CəmiyyətHadisə

İsmayıllıda İcra başçısı qanunsuz işlərə başçılıq edir

Son illər ərzində ölkədə əsaslı inkişafın və dayanıqlı vətəndaş məmnunluğunun arzuolunan səviyyədə təmin olunmamasının əsas səbəblərindən biri kimi məmur özbaşınalığı və regionlarda icra hakimiyyəti başçısı təyin olunan kadrların şəxsi maraqlarının girovuna çevrilməsi göstərilir.

Bəli, söhbət məhz həmin icra başçılarından gedir ki, rəhbərlik etdikləri rayonlarda idarəçilikdən çox şəxsi qazanc əldə etməyə üstünlük verir, necə deyərlər “qaz vurub, qazan doldurmaqla” məşğul olurlar.

Bu dırnaqarası “padşahlar” ətraflarına mənfi imicə malik, keçmişi qaranlıq, hətta ən yaxın çevrələrində belə nüfuz qazanmayan şəxsləri müxtəlif vəzifələrə gətirərək öz çirkin əməllərini davam etdirirlər. İllik hesabat iclaslarında isə bazar təfəkkürlü məmurların təqdim etdiyi rəqəmlər statistikaya uyğunlaşdırılaraq mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də Prezident İlham Əliyevin aldadılmasına zəmin yaradır.

Prezidentin müxtəlif çıxışlarında da qeyd olunduğu kimi, bəzi hallarda rayonlar barədə “hər şey qaydasındadır” məruzələri təqdim edilsə də, sonradan həmin ərazilərdə ciddi problemlərin mövcud olduğu üzə çıxır.

Bu yazıda bəhs olunan rayon isə bir neçə il əvvəl baş verən hadisələrlə gündəmə gəlmiş İsmayıllı rayonudur. İddialara görə, rayonda məmurlar, o cümlədən icra hakimiyyətinin başçısı Nahid Bağırov açıq şəkildə qeyri-rəsmi fəaliyyətlə məşğul olur, qanunların tətbiqi isə selektiv xarakter daşıyır. Qanun-qayda, əsasən, imkansız və aztəminatlı vətəndaşlara qarşı sərt şəkildə tətbiq olunur.

Bildirilir ki, dövlət qurumları bəzi hallarda əhalidən müxtəlif yollarla vəsait toplamaqla məşğul olur və bu qanunsuzluqları ört-basdır etməyə nail olurlar. Nahid Bağırovun yeni vəzifəyə təyin olunduğu dövrdə etdiyi bəzi addımlara görə töhmət aldığı qeyd edilsə də, onun fəaliyyətində dəyişiklik olmadığı iddia edilir.

Xüsusilə kadr təyinatları ilə bağlı narazılıqlar diqqət çəkir. Belə ki, keçmiş hərbçi Əlişir Süleymanovun şəhər icra nümayəndəsi vəzifəsinə təyin olunması ciddi suallar doğurub. İddialara görə, o, daha əvvəl hərbi xidmətdə olarkən qanunsuz əməllərə görə işdən uzaqlaşdırılıb və ehtiyata buraxılıb. Buna baxmayaraq, belə bir şəxsin mühüm vəzifəyə gətirilməsi düzgün qiymətləndirilməyib.

Əlişir Süleymanovun vəzifədə olduğu müddətdə rüşvət mexanizmlərinə cəlb olunduğu, müxtəlif obyekt sahiblərindən vəsait topladığı və bu vəsaitlərin yuxarı instansiyalara ötürüldüyü iddia edilir.

Məsələlərdən biri də rayonda fəaliyyət göstərən “Aysu” şadlıq sarayı ilə bağlıdır. İddialara görə, sahibkar tərəfindən inşa edilən bu obyekt üçün 50 min manat məbləğində vəsait tələb olunub və obyektin tikintisi geniş ərazidə həyata keçirilib. Hazırda fəaliyyət göstərən bu obyektin sənədlərinin tamlığı isə sual altındadır.

Qeyd olunur ki, belə iri tikinti layihəsinin həyata keçirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN Tikintidə Təhlükəsizlik Agentliyi və FHN Baş Yanğından Mühafizə İdarəsi kimi qurumların icazəsi tələb olunur. Lakin iddialara əsasən, bu icazələr olmadan tikinti aparılıb.

Digər tərəfdən, rayonda sadə vətəndaşların kiçik tikinti işləri belə ciddi nəzarət altına alınır, müxtəlif dövlət qurumlarının nümayəndələri dərhal müdaxilə edir. Bu isə qanunların tətbiqində ikili standartların mövcudluğu ilə bağlı narahatlıqları artırır.

Bildirildiyinə görə, Əlişir Süleymanov həbs olunduqdan sonra müəyyən məbləğdə vəsaitin geri qaytarılması halları da baş verib ki, bu da əlavə suallar doğurur.

Sonda qeyd olunur ki, “Aysu” şadlıq sarayının sənədləri ciddi şəkildə araşdırılmalı, səsləndirilən iddialar hüquqi müstəvidə yoxlanılmalıdır. Əgər bu iddialar təsdiqini taparsa, məsul şəxslər, o cümlədən icra hakimiyyəti başçısı Nahid Bağırov qanun qarşısında cavab verməlidir.

Eyni zamanda, rayonda keçirilən görüşlərin formal xarakter daşıdığı, problemlərin isə əsasən kağız üzərində həll olunduğu iddia edilir. Bildirilir ki, bəzi hallarda müxtəlif şəxslər vasitəsilə müraciətlər təşkil olunaraq müəyyən şəxslərin məsuliyyətdən yayındırılmasına cəhd göstərilir. Bu isə ümumi mənzərədə daha ciddi problemlərin mövcudluğundan xəbər verir.

 

İctimai fəal: Avtandil Məmmədov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yarım milyonluq ofis qalmaqalı: “AMAY” rəhbərliyi məğlub oldu

admin

Şablon ittiham aktı – texniki səhvə DİQQƏT

admin

“Qubad qorxaqdır, suyu üfürə-üfürə içir…” – Novella Cəfəroğlu

redaktor