Avropa Siyasi Birliyinin 4 may 2026-da Yerevanda keçirilən 8-ci sammiti 50 dövlət başçısı, o cümlədən hətta Kanadanın dövlət başçısı qatıldı. Sammitdən sonra isə, bu gün Ermənistanla Avropa İttifaqı arasında ayrıca görüş də keçirildi. Bu Paşinyanın həm xarici, həm də daxili siyasətinin növbəti və böyük uğurudur.
Ermənistan 44 günlük müharibədəki məğlubiyyətdən sonra yavaş-yavaş Azərbaycanı qabaqlamağa başlayır. Əvvəlcə iqtisadi və maliyyə sahələrində, sonra isə xarici siyasətdə irəli keçir.
Siyasi təhlilçi Şahmar Ağabalayev “Ermənistan buna necə nail oldu?” sualıma cavab verərək yazıb:
“Çox sadə – onlar Avropaya inteqrasiyası yolunu seçdilər və əvvəldən onlar sevən, himayə edən Avropa da onlara qucaq açdı”.
Bəs biz?
Biz isə yerimizdə saymırıq, geri gedirik… Azərbaycan isə Avropa Parlamenti ilə bütün əməkdaşlığı dayandırıb, səbəb isə bəyanatın ermənilər və əsir düşmüş separatçıların qaytarılması kimi və b. bəndlər oldu. Bu ərköyün uşaqlıq da deyil, bu gələcəyin real təhlükəsini ya görməmək, ya da görməzdən gəlməkdir.
Avropayla əlaqələri nə qədər çox kəsəcəyksə, münasibət bir o qədər korlanacaq, ünvanımıza bir o qədər sərt bəyanatlar səslənəcək. Bu gün Ermənistan Aİ-nin dostu, müttəfiqi və əziz-xələfi – elə bircə Makronun çıxışına baxın. Avam adamların Makrona lağ eləməsiylə işlər düzələn deyil.
Azərbaycanın isə Brüssellə münasibətləri çoxdan yaxşı deyil. Əvvəllər vəziyyət o qədər də təhlükəli deyildi, çünki Yerevan Rusiyanın müttəfiqi idi. Amma indi vəziyyət tam başqadır – bunu Ş.Ağabalayev yazıb. Dünya dəyişir, biz nəticə çıxarmalı və siyasətimizi dəyişməliyik.
Təəssüf ki, Azərbaycanla müqayisədə Paşinyanın rəhbərlik etdiyi Ermənistanın daha parlaq görünən uğurları bununla bitmir. O, təkcə siyasi və iqtisadi uğur əldə etmir, həm də gələcək həqiqətən güclü Ermənistanın əsasını qoyur. Ermənistan cəmiyyəti, hətta Paşinyana qarşı olan seçici hissəsi belə inkişaf edir, daha doğrusu, inkişafını sürətləndirir, sürət, təcil, səviyyə, keyfiyyət və miqyas artır. Onlarda təhsil, səhiyyə və sosial müdafiəsi bizimkindən daha yaxşı idi, gələcəkdə adıçəkilən və b. sahələr də daha yaxşı olacaq.
Bizə məlum olan çatışmazlıqları, tarixi iddiaları və b. şeyləri Paşinyan aradan qaldırmağa çalışır, çox şeyə nail olub. Bu isə daha ağıllı, daha savadlı, daha sağlam və güclü yeni nəsillər, həm ölkə daxilində, həm də dünyada təhsil alan və sayılan peşəkar mütəxəssislər deməkdir. Ermənilərin ingilis dili bilməsi, eləcə də Qərb qrantları və təqaüdləri geniş imkanlar açır.
Ermənilər Qərbə bizdən daha çox inteqrasiya ediblər, daha çox da edəcəklər. İndiya kimi diasporları vasitəsilə ABŞ və Fransaya kimi qüdrəli dövlətlərə böyük təsir göstəriblər, bundan sonra onlaea da, başqa aparıcı Qərb ölkələrini siyasətinə də daha çox təsir göstərəcəklər.
Bəs biz nə edirik?
Get-gedə geri gedirik. Korrupsiya nəticəsində dağılmış təhsil və səhiyyə sistemi, zəif və aşağı səviyyəli sosial müdafiə, hamının, o cümlədən istedadlı və tanınmış şəxslərin əksəriyyətinin korrupsion düşüncə tərzi. Bu yaxınlarda vəfat etmiş tanınmış bir şəxs oğlunu gömrükdə işə düzəltmişdi. Xərçəng xəstəliyindən əziyyət çəkən Qarabağ qazisi isə özünü və həkimi qumbara ilə partlatdı. Bunlar çox qorxulu faktlardırr, problemlərin yalnız görünən hissəsidir.
Azərbaycan cəmiyyəti əqli, mənəvi və fiziki baxımdan tənəzzül edir – bu açıq-aydıb bir haldır, faktdır. Bir çoxları bunu görmür və ya görmək, yaxud da anlamaq istəmir, amma hər şey göz qabağında…
Hələ 120 il əvvəl Mirzə Cəlil xalqların daha yaxşı gələcək uğrunda böyük yarışa çıxdığı zamanda uğur qazanmaq üçün inkişafın zəruriliyindən yazırdı. Ustad bunu ilk növbədə təhsildə, mövhumat və cəhalətlə mübarizədə görürdü. Bizdə isə indi, XXI əsrin II rübündə hər şey tam əksinə baş verir.
Azərbaycan hakimiyyəti daxil isiyasətdə təhsili və səhiyyəni, fiziki bə mənəvi sağlamlığı, əxlaqı dağıtmaqla, xalqı cəhalətə sürükləyir. Varici siyasətdə demokratik Qərbdən üz döndərib, əlaqələri kəsir və yalnız Trampa, – ABŞ-a yox, məhz Trampa – ümid bağlayıb. Bütün ümidlərimizi vəzifəsində artıq laxlayan bir adama bağlamışıq. Heç laxlamasa belə, bizim neft-qazımıza ehtiyac azaldıqda və Tramp hakimiyyətdən getdikdə nə edəcəyik? Hər şeyi itirmək riski ilə üz-üzəyik…
Neft-qaz ehtiyatlarımız bitdikdən sonra Qərb bizimlə əlaqələri tam kəsə də bilər. Bu bir fəlakət olacaq, çünki iqtisadiyyatı əsasən neft-qaz ehtiyatlarına söykənən, birtərəfli inkişaf etmiş bir dövlət bu ehtiyatlar tükənəndə aclığa və çökməyə məhkumdur.
Bəs 20-30 ildən sonra Paşinyanın yerinə “Böyük Ermənistan” ideyasının “demokratik” tərəfdarı gəlsə nə edəcəyik? Yeni erməni lideri təkcə Rusiyanın deyil, Qərbin də dəstəyi ilə Qarabağı bizdən almaq istəsə nə edəcəyik? Hakimiyyətnümayəndələri Qərbə yaşamağa gedəcəklər, pulları da orada hazır gözləyir.
Bəs biz?
Azərbaycan sanki bu cür bəd ssenarini nəzərə almadan yaşayır, guya belə bir ehtimal yoxdur. Ehtimalı kiçik saymaq olar, amma o var. Halbuki siyasətdə hər şeyi – həm ən yaxşı, həm də ən pis variantları nəzərə almaq və daha çox pis ssenariyə hazır olmaq lazımdır. Əks halda azırımız çox acınacaqlı olacaq…
SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz Tofiq bəyə zülm edənlərə, zülmə dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.
