Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Tərtər hadisələri” ilə bağlı Azərbaycandan daxil olan yeni şikayətlər üzrə hökumətlə rəsmi kommunikasiya prosesinə başlayıb. Şikayətlər həmin hadisələr zamanı dövlətə xəyanət və digər ağır ittihamlarla uzunmüddətli həbs cəzası alan, sonradan isə bəraət verilərək azadlığa buraxılan 10 hərbçinin işi ilə bağlıdır.
“Azadlıq Radiosu”nun məlumatına görə, AİHM daxil olan ərizələr əsasında Azərbaycan hökumətinə rəsmi suallar ünvanlayaraq iş üzrə kommunikasiya mərhələsinə keçib.
Şikayətçilər – Müşfiq Əhmədli, Rauf Orucov, Turan İbrahimli, Emin Adilzadə, Nasif Əliyev, Mirpaşa Mehdiyev, Atabəy Rəhimov, Məcid Qasımov, Faiq Əhmədov və Emil Əliyev – Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin, yəni ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu bildirirlər.
Ərizəçilərin iddiasına görə, onlara qarşı dövlətə xəyanət, cinsi zorakılıq və döyüş növbətçiliyi qaydalarını pozma kimi ittihamlar mötəbər sübutlar olmadan irəli sürülüb. Onlar dindirmələr zamanı işgəncəyə məruz qaldıqlarını, özlərinə və digər hərbçilərə qarşı yalan ifadələr verməyə məcbur edildiklərini bildirirlər.
Şikayətçilərin sözlərinə görə, həmin ifadələr əsasında çıxarılan hökmləri sonradan yuxarı instansiya məhkəmələri də qüvvədə saxlayıb.
AİHM Azərbaycan hökumətindən məhkəmə prosesində tərəflərin bərabərliyi prinsipinin qorunub-qorunmadığı, hərbçilərin vəkil seçmək imkanının olub-olmadığı və şahidlərin dindirilməsi hüququnun təmin edilib-edilmədiyi barədə izahat istəyib.
AİHM aprelin 30-da “Tərtər hadisələri” zamanı işgəncə nəticəsində öldüyü bildirilən hərbçilərin ailələrinin şikayətləri üzrə də Azərbaycan hökuməti ilə kommunikasiya prosesinə başlayıb.
Məhkəmə polkovnik Saleh Qafarovun həyat yoldaşı Natəvan Qafarovanın və hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədovanın ərizələri əsasında hökumətə sorğu göndərib.
Şikayətçilər bildirirlər ki, ailə üzvləri “dövlətə xəyanət” ittihamı ilə saxlanıldıqdan sonra işgəncəyə məruz qalıb və nəticədə həyatlarını itiriblər.
Rəsmi məlumata görə, Saleh Qafarov dindirmə zamanı özünü pəncərədən atdıqdan sonra aldığı xəsarətlərdən ölüb. Elçin Quliyevin isə dindirmə zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirdiyi açıqlanıb.
Ailə üzvləri hesab edir ki, hadisələrlə bağlı aparılan istintaq effektiv olmayıb və təqsirləndirilən şəxslərə verilən cəzalar kifayət qədər ağır deyil. Onların fikrincə, təqsirləndirilən şəxslərə “intihar həddinə çatdırma” deyil, “qəsdən adam öldürmə” maddəsi ilə ittiham irəli sürülməli idi.
Natəvan Qafarova ərizəsində həmçinin Konvensiyanın 8-ci maddəsinin – şəxsi və ailə həyatına hörmət hüququnun da pozulduğunu qeyd edib. O bildirib ki, həyat yoldaşının işgəncə altında öldürüldüyünü, ailənin isə uzun müddət onu normal qaydada dəfn etmək və məzarını ziyarət etmək imkanından məhrum edildiyini vurğulayıb.
AİHM hökumətə ünvanladığı sorğuda hərbçilərin işgəncəyə məruz qalıb-qalmadığı, yaşamaq hüququnun pozulub-pozulmadığı və hadisələrin effektiv araşdırılıb-araşdırılmadığı məsələlərinə aydınlıq gətirilməsini istəyib.
Şikayətçilər həm istintaq, həm də məhkəmə mərhələsində bir sıra yüksəkvəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etdiklərini bildirirlər. Onların sırasında keçmiş hərbi prokuror Xanlar Vəliyev, onun keçmiş müavini, hazırda Abşeron rayon prokuroru vəzifəsində çalışan Şəfahət İmranov, müdafiə naziri Zakir Həsənov, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov və sabiq korpus komandiri Hikmət Həsənovun da adı çəkilir.
2017-ci ilin mayında Tərtərdə hərbçilərə qarşı tətbiq olunduğu bildirilən kütləvi işgəncələr nəticəsində 11 nəfər həyatını itirib.
2021-ci ilin dekabrında iş üzrə yenidən istintaq başladıqdan sonra 452 nəfər zərərçəkmiş kimi tanınıb. Onların arasında işgəncələrə məruz qaldığını bildirən şəxslərlə yanaşı, ölən hərbçilərin hüquqi varisləri də var.
“Tərtər işi” ilə bağlı indiyədək üç qrup üzrə ümumilikdə 13 nəfər məhkəmə qarşısına çıxarılıb. Təqsirləndirilən şəxslərə 4 il 10 aydan 13 ilədək həbs cəzası verilib. Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkən tərəf hökmlərdən narazıdır.
Zərərçəkənlər hesab edirlər ki, hadisələrin əsas təşkilatçıları hələ də məsuliyyətə cəlb olunmayıb.
