Artıq 16-17 saatdır Naxçıvan Hava Limanındayam. Yüzlərlə adam gözləyir. Atası infarkt keçirən kim, uşağı xəstələnən kim, müvazinətini itirən kim. Yanımda bir qardaş var, anası vəfat edib, dəfninə gedə bilmir. Səhərdən 11 qutu siqaret çəkib.
Səbəb yox, bəhanə gətirirlər ki, hava şəraitinə görədir. Azal-ın məlumat bürolarında heç kim yoxdur. Bir işçiyə yaxınlaşmışam, mənə nağıl danışır. Təyyarələrimiz köhnədir, uça bilmir.
Azal-ın online sistemi də işləmir. Nə zəngə cavab verirlər, nə mesaja. 3000 adamın 2800-nü inandırıblar ki, yağış yağır deyə, təyyarə uça bilmir. Səs-küy salandan sonra şirkətin bir nümayəndəsini göndəriblər. O da növbəti yalanı danışır, təyyarələrimiz köhnədir. Deyirəm, təzəsini alın. Utanmırsınız, yaşınızdan, başınızdan? Üzünü çevirib, gedir.
Bir hindistanlı qardaş yaxınlaşıb ki, mən tətilə gəlmişəm, necə qayıdım? Dedim, sənə əcəb olur, ölkə tapmadın tətil etməyə? Gülür. Deyir, ilk və son gəlişimdir.
Bu, vətəndaşa olan hörmətsizliyin nümunəsidir. Azərbaycan vətəndaşının nə insan, nə vətəndaş kimi heç bir dəyəri yoxdur. Yazıq insanları şirin-şirin aldadırlar…
