə görməmişdilər. Danışıqlarda ABŞ diplomatından yalnız diktat tələb olunurdu: “Bunları etməlisiniz, bunları etməməlisiniz!” – vəssəlam. Kim etiraz etməyə cürət edirdisə, ən yaxşı halda vəzifəsi ilə vidalaşırdı.
Aydındır ki, qarşı tərəfin maraqlarını nəzərə almadan tələblər irəli sürmək üçün böyük səriştə tələb olunmur. Bu səbəbdən də ABŞ diplomatiyası cılızlaşdı, qarşı tərəfin tarixini, milli psixologiyasını, maraqlarını öyrənməyə zərurət qalmadı – ABŞ-ın siyasi elitası diplomlu savadsız, xudbin və burnundan uzağı görməyən eqoistlərlə doldu. ABŞ konqresmenlərinə baxın – bunlar haqlı olaraq ABŞ-ın siyasi elitası sayılırlar. Amma aralarında siyasi savadı olan adamlar iki əlin barmaq sayından da azdır. Tramp administrasiyası isə bu vəziyyətin pikidir.
Hazırda ABŞ-da diktatla danışmağa öyrəşmiş, əks tərəfə qulaq asmağa, onun maraqlarını nəzərə almağa öyrəşməmiş bir diplomatiya nəsli yetişib. ABŞ-la danışıqlarda Rusiya, İran və Çin tərəfinin danışıqlar komandalarına baxırsan – hamısı savadlı və peşəkar adamlardır. Amma ABŞ tərəfdən Rusiya ilə də biznesmen Uitkof-Kuşner cütlüyü danışıqlar aparır, İranla da, Qəzzada da… heç birinin da münaqişə tarixçəsini bilmirlər. Hərdən onlara epizodik olaraq dövlət katibi (ABŞ diplomatiyasının başçısı) Marko Rubionu da qoşurlar. Çinlə 1 ildən çox aparılan danışıqlarda ABŞ tərəfdən diplomatlar iştirak etməyiblər, həmişə danışıqlara maliyyə naziri Skott Bessent başçılıq edib. Si-Tramp görüşündən 1 gün əvvəl sammitin detallarını dəqiqləşdirmək üçün ABŞ-Çin nümayəndələri C.Koreyada görüşmüşdülər. Bu görüşdə Çin tərəfdən XİN rəhbəri Van İ, ABŞ tərəfdən isə… Bessent (?) iştirak etmişdi.
Sanki ABŞ-da Dövlət Departamenti (onların xarici işlər nazirliyi) yoxdur. Çünki reallıqdan uzaqlaşmış Tramp diplomatiyaya ehtiyac duymur. Rus məsəlində deyildiyi kimi “Güc var – ağıla ehtiyac yoxdur” (Sila yest, uma ne nado).
İndi ABŞ onun qarşısında öz sözünü deyə bilən, onun tələblərini qəbul etməyən ölkələrlə üzləşib. Diktatdan başqa “diplomatik” səriştəsi olmayan ABŞ aciz vəziyyətdə qalıb. Lakin hələ də başa düşmür ki, ona yaxşı diplomatlar lazımdır, yoxsa əlində olanları da itirəcək. Əksinə, ABŞ düşünür ki, hərbi cəhətdən daha da güclənməlidir ki, diktat metodu yenə hər şeyi həll etsin.
Təsəvvür edin. Bu adamlar bilirdilər ki, Çin səfərinə onlar zəif tərəf kimi gedirlər. Bunu başa düşmək üçün onların azı 1,5 ay vaxtı olmuşdu. Zəif tərəf belə həlledici görüşə özünün ən güclü diplomatlarını aparmalıdır. Bəs ABŞ kimləri aparmışdı? Bunlar hətta diplomatik görüşləri təşkil etməyi belə unudublar. Buna görə də gülünc vəziyyətdə qalırlar…
Məncə, biz bəşər tarixinin birinci və sonuncu dünya imperiyasının deqradasıyasını müşahidə edirik.
