“İndən sonra heç bir şey əskisi kimi olmayacaqdı…”
Keçən ilin fevral ayında dəhşətli ağrılar başladı sinəmdə. Həbsdə olan həkimlər dedilər ki, mədədir, öd kisəsində problem var. 15-20 gün davam etdi ağrılar. Rəislə danışdım, ağrıları ictimailəşdirdik, Məlahət xanım yazdı, danışdı, Ombudsmana qədər çıxdıq – həkim gəlmədi. Bu minvalla təxminən 45 gün UZİ gözlədik. 45 günün tamamında həkimlər gəldi. Mən o zaman ağrımırdım – ağrılarım kəsmişdi. UZİ həkimi savadlı adam idi – Orxan. Baxdılar və dedilər ki, bir şey yoxdur. Dərmanlar yazıb getdilər. 2-3 gün keçmədi ki, məni rəisin yanına çağırdılar ki, gedirsən Sentrala – Penitensiar Xidmətin Müəlicə Müəssisəsinə. “Getmirəm” dedim. Aləm dəydi bir-birinə – nə rəisə inanmırdım, nə də “Sentral”a getmək istəmirdim. Məlum oldu ki, Fikrət Qafarovun özü gəlib. Görüşdük və mənə dedi ki, “səhhətində ciddi problemlər ola bilər, getməlisən.” Duruxdum və… getdim. Müayinələr başladı…
Martın 6-da Milli Onkoloji Mərkəzə apardılar. Nəticələrdən bir şey çıxmadı. Martın 13-də ikinci dəfə apardılar – yenə nəticə olmadı. Həkimlər çaşıb qalmışdılar. “Heç nə yox idi, amma nəsə vardı” – qənaət bu idi. Sonra 3-cü dəfə nəticələri analiz etdilər. Yenə “bir şey yoxdur” dedilər və 4-cü dəfə… Bu dəfə göstəriş lap yuxarıdan idi və “nə edirsinizsə edin, Əvəz Zeynallıda hansı xəstəlik var, müəyyən edin!” əmri gəlmişdi. Mənə bir çox şey dedilər və araya Novruz bayramının uzun və yorucu istirahət günləri girdi. Aprelin 5-nə kimi…
Aprelin 7-də məni həkimin yanına çağırdılar: “Respublikanın baş onkoloqu gəlib!” Dalağım sancdı – baş onkoloqla mənim nə işim var?! Otağa daxil olanda qaraqabaq, sakit, dinməz xarakter bağışlayan gənc bir adam gördüm – Baş onkoloqmuş. Qısa və ömrümün ən ağır söhbətini etdik.
– Əvəz müəllim, yoğun bağırsağınızda yara ocağı var. Qara ciyərinizdə də müxtəlif yara ocaqları var… – qoymadım tamamlamağa.
– Həkim, mən illərdir ölümlə cəbəlləşən adamam. Bağırsaqdakı yara ocağı şişdir?
– Bəli.
– Bədxassəli şişdir?
– Bəli.
– Yəni xərçəngdir bu, eləmi?
– Elədir, Əvəz müəllim.
– Qara ciyərdəki yara ocaqları da metastazdır, eləmi, həkim? – həkim də donub qalmışdı.
– Elədir, Əvəz müəllim.
Bu qısa söhbətin nəticəsində hiss etdim ki, sırılsıklam suyun içindəyəm. 2-3 dəqiqəlik söhbət bütün ömrümün seyrini dəyişdirmişdi. İndən sonra heç bir şey əskisi kimi olmayacaqdı. Bilirdim, məndə nəsə olduğunu, ancaq 4-cü mərhələ xərçəngi bilməzdim…
Aprelin 7-dən 12-nə kimi kimsəyə heç nə demədim. Müəssisə rəhbərliyi xəbər tutmuşdu deyəsən. Mənə xüsusi münasibət göstərilirdi. Əvvəlcə düşündüm ki, cəmiyyətə heç nə deməyim… Sonra düşündüm ki, yox, ictimaiyyəti mütləq məlumatlandırmaq lazımdır…
Aprelin 12-də Anam, bacılarım və Məlahətim yanıma gəlmişdilər. Taleyimin ən ağır hadisəsini dedim. Ağlaşdılar, müzakirə etdilər və… qərara gəldik ki, ictimaiyyətə – Millətə və Xalqa məlumat verək. Məlahətim elə həmin gün xəstəliyimi ictimailəşdirdi…
Millət, Xalq – geniş ictimayyət ayağa qalxdı. Elliklə müdafiə kampaniyası başladı. Həm müxalifət, həm də iqtidar cəbhəsi eyni reaksiyanı göstərdi və… aprelin 25-də Nizami Rayon Məhkəməsi məni xəstəliyimə görə azadlığa buraxdı. Bu, gerçək bir tarix oldu. Gerçək bir tarix yaşadıq…
Budur, 1 ildir azadlıqdayam. Ömrüm daha az olmalı idi, ancaq bu böyük və şərəfli Millət əlini kürəyimə qoydu. Millətin əlini qoyduğu kürək isə yerə gəlməz. Gəlmir…
Əməyi olan hər kəsə təşəkkür edirəm… Həbsdə olan günahsız, siyasi və vicdan məhbuslarına azadlıq tələb edirəm! Bizim yaşamağımızın, bir az çox yaşamağımızın bu Dövlətə nə ziyanı var ki?!