CəmiyyətQalmaqalŞikayət

Apellyasiya Məhkəməsi Azər Qasımlının bəzi vəsatətlərini təmin etməyib

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə baxış iclası keçirilib.

Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatətlər veriblər.

Vəkil Rövşanə Rəhimli müvəkkilinin vəkillərin yanında əyləşməsinə icazə verilməsi üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

Vəkil həm də prosesin məhkəmə istintaqı davam etdirilməklə aparılması barədə vəsatət verib. O, istintaq dövründə müdafiə tərəfinin araşdırılmasını tələb etdiyi sübutlara məhkəmənin qiymət verməsini istəyib.

R.Rəhimli daha sonra A.Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanın məhkəmədə dindirilməsi haqqında vəsatət verib. O bildirib ki, siyasətçiyə qarşı ittihamın tam ifşa olunmasına məhz F.Yusifova kömək edə bilər.

F.Yusifovanın dindirilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsi qərar versə də, polis onun tapılmadığını iddia etmişdi. Müdafiə tərəfi onun dindirilməsinin vacibliyini belə əsaslandırırdı ki, Q.Yusifov istintaqa ifadəsində A.Qasımlının onun ailəsini dağıtdığını iddia edib və buna F.Yusifova aydınlıq gətirə bilər.

Məhkəmə bu vəsatətləri təmin etməyib.

A.Qasımlı martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il həbs cəzası alıb.

A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib.

O, ittihamı rədd edir və hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirirdi.

Cinayət işində iddia olunur ki, A.Qasımlı ona borcu olan Qurbanəli Yusifov adlı şəxsdən borcunu almaq üçün onu oğlunu qaçırmaq və atasını öldürməklə hədələyib.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.

“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, – o bildirib.

S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Q.Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəliblər və Q.Yusifov bununla bağlı qəbz də imzalayıb.

Lakin sonradan Q.Yusifov ölkəni tərk edib və A.Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi A.Qasımlının xeyrinə qərar çıxarıb. (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İcra başçısının oğlu dövlət qurumuna qarşı: Nə baş verib?

admin

Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?

admin

Taksilərdə POS-terminallar NİYƏ YOXDUR? – AYNA işə qarışacaq

admin